Dağlıq Qarabağ münaqişəsi: Cəbhə xəttində toqquşmalardan sonra "itkilər var"

Əsgər Fotonun müəllifi Getty Images

Azərbaycan və Ermənistan müdafiə nazirlikləri fevralın 24-dən 25-ə keçən gecə Dağlıq Qadabağ ərazisində cəbhə xəttində döyüşlərin baş verdiyini deyir.

"Döyüş toqquşması nəticəsində itkilərimiz var", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında Ermənistan tərəfinin də itkilərə məruz qaldığı deyilir. Lakin AP agentliyinin məlumatına əsasən, tanınmamış "Dağlıq Qarabağ Müdafiə Nazirliyi" öz bəyanatında itki vermədiyini qeyd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə əsasən "Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər".

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb: "Ötən gecə yaşadığı itkilərdən sonra Azərbaycan rəhbərliyi Azərbaycan tərəfinin "hücumlarından" danışaraq yenə də öz xalqının ... fikrini yayındırmaq istəyir".

Onun sözlərinə görə, Ermənsitan tərəfi "atəşkəs rejiminə əməl edir və Azərbaycan tərəfini vəziyyətin gərginləşdirmək məqsədini daşıyan addımlardan çəkinməyə çağırır".

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev öz növbəsində deyib ki, cəbhədə "vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın 20 fevral tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır".

Azərbaycan Müdafiə Nazirliyi deyir ki, cəbhənin Xocavənd-Füzuli istiqamətində "əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib".

Nazirliyin son məlumatına görə hazırda Ermənistan tərəfi "mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir".

Bu barədə daha geniş