Britaniya mətbuatı: Kim Jong-namın erməni dostu onun ölümü haqqında nə düşünür?

Kim Jong-nam Fotonun müəllifi AFP

"The Guardian" qəzetinin eksklüziv məqaləsində deyilir ki, Şimali Koreya liderinin atabir qardaşı Kim Jong-nam ömrünün son bir neçə ilini səksəkədə yaşayırmış.

Onu tanıyanlar deyirlər ki, o həm ögey qardaşının divanından gizlənir, həm də vətənin taleyi üçün nəsə etməkdə gücsüzlyünə görə dərd çəkirmiş.

"The Guardian" qəzetinə müsahibəsində mərhumun ən yaxın dostlarından və inandığı şəxslərdən biri deyib ki, Şimali Koreyanın hakim sülaləsinə daxil olan Kim çox açıq düşüncəli bir insan imiş və çox güman, onun sürgün olunmasına və sonunda qətlə yetirilməsində də bu cəhət əsas rol oynayıb.

"The Guardian" yazır ki, Kim tez-tez Cenevrəyə səfərlər edərmiş. Bir neçə ay bundan əvvəl o yenə də Cenevrədə olarkən nüfuzlu beynəlxalq məktəbdə bir yerdə oxuduğu tələbəlik yoldaşı Anthony Sahakian-la da görüşüb.

Bu səfər zamanı Kim və tələbəlik dostu demək olar, hər gün görüşər, kofe içər, siqar çəkər, birlikdə gəzib-dolaşarlarmış.

Sahakian-ın yalnız "Lee" kimi tanıdığı tələbə dostu deyirmiş ki, yaşca kiçik ögey qardaşı ona öz hakimiyyətinə təhlükə kimi baxır.

"Biz onunla Şimali Koreya rejimini, onun ögey qardaşını, bu ölkədəki vəziyyəti müzakirə edirdik. Mən bir şeyi deyə bilərəm ki, o heç vaxt hakimiyyətdə olmağa maraq göstərməzdi" - deyib 44 yaşlı Sahakian.

Sahakian deyir ki, Lee Şimali Koreya hakimiyyətindən həmişə bir qol aralı durmağa çalışarmış.

Malayziya rəsmiləri deyirlər ki, onların ehtimalına görə ötən həftə Kim Jong-nam-ı hava limanında zəhərləyib öldürən qadın Şimali Koreya kəşfiyyatının agenti olub.

Kim Jong-nam Kuala Lumpurdan yaşadığı Makau şəhərinə uçmalı idi.

Tibb ekspertləri isə deyiblər ki, ölümün dəqiq səbəbləri hələki araşdırılır.

Autopsiya Kim-də nə infarkt vurmasının əlamətlərini, nə də bədən xəsarəti aşkar etməyib.

Onun zəhərlə öldürülməsinə dair suallara cavab verərkən rəsmilər deyirlər ki, bu barədə laboratotiya araşdırmaları hələ davam edir.

"The Guardian" yazır ki, Sahakian hələlik Kim Jong-nam-ın daxili aləmi və düşüncələri barədə az-çox müfəssəl məlumat verən yeganə şahiddir.

Sahakian deyir ki, Lee gözə çarpan təhlükə olmasa da, daim səksəkədə idi.

"O siyasi əhəmiyyəti olan fiqur idi. Buna görə də narahat olurdu. Əlbəttə narahat idi" - deyib Sahakian.

Aktrisanın oğlu

"The Guardian" yazır ki, əslində yaş etibarilə Kim Jong-nam-a verilməli hakimiyyətin hansı səbəbdən onun kiçik ögey qardaşına verilməsinin səbəbləri bu gün də bəlli deyil.

Kim Jong nam-ın xalası deyirmiş ki, atası onun üçün əldən-ayaqdan gedirmiş, oğlunu ovcunun içində körpə kimi bəsləyirmiş.

Lakin məsələ burasındadır ki, Kim Jong-nam-ın babası, "ulu öndər" və Şimali Koreya rejiminin banisi Kim Il-sung oğlu Kim Jong-il-in yerli kinoaktrisa ilə münasibətlərindən narazı imiş. Kim Jong-nam məhz bu münasibətlərdən doğulmuşdu.

Buna görə də Kim Jong-nam-ı gözdən iraq etmək üçün ölkədən xaricə çıxarmış, Rusiyaya və İsveçrəyə təhsil almağa göndərmişdilər. O rus, ingilis, alman və fransız dillərini bilirdi.

Sahakian da onunla elə həmin vaxtlarda, 12-13 yaşlarındaykən tanış olub. Onu səfir oğlu kimi təqdim etmişdilər, halbuki əsl atasını Şimali Koreyada liderliyə hazırlayırdılar.

"Biz o vaxtlar Şimali və Cənubi Koreyalar arasındakı fərqi başa düşmürdük, - deyir Sahakian, - Çox şən bir oğlan idi, nəzakətli və səxavətliydi. O vaxtlar həyatı çox sevirdi, axı onu ərköyün böyüdürdülər. Bu adi hal idi".

Bircə təəccüblü görünən o olmuşdu ki, Sahakian-ın Şimali Koreyalı dostu 15 yaşı olmasına baxmayaraq, Mercedes-Benz 600-ə sahib idi və maşını özü sürürdü.

Vətənə qayıdarkən Kim Jong nam artıq yetkin bir adam idi, amma artıq Avropanın məhsulu sayıla bilərdi.

Xalasının dediyinə görə Şimali Koreyadakı həyat onu boğurdu.

"Mən qaçaq deyiləm"

Fotonun müəllifi REX/SHUTTERSTOCK
Image caption Malayziya rəsmiləri deyirlər ki, onların ehtimalına görə ötən həftə Kim Jong-nam-ı hava limanında zəhərləyib öldürən qadın Şimali Koreya kəşfiyyatının agenti olub.

Kim Jong-nam 2001-ci ildə saxta Dominikan pasportu ilə Yaponiyaya qaçmaq istəyəndə gözdən lap düşmüşdü.

Məhz bundan sonra Honq-Konq yaxınlığındakı Çin ərazisi Makauda yaşamağa başlamışdı. Arvad-uşağı da orada idilər. Onun Sinqapurda, Pekində də evlərinin olduğunu deyirlər.

Ara-bir Parisdən İndoneziyaya uçarkən hava limanındakı restoranlara girər, ona rast gələn jurnalistlərə təbəssümlə baxar, "yox, mən qaçaq deyiləm" deyərdi.

Bütün bunlar o demək idi ki, o faktiki olaraq sürgün həyatı yaşayırdı.

Bir dəfə 2011-ci ildə babasının xəstə vaxtlarında Kim Jong-nam yaponiyalı jurnalist Yoji Gomiyə verdiyi müsahibədə öz ölkəsinin gələcəyi barədə siyasi baxışlarını açıqlamışdı.

Onda hələ onun qardaşı Kim Jong-unun "ulu öndər" seçilməsinə bir-neçə ay qalırdı.

Gomi 2012-ci ildə müsahibələrini kitab halında çap edərkən Kim Jong-nam-ın hakimiyyətin irsiyyətlə ötürülməsinə dair dediyi tənqidi fikirləri də bu nəşrə daxil etmişdi. Kim Jong-nam bundan sonra səsini bir müddət kəsmişdi. Belə düşünmək olar ki, o "yeni ulu öndərdən", ögey qardaşından qorxurdu.

Bundan bir il sonra, onların dayısı, Şimali Koreyanın ikinci şəxsi "murdar siyasi ambisiyalarına görə" repressiya edilmiş və edam olunmuşdu.

Bu edamdan sonra, Kim Jong-nam bir müddət də sakit dayanmış, çox da gözə görünməməyə çalışmışdı.

"O öz ölkəsindəki vəziyyətdən kədərlənirdi, - deyir Sahakian, - Xalqın halına acıyırdı, amma əzab çəkirdi, çünki əlində heç bir iqtidarı yox idi".

Sahakian deyir ki, dostu ona ölkəsindəki "gerontokratiyadan" - Stalin zəmanəsində doğulmuş qoca generalların hakimiyyətindən gileylənərmiş.

Kim Jong-nam deyirmiş ki, qardaşı da beləcə monolit sistemin bir hissəsinə çevrilib və həmin o qoca generallarla əhatələnib.

"Amma o düşünmürdü ki, qardaşı həmin generalların dediyi ilə durub-oturur. Sadəcə olaraq ətrafında hamı necə düşünürsə, sən də eləcə düşünməli olursan" - deyir Sahakian.

Düzünü qardaşı bilər

Sahakian bildirir ki, Kim bir böyük qardaş kimi yüksək hakimiyyətə haqqı çatdığını düşünsə də, ora yüksələcək qüdrəti özündə tapa bilmirdi.

"Onda gərək ürəyini, damarındakı qanı daşa çevirəsən, ya da bu sistemin dəyişməsi üçün böyük qanlar tökülsün" deyə fikir yürüdürmüş Kim Jong-nam.

Sahakian deyir ki, Kim hakimiyyətpərəst deyildi, amma onun haqqında deyildiyi kimi qumarbaz və arvadbaz da deyildi.

"The Guardian" yazır ki, Sahakian-ın müsahibə verməyə razılaşması da elə bu məqamla əlaqədar olub. O istəməyib ki, dostunun ədalətsiz portreti yaradılsın.

"Ola bilsin bir-iki dəfə qumar da oynayıb, içkili də olub, qadınlardan xoşu gəlib. Amma bütün bunlarda qeyri-normal nə var, axı?" - deyir Sahakian.

King Jong-nam Sahakian-a deyərmiş ki, Şimali Koreyanın puluna qalmayıb və ona görə də Avropada bəzi biznes işlərinə girişərmiş.

"Cenevrəyə gələndə ucuz kirayə evlərində qalırdı" - deyib dostu.

Sahakian deyir ki, əksinə ailəsinin adı onun normal yaşamasına mane olurmuş. Diktatorun oğlu ilə hansı şirkət işləmək istəyər?

Sahakian deyir ki, dostu xarici səfərlərə də rahatca çıxa bilmirdi. Pxenyan onun azad dünyadakı həyatından narahatlıq duyurdu.

Kim Jong-nam-ın ölümünə gəlincə isə Sahakian-ın düşüncəsinə görə bəlkə də həmin qoca generallardan biri, cavan ali rəhbərinə belə bir hədiyyə etmək qərarına gəlib.

"Düzünü qardaşı bilir" - deyib Sahakian.

Salmonella bakteriyası xərçəngə qarşı mübarizədə faydalı ola bilər

The Independent qəzeti yazır ki, alimlərin dediklərinə görə Salmonella bakteriyası xərçəngli şişlərə girərək bədənin immun sisteminin bu xərçəngli hüceyrələri hədəfə almasına kömək edə bilər.

Xərçəng hüceyrələri bədənin immun sistemi tərəfindən xarici bir obyekt kimi görünmədikləri üçün hücuma məruz qalmırlar.

Lakin, bakteriyanın qida zəhərlənməsinə səbəb olan növündən bir milyon dəfə daha zərərsiz növü Cənubi Koreyada süni şəkildə yaradılıb.

Heyvanlarda aparılan testlər uğurlu olub və bağırsaq xərçəngli sıçanların yarısından çoxu yan təsirlər olmadan tamamilə sağalıblar.

Bu araşdırma Cənubi Koreyanın Çonnam şəhərində yerləşən Çonnam Milli Universitetinin Hvasun xəstəxanasında keçirilib.

Universitetin alimi professor Cun Haeng Ree deyib ki: "Biz düşünürük ki, bu şişlərə kömək edən immun hüceyrələrini - doktor Jekyll-dən - şiş öldürən hüceyrələrə - cənab Hyde-a - çevirir".

Bu ilk dəfədir ki, xərçənglə mübarizədə bədənin salmonellaya reaksiyasından istifadə edilib.

Alimlər molyusklara hücum edən bakteriyaların protein yaradaraq güclü immun reaksiyasına səbəb oluduqlarına şahid olduqda bu kəşfi təsadüfən əldə ediblər.

Dəyişdirilmiş salmonella bakteriyası eyni proteinləri yaradaraq immun sistemini hərəkətə keçirir.

London-un Institute of Cancer Research (Xərçəng Tədqiqat İnstitutu) professoru Kevin Harrington deyib ki: "Salmonella daxil olmaqla bəzi bakteriyaların xərçəng hüceyrələrində böyüyə bilməsi, lakin normal hüceyrələrdə böyüyə bilməməsi artıq bir müddətdir ki, məlumdur".

"Lakin, indiyədək, həm laboratoriyada həm də ki, klinikalarda bakteriyalardan xərçəngə qarşı müalicədə istifadə etmə cəhdləri çox uğurlu olmayıb."

Əlaqəli mövzular