İsa Qəmbər və Arif Hacılı prokurorluqda ifadə verib

Arif Hacılı

Müsavat partiyasının başqanı Arif Hacılı və müxalifət lideri İsa Qəmbər bazar ertəsi günü Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verib.

Təxminən 2 saat yarım davam etmiş dindirmədən sonra cənab Hacılı BBC Azərbaycancaya bildirib ki, onlara formal olaraq mühacirətdə olan Müsavat Partiyası və Azərbaycan vətəndaşları barədə suallar verilib.

"Onların ölkədən necə çıxmaları, orada necə oturum almaqları barədə suallar verdilər", deyən cənab Hacılı əlavə edir ki, hər iki müxalifət nümayəndəsi ayrı-ayrı müstəntiqlər tərəfindən dindirilib və prosedur bitdikdən sonra onlara eyni sualların verildiyi bəlli olub.

Onun sözlərinə görə, ondan istintaq sirrini yaymamaq barədə iltizam istənilsə də, söhbətin hansı istintaqdan getdiyini ona qaranlıq qalıb.

"Orada da dedim ki, istintaqın nədən ibarət olması, hansı cinayət işi və ya zərərçəkmişlər və təqsirləndirilənlər ona aydın deyil."

Cənab Hacılı ümumilikdə ifadə verməyə çağrılmağı "Müsavat partiyasına siyasi basqının davamı və təzyiq vasitəsi" hesab edir.

"Müsavatın son dövrlərdə aktiv fəaliyyəti, Müsavat-AKM (Müsavat Partiyası üzvlərinin Avropa Koordinasiya Mərkəzi) qurumunun Avropada aksiyalarına Azərbaycan hakimiyyətinin cavabıdır. Bu yolla cəmiyyətdə mövcud xofu daha da artırmaq istəyirlər."

Baş Prokurorluqdan məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Əlaqəli mövzular