Çörək bişirən qadın: Öz əlinə baxırsan, kiməsə minnətin olmur
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Çörək bişirən qadın: Öz əlinə baxırsan, kiməsə minnətin olmur

Oğuz–Şəki şose yolunun üzərində Culut ərazisində yaşayan bir qrup məcburi köçkün ailəsi dolanışığını təmin etmək üçün təndirdə çörək bişirib satır.

Yolun sağında və solunda quraşdırılan köşklərdə gün ərzində çörək bişirən qadınlar bu çörəkləri yolçulara satırlar.

Çörəyin qiyməti 50 qəpikdir, hazırlanması isə müəyyən bir vaxt alır.

Öncə təndir qalanır, sonra istilik lazımı səviyyəyə çatdırılır. Ardınca əvvəlcə yoğrulmuş və kündələnmiş xəmir yayılır, üzərinə yumurta vurulur və təndirə yapılır.

Çörəyin bişməsi bir neçə dəqiqəyə başa gəlir və bu çörəyi pendir ilə yemək geniş yayılan bir adətdir.

Kəlbəcər rayonundan məcburi köçkün olan Şəfiqə xanım illərdir balaca köşkündə bu çörəklərdən bişirir. Bircə şikayəti istilik və tüstünün gözlərə ziyan verməsidir.

Bununla yanaşı o deyir ki, "təndir çörəyi bütün çörəklərdən dadlıdır".