Dövrümüzün gəncliyinə bənzətmə

Nərmin Kamal Fotonun müəllifi Nərmin Kamal

Bugünlərdə kömək edərək bir yeniyetmə qızın gödəkçəsini asılqandan asanda geyimin astar tərəfində nəsə bir söz gördüm: "Trafaluc".

Maraqlandım, yeni şəhər jarqonlarındandır bu söz. Onu geyim istehsalçıları yaradıb, mənası "Mən bu dəqiqə bu dükandan bunu almaq istəyirəm" deməkdir.

Bu dünyadakı hər bir əşya, hər bir söz başqa, daha böyük məsələləri anlamaq üçün metaforadır.

Küçədə gördüyümüz adi ağacdan elm adamları yaranışı, insanlığı izah etmək üçün istifadə edirlər, misal üçün, deyirlər ki, bütün sosial sistemlər kimi patriarxiyanı da dəyişdirmək çətindir, çünki onun kökləri ağac kimi dərinlərdədir.

Yaxud masanın üstündə gördüyümüz pərgar bir ayağı bir nöqtəyə dirənən, o biri ayağıyla çevrə vuraraq dünyanı dolaşan insan şüuruna metaforadır; elə sufi səmavi rəqsləri də pərgar metarforasına əsaslanır.

İstəməzdim içində "Trafaluc" yazılan pal-paltar dövrümüzün gəncliyinə metafora olsun…

Buruna görə intihar cəhdi

Geridə qoyduğumuz həftə Azərbaycan mətbuatında şimşək kimi bir qeyri-siyasi xəbər parlayıb keçdi. Xalq arasından bir xəbər.

Bakıda dəniz kənarındakı bir restoranın işçiləri görüblər ki, budur, 18-20 yaşlarında qız fevralın soyuğunda pal-paltarlı halda getdi girdi dənizə, yox oldu.

Çağırıblar, qız çıxıb, başlayıb ağlamağa, deyib ki, özümü öldürmək istəyirəm. Niyə? Çünki burnumu iki dəfə əməliyyat etdirmişəm, ürəyim istəyən kimi alınmayıb, daha dünya mənə gərək deyil.

Bu, birnəfərlik hadisə deyil, ictimai yükü var bu hadisənin. Siz də diqqət etmisinizmi, insanlar özlərini xarici görünüşlərinin başqalarının beynində olan əksindən çox asılı saxlayırlar, özlərini başqalarının özləri haqda fikriylə eyniləşdirirlər.

"Mən özüm kiməm, necəyəm" sualı haqda düşünəndə onların gözünün qarşısına qulaqları gəlir, burunları gəlir.

Bir gəncin burnuna görə özünü öldürmək istəməsi, inansanız da, inanmasanız da, onun, - dövrümüzün bir gəncinin gözlərini açaraq gördüyü vəziyyətə verdiyi reaksiyadır.

Bu gənc gözünü açıb görüb ki, ailədə, cəmiyyətdə insanlar dəhşətli dərəcədə tez-tez bir-birlərinin xarici görünüşlərinə şərh verirlər.

Küçədən keçən tanımadıqları adama da biganə qalmırlar, orası pisdir, burası əyridir, hələ onun ayaqqabısına bax…

Evlərinə bir qız uşağı qonaq gəlsə, başlayırlar təsnifata, ağ qızdır, qara qızdır… Bu mühitdə öz fərqliliyini, şəxsiyyətini qorumaq üçün gərək güclü insan olasan.

Hələ özlərinə Avropanın da, Şərqin də bir hissəsi deyirlər.

İnsanlar haqda onların xarici görünüşləri əsasında fikir yürütmək, hələ uca səslə şərh vermək Avropa düşüncəsində vəhşilikdən başqa bir şey deyil.

Şərq müdrikliyində isə insan səmavidir, ruhdur. Bəli, gözəllik də, çirkinlik də var, amma insanı qulaq, burun, baş deyib elliklə müzakirə etməyin özü çirkinlikdir.

Dənizə girən zavallı qızcığazın problemi şəxsi deyil, o, sizin onu məruz qoyduğunuz vəziyyətə məruz qalıb.

1995-ci ildən sonra doğulanlar

Fotonun müəllifi Oleg Nikishin/ Getty

Yəqin ki, belə sözləri çox eşitmisiniz: 60-cılar, 70-cilər, 90-cılar, 2000-cilər.

İnsanlar bir-birlərindən nə qədər fərqlənsələr də, həyatlarının ən gur illərində öz çağdaşlarıyla bir sıra ortaq cəhətlərə malik olurlar.

Özlərindən əvvəlki nəsillərdə olmayan həmin unikal cəhətlər, maraqlar, dəyərlər, davranışlar toplanaraq, mədəniyyətin, tarixin gedişinə ayrıca bir insanın edə bilməyəcəyi qədər təsir göstərir.

Qərb ölkələrində bu nəsillərə bir qrup kimi baxırlar, onlara "İtirilmiş nəsil", "Böyüklər nəsli", "Sakit nəsil", "Baby Boomers", "Generation J", "Generation X" və s. kimi adlar veriblər.

Mədəni, sosial, iqtisadi, siyasi həyat bənzər yaşlarda olan insanlara eyni cür təsir edir, onlar bir dövrün hadisələrini eyni cür yaşayır, eyni cür anlayırlar, buna nəsil şüuru deyilir.

Bakı küçələrində gəzdiyim zaman 1995-ci ildən sonra doğulmuş yeni nəsli çox müşahidə edirəm, onların ortaq xüsusiyyətlərini görməyə çalışıram.

Onların özlərindən yüz il əvvəlki nəsildən nə qədər üstünlükləri var! Bu üstünlüyü onlara özlərindən əvvəlki nəsillərin təcrübələri verməkdədir.

Bu gün 20 yaşı olan bir gənc özü və imkanları haqqında tarixi müdrikliklə, əvvəlki 20 yaşlılarla müqayisədə fikirləşsə, özünü çox qüdrətli, lap "super insan" kimi hiss edər.

Həqiqətən də, babalar ataları, atalar oğulları dünyaya gətirərək, bəşəriyyət odu-alovu bir-birinə ötürərək gəlib bu nöqtəyə - indiki gəncliyə yetişib.

Bu gənclik İnsanın hələlik ən son simasıdır. Qarşısında dünyanın bütün imkanları var. İstəməzdim içində "Trafaluc" yazılan pal-paltar dövrümüzün gəncliyinə metafora olsun.

Qoy onlara Kürdəxanı həbsxanasını da metafora etməyək. Onlara "Alfa gəncliyi" deyək, necə ki, Qərb ədəbiyyatında gözlənilən yeni nəsli dünyanın qədim əlifbasının birinci hərfinin adıyla adlandırırlar.

Bu barədə daha geniş