Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib

Mehriban Əliyeva Fotonun müəllifi Dan Mullan

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq sərəncamı çərşənbə axşamı imzalayıb.

Azərbaycanda vitse-prezidentlik postları ötən il Konstitusiyaya dəyişiklər və əlavələr edilməsi məqsədilə keçirilən referendumdan sonra yaradılıb.

Yenilənmiş Konstitusiyaya əsasən, Birinci Vitse-prezident və digər vitse-prezidentlərin təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılaşdırmalı deyil.

Müxalifət yeni təyinatı Azərbaycanda "Əliyevlər ailəsinin hakimiyyətini gücləndirmək" cəhdi kimi qiymətləndirib.

Prezidentin Mətubat katibi Azər Qasımlı BBC Azərbaycancaya müxalifətin tənqidlərini şərh etməkdən imtina edib və "prezident sərəncam verib, təyin olunub", deyə bildirib.

Ötən il Konstitusiyaya dəyişikləri tənqid edənlər, onların Birinci Ledini Birinci Vitse-Prezident vəzifəsinə gətirmək məqsədilə yaradıldığını söyləsə də, hakim partiya o zaman bunları "şaiyə" adlandırmışdı.

"...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır", - bu sözləri İlham Əliyev çərşənbə axşamı günü Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanı yeni postunda təqdim edərkən deyib.

Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. UNESCO-nun Xoşməramlı səfiri olan xanım Əliyeva Heydər Əliyev Fondunun prezidentidir.

O, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə parlament seçkilərində 14 saylı Xəzər ikinci seçki dairəsindən millət vəkili seçilib.

Bu barədə daha geniş