Amnesty İnternational: Azərbaycanda azı 14 "vicdan məhbusu" həbsdədir

bakı Fotonun müəllifi Emil Qaziyev
Image caption Rəsmi Bakı bəyanatlarında işgəncə halları barədə iddiaları rədd edir, medianın azad olduğunu və "vicdan məhbus"larının olmadığını bildirir

Azərbaycanda bəzi "vicdan məhbusları" azad edilsələr də, azı 14 nəfər həbsxanada qalıb, Amnesty International insan haqları təşkilatının illik hesabatında bildirir.

"Əvvəlki illərdə fəaliyyətini dayandırmaq məcburiyyətində olan bir sıra insan haqları təşkilatları bu il fəaliyyətlərini bərpa edə bilməyib. Müstəqil jurnalistlər və fəallara qarşı repressiyalar davam edib. Beynəlxalq insan haqları müşahidəçilərinin Azərbaycana girişinə qadağa qoyulub. İşgəncə və pis rəftar, hökumət təndiqçilərinin həbsləri barədə geniş məlumatlar var," hesabatda deyilir.

Azərbaycan höküməti hesabatda deyilən işgəncə halları barədə məlumatları bundan əvvəlki şərhlərində inkar edib, medianın azad olduğunu və ölkədə "vicdan məhbusları"nın olmadığını qeyd edib.

"Vicdan məhbusları"

Sənəddə deyilir ki, hökumətin tənqidçiləri həbsdə olaraq qalır. Hərçənd ki ilin əvvəlində bir neçə tanınmış məhbuslar azad edilib.

"Onların arasında azı 12 nəfər "vicdan məhbusu" idi. Azad edilənlərin heç biri cinayət məsuliyyətindən bəraət almayıb", təşkilat qeyd edir.

Təşkilat, azad edilənlər arasında jurnalist Xədicə İsmayılova və hüquq müdafiəçisi İntiqam Əliyevin olduğunu, lakin onların xaricə getməsinə və öz işlərini səmərəli şəkildə davam etdirməsinə qadağa qoyulduğunu bildirib.

"2014-2015-ci illərdə QHT-lərə qarşı açılan cinayət işləri bu il də açıq olaraq qalıb."

Sənəddə mayın 10-da gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun saxlanılması, ReAl hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Avropa İnsan Haqları Məhkəməsinin qərarı olsa da həbsdə qalması da yer alıb.

"İlin sonunda azı 14 vicdan məhbusu həbsdə qalıb. Yerli insan haqları fəalları 100-dən çox şəxsin siyasi motivli ittihamlarla həbsdə olduğunu bildirir," sənəddə deyilir.

İfadə azadlığı

"Bütün əsas kütləvi informasiya vasitələri dövlət nəzarəti altındadır. Müstəqil agentliklərə kənardan təzyiqlər və müstəqil jurnalistlərin qorxudulması, təqibi və onlara qarşı fiziki zorakılıq davam edir."

Sənəddə deyilir ki, Meydan TV və onunla əməkdaşlıq etmiş 15 jurnalist barəsində cinayət işi açılıb, Azərbaycanda çalışan bu jurnalistlərin bəzilərinə səyahət qadağası qoyulub.

Hesabatdakı başqa məlumatlara görə, noyabrda sosial məsələlərdən yazan Əfqan Sadıxov və Teymur Kərimova hücum edilib. Yeni Musavat qəzetinin yazarı Zamin Hacı Facebook statusuna görə polisə çağrılıb.

İşgəncə və digər pis rəftar halları

"Hüquq-mühafizə orqanlarının əməkdaşları işgəncə və digər pis rəftara davam ediblər. Hüquq müdafiəçiləri 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı həbs edilən Müsəlman Birliyinin fəallarına qarşı qəddar davranışlar barədə məlumatlar verib."

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Nardaran işi: Məhkumların yaxınları danışır

Bundan başqa Elgiz Qəhrəman, Bayram Məmmədov və Qiyas İbrahimov da saxlanılarkən işgəncə və digər pis rəftar barədə məlumat veriblər, sənəddə deyilir.

"BMT-nin həbsxanalarda vəziyyəti araşdıran qurumu da bu iddiaları təsdiqləyib, hərçənd ki onların faktları məhkəmədə rədd edilib".

159 ölkəni əhatə edən hesabatda ABŞ və Avropada qaçqınları hədəfləyən nifrət çıxışlarının artmasından danışılır və bildirilir ki, bunun nəticəsi irq, cins, milliyyət və dini etiqadına görə daha çox insanın hücuma məruz qalmasına səbəb ola bilər.

"İnsan haqları uğrunda mübarizə aparmaq əvəzinə bir çox liderlər siyasi məqsədəuyğunluq üçün qeyri-insani gündəliyin qəbulu uğrunda mübarizə aparır", Aİ-nin baş katibi Salil Shetty deyib.

Həmçinin bildirilir ki, fikir ayrılığı və qeyri-insani ritorikadan istifadə edən siyasətçilər daha çox bölünmüş və təhlükəli bir dünya yaradır.

Aİ-nin hesabatında "acıqlı və daha çox ayırıcı siyasətin" nümunəsi kimi prezident Donald Trump-ın adı çəkilir. Lakin Türkiyə, Macarıstan və Filippinin liderləri də tənqid hədəfi olub. Qrup, həmçinin deyir ki, hökumətlər qaçqın problemindən siyasi məqsədləri üçün istifadə edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş