Mətbuat icmalı: Ramil Usubov oğluna "yüksək vəzifə verdi"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Ramil Usubov böyük oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri Ramil Usubovun əmri ilə nazirin böyük oğlu Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.

"Bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib", - deyə qəzet yazır.

"Azərbaycan": Novruz Məmmədov: Mehriban Əliyeva milli maraqların qorunması və təbliğində çox böyük işlər görür

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, ötən il referendumdan sonra Azərbaycanda birinci vitse-prezident vəzifəsi yaradılacağı məlum olanda, demək olar, Azərbaycanda hamı həmin vəzifədə Mehriban Əliyevanı görürdü.

"Bu, Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzun göstəricisidir. Bu gün həm ölkə daxilində, həm də xaricdə Mehriban Əliyevanın Azərbaycan dövlətçiliyinin, milli maraqların qorunmasında və təbliğində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq", - Novruz Məmmədov deyib.

Fotonun müəllifi MEHRİBAN-ALİYEVA.AZ
Image caption Mehriban Əliyeva Birinci Vitse-prezident vəzifəsinə fevralın 21-də təyin olunub.

"Azadlıq": "Amnesty International": "Ölkənin hər yerində siyasi fəallar dindirməyə çağırılır, həbs edilir"

"Amnesty International" beynəlxalq insan haqları təşkilatının fevralın 22-də açıqladığı hesabatda deyilir ki, "Siyasətçilərin zəhərli və insanı alçaldan tərzləri parçalanmış, təhlükəli dünyanın yaranmasıyla nəticələnib".

Hesabatın Azərbaycan haqda bölməsində də xoş sözlər yazılmayıb.

"Hər şeydən öncə Tacikistan və Türkmənistan kimi, Azərbaycanda da konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı vurğulanır.

Üstəlik, Azərbaycanda müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qaldığı, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olduğu, beynəlxalq qurumların müşahidəçilərinin isə ölkəyə buraxılmadığı qeyd edilir.

...Hesabat müəllifləri manatın devalvasiyasına etiraz edənlərin ölkənin müxtəlif yerlərində dinc aksiyalar keçirdiyini, ancaq polisin və təhlükəsizlik qüvvələrinin bu etirazları güclə boğduğunu vurğulayırlar. «Ölkənin hər yerində siyasi fəalları dindirməyə çağırıb, ya da aksiyaları təşkil etməkdə günahlandıraraq tutublar», - sənəddə oxuyuruq.

"Amnesty International" Azərbaycanın hüquq-mühafizə orqanlarında tutulanlarla sərt rəftar edildiyini, çox adamın işgəncələrə məruz qaldığını da qeyd edir. Nardaran hadisələri zamanı tutulanların, eləcə də «heykəl məhbusları»nın başına gələnləri sadalayır..." deyə yazıda qeyd edilir.

"Azadlıq": "Azadlıq" qəzetinin köşə yazarı dindirilib

Fevralın 22-də "Azadlıq" qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Şahvələd Çobanoğlunun sözlərinə görə, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.

Ümumiyyətlə, fevralın 18-i və 20-də "Azadlıq" qəzetinin 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

"Azadlıq": Ötən il Azərbaycanda 176 qadın intihar edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib ki, 2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib.

Onun sözlərinə görə, ümumilikdə ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb. Bu cinayətlərin 821-i qadınlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib.

Komitə rəsmisi həmçinin bildirib ki, ötən il qadınları fahişəliyə cəlb etmə ilə bağlı 39 fakt qeyd alınıb.

"R. Süleymanzadənin sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub", - xəbərdə deyilir.

Əlaqəli mövzular