Rusiya mediası: "Mehriban Əliyevaya vətənində sevgi böyükdür"

İlhan Əliyev və Mehriban Əliyeva Fotonun müəllifi Getty Images
Image caption Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

Mehriban Əliyeva Azərbaycanını Birinci vitse-prezidenti təyin edilməklə özünə Rusiya mediasında xüsusi diqqət cəlb edib. Rusiya mətbuatı prezidentin xanımının təyinatına necə münasibət göstərib?

Rossiya 1 - Vesti Nedeli (Həftənin xəbərləri) verilişi

Bazar günü yayımlanan verilişin aparıcısı deyib ki, Mehriban Əliyevanın Birinci vitse prezident seçilməsi "Azərbaycanda məntiqli qarşılanıb. Belə ki, birinci xanım həm də ölkənin ictimai və siyasi həyatında rol oynayır və idarəetmə üzrə geniş təcrübəyə malikdir. Cəmiyyətdə mübahisəsiz hörmət sahibidir."

Aparıcı həmçinin deyib: "Gözəl qadın Mehriban Əliyeva, siyasətin Şərqdə kişi işi olduğu stereotipinin yanlışlığını sübut edir. "

Birinci vitse-prezidentlə müsahibə aparan müxbir öz növbəsində deyib:

"Güclü qadının çiyinlərinə yeni bir məsuliyyət düşüb. Təkcə təbriklərə cavab verməklə bitmir bu. Azərbaycan müxalifəti ərin arvadını, ölkənin ikinci üzü təyin etməsini etirazla qarşılayıb. Əliyevlər ailəsini prezident hakimiyyətini gücləndirmək istəyi ilə ittiham edirlər."

"Mehriban Əliyevanın rəqibləri bir elə də çox deyil. Vətənində ona sevgi böyükdür. Hətta, milli və dini azlıqlar da onu dəstəkləyir. Heydər Əliyev fondu Azərbaycandakı xristianların dostudur və məbədlərin bərpasına yardım edir, milli mədəni mərkəzlər inşa etdirir."

Kommersant FM saytı: "De-Yure monarxiyaya keçid - zaman məsələsidir"

"Kommersant FM" müxbiri Stanislav Kuçer, yazısında hadisənin Azərbaycan üçün çox əlamətdar olduğunu düşündüyünü bildirib:

"Dünyanın Azərbaycandan tutmuş Türkiyəyə, Belorusdan tutmuş Rusiyaya qədər müxtəlif ölkələrində baş verənlərə nəzər saldıqca mən, tez-tez belə bir sual ilə üz-üzə qalıram: kim hamıdan tez tərpənəcək və təxminən belə bir şey dəyəcək: "Yaxşı, dostlar, gəlin kommunizm və amerikasayağı demokratiya oyununu dayandıraq və həqiqətə baxaq və etiraf edək ki, bu, bizlik deyil.

Bizə bu rəsmiyyətlər: parlament, siyasi rəqabət, azad məhkəmə lazım deyil. Bizim xalqımıza lider lazımdır və seçkilər üçün boşuna vaxt və pul xərcləməyə dəyməz. Monarxiya - bizim üçün ideal hakimiyyət formasıdır".

Exo Moskvı: Mərkəzi Asiya üz mütəxəssis Arkadi Dubnov ilə müsahibə

Exo Moskvı Mehriban Əliyevanın yeni vəzifəyə təyin olmasını "Osoboe mnenie" (Şəxsi fikir) verilişində müzakirə etmək üçün Mərkəzi Asiya üzrə mütəxəssis Arkadi Dubnov ilə müsahibə edib. Müsahibədə mütəxəssis Mehriban Əliyevanın təyinatı arxasında məntiqi belə izah edib:

Arkadi Dubnov: Təkrar edirəm, Mehriban Əliyeva, Paşayevlər nəslinin ən nüfuzlu üzvüdür. Bu ailə, hələ Sovet dövründən böyük nüfuza sahib olub. Ailə, belə demək olarsa...

Olqa Juravlyova: Yəni, Əliyevlər ailəsi üçün təhlükə yarada bilərdilər.

Arkadi Dubnov: Onlar, yalnız təhlükə yaratmırlar. Sadəcə olaraq, Mehriban Əliyevanın təyinatı, deyərdim ki, rəsmən bu nəslə, mühüm məqamları - məsələn iqtisadi mövqelər - tutan kadrları bölüşdürmək üçün ailənin gücünün möhkəmlənməsinə imkan verir. Və bu, ümumiyyətlə ölkə daxilindəki gərgin siyasi vəziyyəti aradan qaldırmaq üçün onlara güc verir.

Və son olaraq, mənə, Azərbaycandakı məlumat mənbələri də təsdiq edir ki, bənzəri addımı İlham Əliyev 3-4 il əvvəl baş tutan son prezident seçkilərindən qabaq planlaşdırıb.

O, görünür ki, Vladimir Vladimiroviç ilə Dmitri Anatolieviçin taktikasından ilhamlanıb, hə? Beləcə məqsəd, Konstitusiyaya zidd olmayaraq, belə deyək, sivil yolla bir müddət uzaqlaşıb, yenidən daha iki il hakimiyyətdə qalmaq olub.

RBK: Cütlüyün idarə etdiyi ölkə

RBK biznes qəzeti "Cütlüyün idarə etdiyi ölkə, Niyə Azərbaycanın prezidenti xanımını vitse-prezident təyin edib" adlı məqalədə yazır:

Azərbaycanda uzun müddətdir ki, hakimiyyətin, varis olmadan necə əldə saxlanması barədə söz-söhbətlər gedirdi. Bunun üçün prezidentə dəstək olan bir əlavə simaya ehtiyac var idi və xanımını vitse-prezident postuna təyin etmək, normal və gözlənilən idi, Karneqi mərkəzinin eksperti Aleksey Malaşenko deyib.

Malaşenko əmindir ki, burada ən vacibi, hakimiyyətin bir ailədə, nəsildə qalmasıdır.

Mehriban Əliyevanın hakimiyyətdəki statusu böyük idi və təyinat bunu rəsmiləşdirdi. Fors-major və ya daxili siyasi vəziyyətin kəskinləşməsi halında, hakimiyyətin elitanın etibar etdiyi şəxsdə qalması qanuniləşdi, Qafqaz üzrə məsələlər və MDBMİ regional təhlükəsizlik mərkəzinin baş elmi işçisi Nikolay Silayev belə düşünür.

Fotonun müəllifi Reuters
Image caption Bəzi Rusiyalı mütəxəssislər prezidentin oğlu Heydər Əliyevi (sağda) hakimiyyətə hazırladığını düşündüklərini bildiriblər

Moskovski Komsomolets

Moskovski Komsomolets qəzeti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olmasına dair mütəxəssislərdən aldığı rəyləri bir məqalədə toplayıb.

Post-sovet Araşdırmalar Mərkəzi İMEMO-un "aparıcı elm işçisi" Vadim Muxanovdan aldığı şərhdə mütəxəssis bildirib:

"Əliyevin arvadını vitse-prezident təyin edəcəyi ilə bağlı söhbətlər, bir ildən çoxdur ki gedirdi. Buna görə də, manatın devalvasiyası zamanı ölkədə nəsillər arası qalmaqalların başladığı an, qərar qəbul edilmişdi."

"Əliyevin kadr fondu məhduddur, bu səbəbdən o, ən yaxınlarına müraciət etmək məcburiyyətindədir. Əgər hakimiyyətə atasından sonra gələn Əliyev ölsə və ya fəaliyyət qabiliyyəti olmazsa, arvadı hakimiyyətin idarəsini əlinə alacaq ki, oğulları Heydərə ötürə bilsin."

"Heç kimin Azərbaycanda yaranan siyasi sistem haqqında illüziyası yoxdur: bu neo-monarxiyadır."

Qəzet həmçinin Qara dəniz ölkələri üzrə sosial-siyasi araşdırmalar İnstitutunun baş elmi işçisi Vladimir Novikovdan da şərh alıb:

"Mehribanın təyinatı, yerli sakinləri artıq qəzəbləndirmir, lakin, Əliyevə öz ailə hakimiyyətini möhkəmləndirmək üçün addım atmaq əminliyi bəxş edir."

"Gələcəkdə Əliyev, oğlu Heydəri mühüm dövlət işlərinə təyin edərək, onu prezidentliyə hazırlayacaq."

Əlaqəli mövzular

Bu barədə daha geniş