Mehriban Əliyevanın təyinatı "ailə idarəsinin rəsmiləşdirilməsidir"

Fotonun müəllifi mehriban-aliyeva.az

Tənqidçilər hesab edirlər ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Birinci Vitse-prezident təyin olunması ölkədə ailə idarəsinin rəsmiləşdirilməsidir.

Prezident ailəsinə aid olduğu iddia edilən bizneslərlə bağlı araşdırma aparan jurnalist Xədicə İsmayılova deyir ki, hökumət bu təyinatın etiraz doğuracağını bilərək öncədən həbslər həyata keçirmişdi.

"Mehriban Əliyevanın təyinatından oncəki həbslər dalğası göstərir ki, hökumətin özü də bu addımın absurdluğunu anlayır".

"Görunur ki, prezident bu təyinata olacaq etirazları göz önünə alaraq əvvəlcədən qorxu yaymağı planlaşdırıb, - Xədicə İsmaylova BBC Azərbaycancaya deyib. - Bu, ölkənin bir ailə tərəfindən idarə olunmasının rəsmiləşdirilməsidir. Situasiya absurddur. Məntiqli şərhlər verməyə utanırıq".

Xadicə İsmaylova son günlər xaricdə olan fəalların ailə üzvlərinin "təhdid edildiyini və polisə aparıldığını" qeyd edib.

Müsavat partiyasının başqanı Arif Hacılı Mehriban Əliyevanın təyinatının gözlənilən addım olduğunu deyir.

Onun sözlərinə görə, ötən il keçirilən referendumdan sonra birinci vitse-prezident təyin olunacaq adamlar haqqında verilən proqnozlar içərisində belə bir təyinatın olacağı barədə proqnozlar üstünlük təşkil edirdi.

"Təyinat ailə hakimiyyətinin mövcudluğunun etirafıdır və eyni zamanda Azərbaycan cəmiyyətinə qarşı hörmətsizliyin, saymamazlığın təzahürüdür".

Bu arada Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi müxalifətin səsləndirdiyi tənqid barədə suala qısa cavab verib.

"Prezident sərəncam verib, təyin olunub", - Azər Qasımov BBC Azərbaycancaya deyib və müxalifətin tənqidinə reaksiya bildirməkdən imtina edib.

AXCP partiyasının lideri hökumətin addımını tənqid edərək bildirir ki, hakimiyyət iqtisadi və sosial problemlər əvəzinə hakimiyyəti ötürmək barədə düşünür.

"Bir il ərzində 500 nəfər bu ölkədə intihar edir, ama ölkə hökuməti, dövlət başçısı nə ilə məşğuldu, öz həyat yoldaşını birinci vitse-prezident təyin etmək, sonra da istədiyi zaman hakimiyyəti ona ötürməkdən ötrü konstitusiyanı təhrif etmək, saxta referendum vasitəsilə onun mətnini dəyişmək", - Əli Kərimlinin Facebook səhifəsində paylaşdığı bəyanatda deyilir.

"Ərə get - vəzifə qazan"

Bəs görəsən Mehriban Əliyevanın yüksək postu cəmiyyətdə qadınların rolunun tanınması kimi dəyərləndirilə bilərmi?

Xədicə İsmaylovaya hesab edir ki, ölkədəki həbslərdən sonra təyinatı qadınların hakimiyyətdə rolunun artırılmasını göstərən hal kimi dəyərləndirmək olmaz.

"Belə dəyərləndirmək olmaz, çünki bu qadınlara yox, ailə üzvlərinə səlahiyyət verməkdir. Qadınlar öz haqlarını özləri qazanmalıdır. Haqlar, dayısı, sevgilisi və yaxud da əri hesabına qazanılmamalıdır", - jurnalist bildirir.

"Bu, Azərbaycan qadınları üçün pis nümunədir: ərə get vəzifə qazan deməkdir", o deyir.

Mehriban Əliyevanın təyinatlı ilə bağlı sərəncam prezidentin rəsmi səhfəsində çərşənbə axşamı günü dərc olunub və İlham Əliyev onu yeni vəzifədə Təhlükəsizklik Şurasının üzvlərinə təqdim edib.

Birinci vitse-prezident və vitse-prezidentlər postları Konstitusiyaya əlavələr üzrə ötən il keçirilən referendumdan sonra təsis edilib. Əsas qanuna əsasən onların təyinatı və vəzifədən azad edilməsi səlahiyyəti dövlət başçısına məxsusdur və prezident təyinatı razılaşdırmalı deyil.

Mehriban Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

O, 2005, 2010 və 2015-ci illərdə parlament seçkilərində 14 saylı Xəzər ikinci seçki dairəsindən millət vəkili seçilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş