Natiq Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyə dəyəri 40 milyard dollardır

Dəhliz

"Cənub Qaz Dəhlizi" layihəsinin maliyyə dəyəri bu gün 40 milyard dollardır, Azərbaycanın energetika naziri Natiq Əliyev CQD Məşvərət Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Natiq Əliyev layihənin Azərbaycan dövləti və Avropa Komissiyası tərəfindən "yüksək səviyyədə dəstəkləndiyini" deyib.

"Bu təşəbbüs hörmətli prezidentimizin təşəbbüsü ilə yaradılıb və Avropa Komissiyası tərəfindən yüksək səviyyədə dəstəklənib və bir neçə ildir ki, bu layihə həyata keçirilir", energetika naziri bildirib.

Natiq Əliyev layihənin əhəmiyyətindən danışaraq bildirib ki, dünya "bir neçə ildir ki həm maliyyə, həm də iqtisadi böhranla üzləşib".

"Belə bir layihənin həyata keçirilməsi hər bir dövlətdən böyük səylər tələb edir." O bildirib.

Cənab Əliyev daha sonra əlavə edib: "Biz artıq ilk qazı Şahdəniz 2 layihəsi çərçivəsində Türkiyəyə gətirəcəyik. 2020-ci ilin əvvəlində nəzərdə tuturuq ki, təbii qaz İtaliyaya çatacaqdır".

"Biz gələcəyə də baxdıq. Balkan ölkələrinin enerji nazirləri də bizimlə birgə idilər...Bu məqsədlə İonik-Adriatik Boru Kəməri şirkətlərinin rəhbərləri də bizə layihənin gələcəyini necə gördüklərini dedilər."

Çıxış edən Avropa Komissiyasının vitse-prezidenti Maros Sefcovic layihənin "marşrut boyunca yerləşən bir çox ölkələrə gözəçarpan faydalar gətirəcəyini" bildirib.

"Bu layihə bütün Avropa ölkələri üçün, xüsusilə də İtaliya üçün olduqca vacib bir layihədir. Çünki İtaliya bu layihədən ən çox faydalanan ölkələrdən biri olacaqdır", cənab Sefcovic əlavə edib.

"Ekoloji problemləri bəhanə edənlər ola bilər"

"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur", prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü iclasında söyləyib.

Cənab Əliyev həmçinin əlavə edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.

İclasda ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Dunnigan, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nicholson, Avropa İttifaqının (Aİ) Avropa Komissiyasının vitse-prezidenti Maros Sefcovic təmsil edir.

Fotonun müəllifi President.az

Tədbirdə layihəyə cəlb edilmiş bütün tərəflər- Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru İan Bradshow, BP, SNAM və TOTAL şirkətləri də iştirak edirlər.

İclasın sessiyalarında layihə üzrə görülmüş işlərə dair hesabatlara yer veriləcək, həmçinin "Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi" və layihənin genişləndirilməsi perspektivləri, İon-Adriatik qaz boru kəməri istiqaməti üzrə məruzələr dinləniləcək.

Bu iclasın sonunda "Birgə Bəyannamə"nin imzalanması planlaşdırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş