Britaniya mətbuatı: Məhəmməd Əlinin oğlu Trump-ın "müsəlman qadağanına düşüb"

Britaniya qəzetləri

Bu həftəsonu Britaniya mediasında:

  1. Jurnalistlər Trump-a müqavimət göstərirlər
  2. Məhəmməd Əlinin oğlu "müsəlman olduğuna görə" saxlanıb
  3. BBC daha haralarda qadağan olunub?

Jurnalistlər Trump-a müqavimət göstərirlər

"The Guardian" qəzetinin yazdığına görə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirib ki, Trump administrasiyası ABŞ-ın əsas media qurumlarına düşmən kəsilməkdənsə, əksinə azad mətbuatın müdafiəçisi kimi çıxış etməlidir.

"Başqa cür olarsa, jurnalistlərin təhqir olunması başqa ölkələrə yanlış mesaj göndərə bilər" - deyilir təşkilatın bəyanatında.

Fotonun müəllifi Getty Images

CPJ-in director müavini Rob Mahoney deyib ki, Trump-ın meduia üzərinə hücumlarından Türkiyə, Efiopiya və Venesuela kimi ölkələr yanlış nəticə çıxara bilərlər.

Mahoney həmçinun deyib ki, mühafizəkar mediaya qucaq açıb əsas medianı "Amerika xalqının düşməni" elan etməklə administrasiya özünü tənqidlərdən sığortalamağa çalışır.

Ötən cümə günü Ağ Ev New York Times, CNN, BBC və Guardian-ı mətbuat katibi Sean Spicer-in qeyri-rəsmi brifinqinə buraxmayıb.

Spicer sonradan deyib ki, "Ağ Ev medianın saxta xəbərlərinə aqressivliklə cavab verəcəkdir".

Ötən cümə yazdığı tvitlərdə Trump-ın özü də hücumlarını davam etdirib: "SAXTA XƏBƏR MEDİASI bilərəkdən həqiqəti demir. Ölkəmiz üçün böyük təhlükədir…"

Mətbuat bu hadisəyə hiddətlə cavab verib. New York Times qəzetinin redaktoru Dean Baquet deyib ki, Ağ Evdə uzun tarix boyu belə bir şey heç vaxt baş verməyib.

Guardian qəzetinin ABŞ üzrə redaktoru Lee Glendinning yazıb: "Bu çox narahatedici və bölücü hadisədir. Hakimiyyətdən hesabat tələb etmək demokratik prosesisin mühüm tərkib hissədir. Guardian məhz bunu davam etdirəcək".

Ağ Ev Müxbirlərinin Assosiasiyası hay-küyü yatırmağa çalışaraq bildirib ki, Ağ Ev bütün hallarda az qala hər gün mətbuat konfransları keçirir.

Buna baxmayaraq Trump-ın müşaviri Steve Bannon Marylandda keçirilən konfransda deyib ki, "korporatist-qlobalist media ədəbazlıqla milli iqtidsadi tədbirlərin əleyhinə çıxır".

O deyib ki, hər gün "döyüş olacaq".

Bəzi təhlilçilər yazırlar ki, baş verən hadisə mediada gedən ziddiyyətli məlumatlardan ictimaiyyətin diqqətini yayındırmaq cəhdidir.

Şənbə günü bir çox mətbu orqanlar Trump administrasiyasının seçki kampaniyası müddətində Rusiya kəşfiyyatı ilə əlaqələrinin araşdırılmasının əhəmiyyətini azaltmağa çalışdığı barədə yazıb.

The Washington Post yazıb ki, administrasiya ölkənin kəşfiyyat icmasını və Konqresi belə yazılara qarşı çıxmağa çağırıb.

Bundan az əvvəl administrasiya FTB-dən belə yazıların doğruluğunu müzakirə etməyi xahiş etmiş, lakin onun bu ricası rədd edilmişdi.

Cümə günü qocaman jurnalistlərdən Dan Rather deyib ki, "Trump-ı normallaşdırmaq və izah etmək vaxtları geridə qalıb".

O Ağ Evin hörmətli jurnalistləri brifinqə buraxmamasına "bizim demokratiyamıza əsl təhlükə" adlandırıb.

85 yazşı jurnalist bildirib ki, "bunlar əslində prezidentlərin dəf etməli olduğu təhlükələrdir".

O deyib ki, Trump-ın kampaniyası zamanı söylədiklərinin yalnız ritorika olduğunu düşünənlər üçün peşmançılıq zamanı gəlib.

Veteran jurnalist bunu da əlavə edib ki, Trump düzələcəyinə ümid olunan həddi bəlkə də artıq aşıb.

Bəzi jurnalistlər 1970-ci illərdə mətbuatla Nixon-un arasındakı olduqca pis münasibətləri xatırladıblar.

Onlar bildiriblər ki, bu kimi vəziyyət Nixon-un impiçmenti ilə nəticələnib.

Məhəmməd Əlinin oğlu "müsəlman olduğuna görə" saxlanıb

Fotonun müəllifi AP
Image caption Məhəmməd Əli və iki yaş yarımlıq oğlu, balaca Məhəmməd Əli (15 aprel 1975)

"The İndependent" yazır ki, boks əfsanəsi Məhəmməd Əlinin oğlu Florida hava limanında miqrasiya rəsmiləri tərəfindən saxlanıb və ondan dəfələrlə "müsəlman olub-olmadığı" soruşulub.

Kentucky ştatında çıxan Courier-Journal qəzeti yazır ki, 44 yaşlı Məhəmməd Əli və onun anası, mərhum boksçunun ikinci arvadı Khalilah Camacho-Ali Fort Lauderdale-Hollywood beynəlxalq hava limanına Yamayakadan gəlmişdilər.

Xəbər verilir ki, hava limanının rəsmiləri cənab Əlidən dəfələrlə adının niyə belə olduğunu soruşublar.

"Siz müsəlmansınızmı?" - deyə soruşurdular miqrasiya rəsmiləri, qəzet yazır.

Bu da xəbər verilir ki, cənab Əlinin müsəlman olduğu təsdiqlənəndən sonra da onun sorğu-sualı davam edib.

Boksçunun oğlu Philadelphia-da doğulub və ABŞ vətəndaşıdır.

ABŞ Gömrük və Sərhəd xidməti "ayrı-ayrı şəxslər" barədə şərh vermədiyini söyləyib.

BBC daha haralarda qadağan olunub?

BBC-nin Ağ Evdəki brifinqə buraxılmamasından sonra "The İndependent" qəzeti xəbər korporsasiyasının əvvəllər daha haralarda qadağan edildiyindən yazıb.

Fotonun müəllifi BBC/Simon Kennedy

2015-ci ildə İran hökuməti BBC-yə nüvə sazişi barədə reportajlar hazırlamaq üçün lisenziya verib. Belə bir icazə İran tərəfindın son altı ildə ilk dəfə idi ki, verilirdi.

BBC-nin Zimbabvedən reportajlar verməsi üzərinə qoyulmuş qadağan 2009-cu ildə qaldırılıb.

1994-cü il soyqırımı barədə sənədli filmindən sonra, 2015-ci ildə Ruanda BBC-yə qeyri-müəyyən müddətə qadağan qoyub.

Ötən ilin mayında Şimali Koreya "sistem haqqında bədxah reportajlarına" görə BBC-nin üç jurnalistinə qadağan qoyub.

BBC-nin Birmadan reportajlar verməsi onilliklərdir ki, qadağandır.

Əlaqəli mövzular