Mətbuat icmalı: "Azərbaycanda 330 polis cəzalandırılıb"

Fotonun müəllifi Getty Images

Fins.az: Azərbaycanda 330 polis cəzalandırılıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı il üzrə illik hesabatında bildirilir ki, ötən il Azərbaycanda vətəndaşlarla kobud rəftara, polisə əsassız gətirmə və saxlamaya, əsassız cinayət məsuliyyətinə cəlb etməyə və sair əməllərə görə 330 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

"Bunlardan 74-ü vətəndaşlarla kobud rəftar etmə, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü isə digər faktlarla bağlı olub.

Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 31-i tutduğu vəzifədən azad olunub, 255 əməkdaş barəsində digər intizam tədbirləri görülüb", deyə məlumatda bildirilir.

"Azadlıq": Mehman Hüseynovun məhkəməsi təxirə salınıb

Blogger Mehman Hüseynovun vəkili Elçin Sadıqov bildirib ki, bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası martın 3-nədək təxirə salınıb.

"Vəkilin sözlərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi RPİ-nin rəisinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib", - qəzet yazır.

"Azadlıq": Elçin Sadıqov: Mənə qarşı son hadisələrin arxasında hakimiyyət durur

Vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb:

"Mənə qarşı baş verən son hadisələrin arxasında vəkillik fəaliyyətimə görə birbaşa dövlət orqanları dayanır, onlar tərəfindən həyata keçirilir və bu ən yüksək səviyyədə idarə olunur".

...Əvvəl avtomobilimin sürətlər qutusunun yağını boşaltmaqla, sonra mənim elektron hesablarıma kiber hücuma cəhd etməklə, 2016-cı ilin noyabr ayında BMCMİ-də hədələndikdən sonra mənə və ailəmə qarşı böhtan xarakterli hücumlar etməklə, 07 noyabr 2016-cı il tarixdə avtomobillə məni vurmağa cəhd etməklə, bununla bağlı etdiyim şikayətlərin heç birini araşdırmamaqla və bu gün yenidən mənə, ailəmə qarşı kibercinayətlər törədilməklə edilməkdədir. Və bu mənim həyatıma qəsdə qədər davam edəcəkdir. Bir daha bildirirəm ki, bütün bunları dövlət orqanları həyata keçirdiyindən bütün məsuliyyət hökümətin üzərindədir".

Elçin Sadıqov bildirir ki, bu hərəkətlərlə hakimiyyət qanunsuzluqları, işgəncələri ifşa edən və siyasi baxışlarına görə tutulan şəxsləri müdafiə edən vəkilləri sıradan çıxarmaq, ölkədə kazarma vəkilliyi yaratmağa çalışır.

"Azərbaycan": Prezident İlham Əliyev Qətərə rəsmi səfərə gəlib

Fevralın 26-da prezident İlham Əliyev Qətər Dövlətinə rəsmi səfərə gəlib.

Prezidenti Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

"Azərbaycan": Prezident İlham Əliyev Dohada işgüzar görüşlər keçirib

Prezident İlham Əliyev fevralın 26-da Dohada "Al Faisal Holding" şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.

"Böyük biznes qurumunun rəhbəri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu dedi. Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd etdi. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğuladı, yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini dedi", - xəbərdə deyilir.

İlham Əliyev ötən gün həmçinin "Qatar Petroleum"un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Görüşdə "Qatar Petroleum"un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.