Mətbuat icmalı: Türkiyədə hakim partiya Mehriban Əliyevanın təyinatını tənqid edib

Fotonun müəllifi Getty Images

"Azadlıq": AKP də Mehriban Əliyevanın təyinatını tənqid etdi

Türkiyədə AKP-nin (Ədalət və İnkişaf Partiyası - hakim partiya) tanınmış simalarından və konstitusiyanın memarlarından biri, İstanbuldan seçilmiş millət vəkili professor Burhan Kuzu Mehriban Əliyevanın vitse-prezident təyin olunmasını tənqid edib:

"Bu gün fərz edək ki, baş nazir öz həyat yoldaşını baş nazirin müavini etdi, xaricə gedəndə də vəkalətini ona verdi, buna nə mane var? Onu edən, bunu da edər, xoş deyil, amma hüquqi baxımdan bir maneə yoxdur.

Bunun sistemlə bir əlaqəsi də yoxdur. Prezident modelində də bunu edən edər, parlament sistemində də edən edər. Amma bu, doğru bir şey deyil.

"Prezidentlik gəlincə bu olar, amma indi olmaz" deyə bir şey yoxdur. Hər modeldə bu cür qohum himayəçiliyi doğru deyil, etik də deyil, yanlışdır.

Amma hər sistem buna uyğundur, əgər edəcək olan varsa. Kiminsə xanımını gətirib müavin etməsini mən doğru saymıram. Amma buna hüquqi baxımdan bir maneə də yoxdur. Bu nümunədən hərəkət edərək prezidentlik sistemi əleyhinə bir anlam da çıxarıla bilməz. "

CHP-nin (Türkiyədə siyasi partiya) Başqan yardımçısı Bülent Tezcansa Mehriban Əliyevanın təyinatı ilə bağlı belə deyib:

"İzah etmək istədiyimiz eynilə bu idi. Prezident sistemi bir prezidentin yaxşı niyyətinə və qərarına buraxılmayacaq qədər əhəmiyyətlidir.

Biz bunu söylədikdə, "elə şey olarmı?" deyirdilər, amma bax, keçən il səlahiyyət verildi, bu il etdi. Demək ki, etmək mümkündür. "Səlahiyyəti tək adama verən sistem, padşahlığa aparar" dediyimizdə, "1923-cü ildə bitdi" deyirdilər.

Sabah atadan oğula keçəcək bir sistemə, kağız üzərində heç bir maneə yoxdur. "

"Minlərlə sözlə anlada bilməyəcəyimiz və Türkiyənin də başına gəlməsi mümkün bir tablo, burnumuzun dibində yaşandı.

"Prezident Tayyib Erdoğan da bunu edər" demirəm. Amma bir başqası gələr, Türkiyədə də belə bir dəyişiklik sonrası, Azərbaycanda həyat yoldaşını müavini etmiş, burada övladını edər," - CHP Qrup başqanının müavini Engin Altay deyib.

"Azərbaycan": Azərbaycanda miqrasiya saldosu: gələnlər daha çoxdur

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə əhalisinin sayı 104 min 400 nəfər, yaxud 1,1 faiz artıb. 2017-ci il yanvar ayının 1-dək əhalinin sayı 9 milyon 810 min nəfər olub.

"2016-cı ildə əhali əsasən təbii artım hesabına çoxalıb. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu, əhalinin sayının ümumi artımının 1,4 faizini təşkil edib.

Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizi kişilərin, 50,1 faizi qadınların payına düşür.

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, yaxud hər gün orta hesabla 436 doğulmuş körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 2734-ü əkiz, 69-u üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edib. Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür. Bioloji norma isə 105-107 sayılır.

Bu onu göstərir ki, doğulacaq körpənin ultrasəs cihazları ilə cinsini müəyyən edən bəzi valideynlərin qızların sayının azaldılmasına yönəldilən "ənənə"si davam edir.

...Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub", - məlumatda deyilir.

Bildirilir ki, 2016-cı ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb. Beləliklə, ölkədə miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.

Fins.az: Beynəlxalq Bank inkişaf bankına çevrilməyəcək

Dünya Bankının (DB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina jurnalistlərə bildirib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) perspektivdə inkişaf bankına çevrilməsi məsələsi ölkə hökuməti tərəfindən müzakirə edilmir.

"Buna baxmayaraq, Azərbaycanda iqtisadiyyatını subsidiya edən müxtəlif fond və agentliklərdən konsolidə olunmuş, beynəlxalq standartlara uyğunlaşan inkişaf bankı və ya inkişaf korporasiyası yaradıla bilər.

Bu təşkilat milli valyutada uzunmüddətli kreditləşməni bərpa edə bilər. Bunun üçün dövlət ölkədə maliyyə sabitliyini təmin etməlidir", - deyə DB rəsmisi bildirib.

Onun sözlərinə görə, ABB-nin özəlləşdirilməsi prosesində xarici kommersiya bankları da iştirak edə bilər: "Bunun üçün isə onlar ABB-nin perspektivlərinə baxacaqlar. ABB-də korporativ menecment inkişaf etdirilməli və özəlləşdirmə üçün biznes-plan hazırlanmalıdır".

Əlaqəli mövzular