Oğuz: gənclər işsizlikdən şikayət edir, rəsmilər deyir onlar "tənbəldir"

Oğuz

Osman Oğuz şəhərində gününün böyük hissəsini çayxanalarda keçirən kişilərdən biridir. Kişilərin buraya toplaşmasının səbəbi şəhərdə gənclərin çoxuna təsir etmiş işsizlikdir.

"Qış aylarında iş tapmaq daha çətindir, yayda qazandığımız qışda yeyirik", deyir Osman.

Oğuz şəhərində işsizliyin faizi ilə bağlı dəqiq məlumat olmasa da, Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə bu rayondan cəmi 43 nəfər işsiz statusu alıb.

Söhbətləşdiyim insanlardan bəziləri inanır ki, Oğuz Azərbaycanın "ən kasıb rayonu"dur, lakin statistik göstəricilərə görə, burada kiçik sahibkarlıq subyektlərinin sayı 955-dir. Bu rəqəm bir sıra digər şəhərlərə nisbətdə çoxdur.

Bakıdan təxminən 268 km məsafədə yerləşən Oğuzun təbiəti gözəl, insanları mehriban və ünsiyyətcildir. Sovet dövründə yaradılmış bu şəhər əvvəllər Vartaşen adlandırılıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə onun adı dəyişdirilib.

Oğuz Şəhər İcra Hakimiyyətinin təbirincə desək, burada insanların əsas məşğuliyyəti kənd təsərrüfatıdır.

Amma bu da şəhər sakinlərinin güzəranının istədikləri kimi keçməsinə kömək etmir, çünki kənd təsərrüfatından evlərinə çox az gəlir daxil olur.

Bəziləri yalnızca yay aylarında qazanc əldə edə bilirlər, digərləri işsizlikdən şikayətlənir. Bəziləri isə inanır ki, "işləyənə həmişə iş var".

Image caption Muxas kəndində maldarlıq geniş yayılıb

Nisyə mal almaq

Rayon mərkəzindən təxminən 16 km qərbdə yerləşən Muxas kəndinin sakinləri də əsasən kənd təsərrüfatı ilə məşğuldurlar.

Sovet dövründən qalma evlər və dayanacaqlar boldur bu kənddə. Burada maldarlıq çox inkişaf edib və bəzi sakinlər maldarlıqla ailələrini donaldıra bildiklərini deyir.

Kənddə qoz, şabalıd və fındıq ağacları da yaxşı bar verir. Bu da bir qism ailələlərə gəlir gətirir. Bundan başqa yaz aylarında tərəvəzçilik, daha dəqiq desək lobya əkimi ilə güzəranını təmin edənlər də var.

Amma bu kənddə də işsizliyin ziyan vurduğu ailələr yaşayır. Elə ailələr var ki, təsərrüfatla məşğul ola bilmir. Onlar dükanlarda ərzaq qiymətlərinin artmasından gileylənir.

"Yayda lobya əkirəm, ondan qazana bilirik," deyən bir kənd sakini, qışda ərzaq mallarını nisyə aldıqlarını bildirir.

Söhbətləşdiyimiz digər sakinlər də dolların kursunun ailə büdcəsinə zərər vurduğunu deyir.

"90 qəpiklik çay 2 manat olub", onlardan biri heyfslənir.

Image caption "Qış aylarında əhali çayçıda oturub nərd vurur"

"İşləyənə iş var"

Fındıq bağları ilə bol, rəngli darvazaların tez-tez gözə dəydiyi Xalxal kəndi Oğuzda yerli və xarici turistlərin ən çox maraq göstərdiyi kənd olaraq tanınır.

Elə bizi ora aparan taksinin sürücüsü də bu kəndin gözəlliyinə məftun olduğunu etiraf edir.

Biz kəndə daxil olanda gözə az insan dəyir, elə sakitlikdir ki, uzaqdan kəndin incisi olan şəlalənin səsi eşidilir.

Yağan qarın buzlaşmadığı yolda arabası ilə evinə təmiz bulaq suyu daşıyan Əziz dayı ilə ayaqüstü söhbətləşirik. O da kənddə işsizliyin geniş yayılmasından danışır.

Amma deyir ki, kənddə şəlalə ətrafında fəaliyyət göstərən istirahət mərkəzi yay aylarında kənd əhalisindən toyuq, çörək kimi məhsullar alır və bu da insanlara bir az qazanc gətirir.

Kənddə 150-ə yaxın təsərrüfatın olduğunu deyən Əziz dayı sakinlərin əsasən maldarlıq, əkinçiliklə məşğul olduğunu və fındıq bağlarına sahib olduqlarını deyir.

Gənclərin məşğuliyyətinə gəlincə o belə deyir: "Oğuz və Bakı şəhərində iş tapanlar işləyir, qalanları isə yox" .

Kəndin digər sakini qış aylarında əhalinin "çayçıda oturub nərd vurduğunu" bildirir. O özü fındıq bağı saxlayır və bu il qazancı yaxşı olub.

"Fındıq ağacları olmasa, aclıq olar", o zarafatyana deyir.

Müsahibimiz işsizlik olduğundan bəhs etsə də, sonradan sakinlər arasında işləmək istəməyənlərin də olmasından danışır:

"Dövlət torpaq verib gedib əksinlər. Evdə oturana pul verən var? İndiki cavanlar işləmək istəmir", deyir müsahibimiz.

Lakin digər kənd sakini isə bu iddia ilə razılaşmır. Onun iki oğlu işsizdir. Deyir ki, dövlətin verdiyi əkin sahələri evlərindən çox uzaq olduğu üçün o sahələrdə işləmir.

Söhbət zamanı kənd sakinləri qiymət artımından da danışırlar. Deyirlər ki, bəzi ərzaqların qiyməti ikiqat bahalaşıb.

Amma sonra gülərək əlavə edirlər: "Bizim millət dözümlü xalqdır".

Image caption Oğuz sovet dövründə yaradılıb və əvvəllər Vartaşen adlandırılıb

"Ən kasıb rayon"

Şəhərdə süpürgəçi kimi işləyən 2 xanım istirahət və bayram günləri olmadan çalışdıqlarını deyirlər. Onların əmək haqqısı 150 manatdır. Qadınlardan biri xəstəliyi olan uşağa baxdığını, digəri isə görmə məhdudiyyətli övladının qeydinə qaldığını deyir.

Onlar ərzaqların bahalığından və əmək haqqının dolanışığı təmin etmədiyindən gileylidirlər.

Deyirlər, bir kilo qəndin qiyməti 90 qəpikdən, 1 manat 50 və ya 1 manat 80 qəpiyə qədər qalxıb.

"Maaş nədir ki, nə də ərzaq alaq" deyə sual edən qadınlar çox vaxt ərzaqları nisyə alırlar.

Onların sözlərinə görə, bəzi sakinlərin nisyə borcu min manatlarladır və onlar mağaza sahiblərinə ödənişin yerinə yetirilməsi üçün ya maaş, ya da pensiya kartlarını veriblər.

Bu səbəbdən qadınlar Oğuzu "Azərbaycanın ən kasıb rayonu" adlandırırlar.

Image caption Oğuz Şəhər İcra Hakimiyyəti işsizliyin aradan qaldırılması üçün iş getdiyini deyir

"Tənbəl öyrəniblər"

Oğuz Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Səyyaf Abbasov rayon əhalisinin əsas məşğuliyyətinin kənd təsərrüfatı olduğunu deyir.

Rayonda işsizliyin aradan qaldırılması üçün "ən əsas" tədbirlər görülür, deyir şöbə müdiri.

Onun sözlərinə görə, Oğuz yeganə yerdir ki, burada hətta şəhərdə yaşayan insanlara da dövlət torpaq sahəsi ayırıb.

Cənab Abbasov əhalidə işləmək istəyinin olmamasından danışır. Deyir ki, "insanlar tənbəl öyrəniblər, ünvanlı sosial yardım insanları ələbaxan edib".

"Torpaq sahəsi olan adama işsiz demək olmaz", şöbə müdiri bildirir.

"İnsanların özünün əməyə münasibəti dəyişməlidir və əkməlidirlər. İşləyən adam üçün kifayət qədər iş var", deyir Səyyaf Abbasov.

Şöbə müdiri onu da əlavə edir ki, Oğuz şəhərində bir Qlükoza zavodu da var.

Oğuz rayon Məşğulluq Mərkəzindən BBC Azərbaycancaya deyiblər ki, onlara müraciət edən vətəndaşlar əsasən "fəhlə" işləri istəyirlər.

Qurumu sözlərinə görə, hazırda onlarda 107 vakant iş yeri var və bu iş yerləri ixtisas tələb edir.

Lakin sözçü qeyd edir ki, vətəndaşlara müəllimlik və dövlət qulluğu üçün imtahandan keçmək lazım olduğu deyiləndə, onlar imtina edirlər.

Mərkəz bildirir ki, idarə və müəssisələr aylıq hesabatlarında vakant yer təqdim etdikləri halda, onlar da sakinlərə bu iş yerlərini təklif edirlər.

Image caption Oğuzda güzəranından razı olan sakin də var, narazı olan da.

Şəhərin mərkəzində ticarətlə məşğul olan Osman isə deyir ki, alıcılıq qabiliyyəti çox zəifləyib.

Osman özü də əvvəllər evinə etdiyi bazarlığı, indi edə bilmədiyini vurğulayır.

"Əvvəllər mağazaya girəndə qiymətlərlə maraqlanmırdım, ərzaqların siyahısını deyirdim sonra pulu ödəyirdim. Amma indi cibimdə pul azdır və o məbləğə görə nəsə almağa çalışıram", Osman deyir.

"7 manat 50 qəpiyə aldığım yağ indi 14-15 manatdır", o bu misalı qiymət artımına görə çəkir.

Bu barədə daha geniş