Mətbuat icmalı: Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilib ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır.

"Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər.

Bununla əlaqədar səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız Səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır", deyə müraciətdə qeyd edilir.

"Azadlıq": Orduxan Teymurxanın qohumlarına 30 sutka həbs cəzası verilib

Qəzet yazır ki, Hollandiyada yaşayan azərbaycanlı bloqqer, İlham Əliyevi tənqid edən Orduxan Teymurxanın bacılarının, bacısı qızlarının, hətta ailədəki iki yaşlı uşağın da "zorla polis idarəsinə aparılıb uzun müddət orada saxlanılması rəzalətindən sonra daha bir qanunsuz addım atılıb".

Bloqqerin qardaşı Xanlar Teymurxana və bacısı oğlu Sabuhi Zeynalova 30 sutka inzibati həbs cəzası verilib.

"Tənqidçi bloqqerin yaxınları da siyasi sifarişlə həbs olunan bir çox fəallar kimi, "polisə müqavimət göstərməkdə" ittiham olunur," qəzet yazır.

"Azadlıq": REAL-çı bloqqerə 30 sutka həbs

"Fevralın 20-də REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloqqer Rahim Şaliyev saxlanılıb. Sumqayıt məhkəməsinin qərarı ilə Şalıyevə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verirldiyi bildirilir.

Məlumatı Meydan TV-yə jurnalist Elkin Xəlil verib," qəzet yazır.

Əlaqəli mövzular