Şəki sakinlərinin "işsizlik dərdi"

Image caption Bakıdan 299 km məsafədə yerləşən Şəki ölkənin ən qədim şəhərlərindən biri sayılır

Azərbaycan ərazisindəki ən qədim şəhərlərdən sayılan, həm sənətkarları, həm təbiəti, həm də şirniyyatları ilə məşhur olan Şəki rayonunun sakinləri işsizlik və qiymət artımından gileylidir.

Onların sözlərinə görə, rayonda son illərdə işsizlərin sayı artıb və ərzaq mallarının qiyməti də tez-tez dəyişir.

Şəki şəhər İcra Hakimiyyəti isə, işsizliyin aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirir.

Image caption Şəki sakinləri gecikmiş pensiyalarını almaq üçün növbəyə düzülüb

"Lotereya oynayıb uşaq oxutdururam"

Şəki şəhərini və kəndlərini gəzərkən bir mənzərə ilə qarşılaşmaq mümkündür- çayxanalar qarşısında, yaxud küçələr boyu ayaq üstə söhbətləşən və ya günəbaxan tumu çırtlayan kişilər.

Bunun səbəbini kimdən soruşsan "bekarçılıqdır" deyə cavab alacaqsan. Elə "Şəkidə insanların çoxu nə işlə məşğuldur?" sualına da eyni cavabı ala bilərsən - "bekarçılıq".

Müşahidələrimizə görə, şəhərdə maşınların əksəriyyəti taksi kimi fəaliyyət göstərir. Kimisi, bir neçə nəfəri toplayaraq kəndlərə sərnişindaşımanı həyata keçirir, kimisi isə uzun saatlar boyu müştəri gözləyir.

Şəhərin mərkəzində yerləşən bazarda da alıcı qıtlığı var. Bir çox piştaxtalar al-ver olmadığından bağlıdır. Satıcılar da alıcılıq qabiliyyətinin zəif olduğunu bildirir.

Sakinlərdən biri, güzəranını belə nəql edir: "İş yoxdur, 55 yaşlı yoldaşımı işdən çıxarıblar. Qızım təhsil alıb, amma işləmir. Oğlum qiyabi olaraq Türkiyədə oxuyur. O da iş tapa bilmir. Mən müəlliməyəm, ailədə bircə mən işləyirəm. Maaş alıb birtəhər evi fırladırıq. Lotoreya oynayıb uşaq oxuduram".

Sakin bildirir ki, son 3 aydır ərzaq qiymətlərində bahalaşma var. "Qarğıdalı yağını 2 manat 50 qəpiyə alırdım, sonra oldu 3 manat 50 qəpik, sonra 4 manat, indi də 4 manat 13 qəpik. Bir yağ bir aya 4 qiymət dəyişib".

Sakin "bahalaşma və işsizlik vaxtında necə dolanırsız" sualını isə gülüşlə qarşılayaraq "bax o sehirlidir" deyir.

Image caption Sakinlər son aylarda ərzaq qiymətlərinin artdığını deyirlər

Kommunal xidmətə ödənilən pensiya

Lalə adlı digər sakin də dolanışığın çətinliyindən şikayətlənir.

"Oğlum işləmir, yoldaşım Rusiyada, özüm də pensiyaçıyam. Məşğuliyyətimiz yoxdur. Qiymətlər qalxıb yağlar qalxıb, gəlir artmır".

Sakin kommunal xərclərin də çoxluğundan gileylənir.

"İşıq yazır dünya qədər. 66 manat pensiyam var. 3 manat telefona, 2 manat suya. 2 manat zibil maşınına ödəyirəm. İki aydır qaz 108 manatdan çox, işıq da 100 manatdan çox yazıb. Pensiyamı elə onlara xərcləyirəm", sakin deyir.

Ərzaq qiymətlərinin artdığını da təsdiqləyən Şəki sakini dolanışığa pulun yetmədiyini, "soyutma kartof yeyirik, makaron süzüb qatıqla yeyirik" deyərək hər növ ərzaq almağa maddi imkanın yetmədiyini vurğulayır.

Rusiyaya gedənlər

Şəhər ətrafı kəndlərdə də dolanışıqdan şikayətlənən sakinlərlə tez-tez rastlaşmaq olur.

Keçmişdə tütünçülük, baramaçılıqla məşğul olan indi isə maldarlığın daha geniş yayıldığı Baltalı və Qoxmuq kənd sakinləri, həmçinin Kiş kənd sakinləri işsizlikdən danışaraq kəndlərin əhalisinin əksəriyyətinin Rusiyaya iş dalınca getdiyini deyir.

"İstəyərdim tütünçülük yenidən inkişaf etsin, kəndin qadınları da işləyib ailə dolandırar", Qoxmuq kənd sakini deyir.

Kiş kənd sakini isə bildirir ki, 90-cı illərdən bir çox "ailənin kişisi Rusiyaya çörək dalınca gedib".

Digər sakin isə zarafatla əlavə edir ki, "Rusiyadan şəkililəri qovsalar Kiş kəndinin 80-90 faizi ac qalar".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
“İş düşəndə işləyirəm iş düşməyəndə evdə otuturam”

İmkansızlıq

Oxud kəndində yaşayan Xəlilov Şükür də işsizdir. O rəngsaz kimi fəaliyyət göstərsə də, deyir ki, yaz və ya yay aylarında tanışlar vasitəsilə qısa müddətlik iş tapa bilir. Qalan vaxtda isə ailəsinin dolanışığı Rusiyada işləyən qardaşından asılı olduğunu bildirir. Onun 3 övladı var, uşaqlardan biri beyin iflicindən əziyyət çəkir.

Şükür deyir ki, son 2 ildir ki uşağın müalicəsini imkansızlıqdan etdirə bilmirlər. Ailə hazırda kömək göstərilməsi üçün ümidini dövlət orqanlarına bağlayıb.

Şükür deyir ki, Şəkidə iş olmaması səbəbindən Bakıda dəfələrlə iş axtarıb, amma təklif edilən əmək haqqı az olduğundan Şəkiyə qayıtmalı olub.

Həmçinin bax: Goranboy və Astarada gənclər işsizlikdən şikayətlənir

Gədəbəy sakini: “İş yoxdur, küçələrdə yalandan fırlanırıq”

Siyəzən sakinləri iş istəyir

Quba sakinləri bahalığın öhdəsindən necə gəlir?

Gəncə sakini: "Evdən kömək etsələr dolanaram"

Image caption İcra Hakimiyyəti deyir ki, hazırda rayon üzrə məşğul əhalinin sayı 86115 nəfərdir

"Tədbir görülür"

Şəki Şəhər İcra Hakimiyyətinin sözçüsü BBC Azərbaycancaya deyir ki, Şəkidə yeni iş yerlərinin açılması istiqamətində tədbirlər görülür.

"Xüsusilə də, aqrar sahədə baramaçılığın, tütünçülüyün, fındıqçılığın və s. sahələrin inkişafına dövlət tərəfindən dəstək göstərilir ki, bu da əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib", deyən qurum sözçüsü Şəhərdə ən böyük müəssisə olan - "Şəki ipək" ASC-nin tam gücü ilə fəaliyyət göstərməsi istiqamətində işlərin getdiyini də qeyd edir.

Bundan başqa rayonun icra hakimiyyətinin rəsmi internet səhifəsində yazılanlara görə, "hazırda rayon üzrə məşğul əhalinin sayı 86115 nəfərdir ki, bunların da 47200 nəfəri kənd təsərrüfatında, 2100 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7853 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyətdə, 23921 nəfəri digər sahələrdə fəaliyyət göstərir".

Image caption Dövlət qurumlarının bildirdiyinə görə, hər il regionlarda yeni iş yerləri açılır

"Yaradılan" iş yerləri

Şəki Rayon Məşğulluq Mərkəzi BBC Azərbaycancanın vətəndaş müraciətlərinin sayı və necə iş yerlərinin təklif edilməsi ilə bağlı suallarına cavab verməkdən imtina edib.

BBC Azərbaycanca müxbirlərinin son 2 ildə baş çəkdiyi şimal, cənub, qərb rayonlarında da insanların əksəriyyəti işsizlikdən şikayət edib və yeni iş yerlərinin yaradılması əvəzinə ixtisarların baş verdiyini deyib.

Dolların məzənnəsinin qalxmasından sonra qiymət artımı və iş yerlərinin olmaması səbəbindən ötən ilin əvvəllərində bir neçə rayonun əhalisi etiraz aksiyası da keçirmişdi.

Lakin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildə görülmüş işlər barədə hesabat"-ında deyilir ki, təkcə 2015-ci ilin 9 ayı ərzində 87 min iş yeri yaradılıb və onlardan 67 mini daimi iş yeri olub. Açılmış iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektorunu, 68,8 faizi regionları əhatə edib.

Hesabatda deyilir ki, Dövlət Məşğulluq Xidməti orqanlarına iş üçün müraciət etmiş 59252 nəfər işsiz və işaxtaran vətəndaşdan 29000 nəfəri münasib işlə təmin olunub, 3844 nəfərə işsizlik müavinəti təyin edilib.

"...respublikanın 59 şəhər və rayonunda "Əmək Yarmarkaları" keçirilmişdir ki, bunun da nəticəsində 4580 nəfər işlə təmin edilmiş, 477 nəfər peşə hazırlığı kurslarına, 185 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur", deyilən sənəddə bu məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların böyük bir qisminin gənclərdən ibarət olduğu da qeyd edilir.

Bu barədə daha geniş