Azərbaycanda tütünçülük və baramaçılığın yeni dövrü başlayıb?

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şəki sakini: baramaçılığı "gözdən tər-təmiz saldılar"

Şəkinin Baltalı kəndində hazırda maldarlıq inkişaf etsə də, Sovet hakimiyyəti dövründə burada daha çox tütün əkimi və barama saxlanılması geniş yayılmışdı.

O zaman ölkədə geniş yayılan baramaçılıq Şəki rayonu boyunca çox populyar idi. Müstəqillik illərinin əvvəlindən başlayaraq isə bu sahə süquta doğru getdi.

Ancaq fermerlər deyir ki, 90-cı illərin ortalarında çox zəifləmiş baramaçılıq, ötən il yeni mərhələyə qədəm qoyub. Ölkənin şimal qərb rayonlarında bir neçə fermerlərə dövlət tərəfindən pulsuz barama toxumu paylanıb.

Neft gəlirlərindən asılı olan və neft istehsalı azalmaqda olan Azərbaycan rəhbərliyi indi çıxış yolunu kənd təsərrüfatında, eləcə də baramaçılıq və tütünçülükdə görür. Bəzi tənqidçilərə görə isə, hökumət bunun üçün xeyli gecikib.

Ölkə prezidenti tərəfindən "2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" üçün sərəncam verilsə də, kənd təsərrüfatına hakimiyyət orqanlarının marağı son illərə təsadüf edir.

2015-ci ilin kənd təsərrüfatı ili qeyd olunması, ötən ildən baramaçılıq üçün pulsuz toxumların fermerlərə paylanması və pambıqçılığın inkişaf etdiriləcəyi ilə bağlı deyilənlər bunu göstərir.

Lakin tənqidçilər, hökumətin buna necə nail olacağını hələ də sual altında olduğunu hesab edirlər.

Bəs baramaçılıq Azərbaycanda əvvəlki uğurlu məhsuldarlıq dövrünə qayıda biləcəkmi?

Suvarma problemi

Baltalı kəndinin sakinləri deyir ki, müstəqillikdən sonra tütün və baramanın qiyməti çox aşağı düşüb. Elə bu səbəbdən də kəndlilər bu kənd təsərrüfatı sahələrindən uzaqlaşıb.

Onlar deyir ki, ötən il nazirliyin payladığı barama toxumunu kənddə 3-4 nəfər götürüb.

Çox adamın barama saxlaya bilməməsinin səbəbini isə kəndlilər belə izah edir:

"Güclü nəzarət, istilik tələb edilir. Həm də kənddə toxumların yedizdirilməsi üçün yarpaqları lazım olan tut ağaclarının çoxu kəsilib".

Tütünçülüyə gəlincə isə, sakinlər bu sahənin Baltalı kəndində yenidən dirçələ bilməməsinin səbəbini suvarma problemilə əlaqələndirirlər.

Onların sözlərinə görə, indi əkin sahələrini sulaya bilmirlər, çünki "artezianlar və çaylar quruyub".

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin şöbə müdiri Əjdər Cavadov isə bu sözlərlə razılaşmır. O bildirir ki, Baltalı kəndinin su təminatı yaxşıdır.

"Orda bizim 5 subartezian quyumuz var. Çox gözəl su verir. Əkin sahəsinin bir hissəsi də Kişçay çayından suvarılır, yay aylarında çətinlik olur", deyir cənab Cavadov.

Onun sözlərinə görə, vəsait ayrılacağı təqdirdə növbəti illərdə kənddə bir subartezian quyusu qazıla bilər.

Oğuzun Xalxal kənd sakinləri isə bildirirlər ki, rayonda bu iki sahənin zəifləməsinin səbəbi müstəqilliyin ilkin illərində məhsulun ucuz qiymətə alınmasıdır.

"Sovet dövründə bizim kolxoz 300-350 ton tütün, 12-15 ton da barama təhvil verirdi. Amma sonra hamısı ləğv olundu," Xalxal kənd sakini deyir.

Həvəsli fermerlər

Baramaçılıq yaz aylarının sonuna təsadüf edir və toxumlar, başqa dillə desək barama qurdları müəyyən fasiələlərlə tut yarpağı ilə yedizdirilir. Daha sonra qurdlar barama sarımağa başlayır. Bütün bu proses cəmi 40 gün çəkir. Baramadan yüksək keyfiyyətli ipək almaq olur.

Şəkinin Qovmuq kənd sakini Arif Bayramovun baramaçılığa həvəsi o qədər olub ki, o həyətində sırf barama saxlamaq üçün 20 metr uzunluğunda xüsusi otaq tikib.

Deyir barama saxladığı vaxt bu otaq boyu sağ və sol tərəflərdə ikimərtəbəli rəflər düzəldib və toxumlara orda baxıb.

"Baramaçılıqdan ötəri quru, təmiz, havalı yer gərəklidir. Şərait yaxşı olmalıdır ki, yaxşı məhsul götürəsən", Arif deyir.

Cəmi 2-3 il barama saxlaya bildiyini deyən Arif, Sovet İttifaqı dağıldıqdan sonra bir daha bu sahəyə geri dönə bilməməsinə heyfslənir.

O, vaxtilə 250 kilo barama təhvil verərmiş.

"Gecə yatmırdım, güclü nəzarət edirdim", deyir müsahibimiz.

Sonradan bu sahədən uzaq düşməsinin səbəbini isə Arif belə açıqlayır: "Rayon rəhbərliyi də baramaçılıqla məşğul olmadı. Toxum verən də yox idi. Tut ağacları da azaldı".

Arifin sözlərinə görə, ötən il kənddə 5 nəfərə barama toxumu paylanıb.

O deyir ki, bu sahənin geniş yayılması üçün tut ağacları əkilməlidir və bunun üçün də xüsusi yer ayrılmalıdır.

Vaxtilə tütünçülüklə məşğul olmuş müsahibimiz bizə həm də tütününü qurutduğu çardağı göstərir.

O indi, bir hektarlıq əkin sahəsinə taxıl və tərəvəz əkir. Deyir hazırda maldarlıqla məşğuldur və ya usta kimi işləyib ailəsini dolandırır.

Fotonun müəllifi EPA
Image caption Baltalı kənd sakini Nahib Qafarov

Baltalı kənd sakini Nahib Qafarov isə ötən il dövlətdən barama toxumu ala bilmiş fermerlərdəndir.

O, "anadan olandan kənd təsərrüfatı ilə məşğuluq, sovet dövründə də barama saxlayırdıq" deyir.

Nahib uzun müddətlik fasilədən sonra ötən il 30 qram toxuma baxıb və 86 kq məhsul alıb.

O deyir ki, məhsulun hər kiloqramına görə ipək kombinatında ona 8 AZN pul ödəyiblər. Bu sahənin əziyyətinin çox olduğunu deyən fermer, gəlirinin də yaxşı olduğunu vurğulayır.

Deyir ki, baramaçılığın və tütünçülüyün kənddə yoxa çıxmasının səbəbi "90-cı illərdən sonra camaatda bu sahələrə inamın sındırılması olub".

"Alış, satış zəiflədi. Hamı həyətindəki tut ağacların kəsdi. İndi bu il yarpaq tapmaqda çətinlik çəkdik. Qonşuların həyətindəki ağaclardan, meşədən yarpaq qoparıb toxumları yedirtdik", deyir fermer.

"Qiymət vermədilər bu sahələrə, gözdən saldılar", deyir Nahib Qafarov.

Oğuzun Bucaq kəndində də tütünçülük vaxtilə geniş yayılmışdı. Söhbətləşdiyimiz fermerlər deyirlər ki, son 3-4 ildir ki, bəzi ərazilərdə tütün əkilir. Lakin həcm azdır.

"Əvvəl 50 hektar ərazidə əkilirdi, indi 5-6 hektar", deyir kəndlilər.

Onların sözlərinə görə, indi tütün alıcılığının forması da dəyişib. Əvvəllər kəndlilər tütün məhsulunu qurutduqdan sonra sata bilərdilər. Hazırda isə onlardan yaşıl tütün yarpaqlarını alırlar.

Əvvəllər bu sahə ilə məşğul olmuş kənd sakini Arzu Hacıməmmədov hazırda usta kimi işləyir.

Deyir əkinçiliyi əməyə qiymət verilməməsinə görə atıb.

"Tütündə qiymətlər aşağı oldu, qiymətləndirilmədi. Başladıq başqa işlər axtarmağa. İndi də pay torpaqlarına ya özümüz arpa, taxıl əkirik, ya da icarə veririk", deyir Arzu.

Onun sözlərinə görə, tütünün satış qiyməti qaneedici olsa, yenidən əkin sahələrinə qayıdar.

Dirçəlmə?

Şəki Şəhər İcra Hakimiyyəti deyir ki, respublikada baramaçılığın inkişafı məqsədilə istehsalçılara dölət tərəfindən diqqət və qayğı artırılır.

Belə ki, fermerlərə barama qurdu pulsuz verilib. Həmçinin, barama qurdunun bəslənilməsi zamanı tələb olunan kağız, termometr və sair materiallar "rayonun daxili imkanları hesabına təmin edilib".

Qurum sözçüsü bildirir ki, 2016-cı ildə istehsalçılardan alınan yaş baramanın 1 kq-nın qiyməti 8 manata qaldırılıb. Onun iddia etdiyinə görə, əvvəllər bu qiymət 3 manat olub.

İcra hakimiyyəti deyir ki, yeni toxmaçar bağlarının salınması məqsədilə 2016-cı ilin payızında rayonun barama istehsalçılarına 50 min ədəd yerli, 25 min ədəd isə Çin Xalq Respublikasından idxal olunan tut tingi pulsuz verilib.

Tütünçülüyə gəlincə isə dövlət qurumu bildirir ki, bu sahəyə də dəstək göstərilir.

"Tütün istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 50 manat subsidiya verilir. Mineral gübrə və kimyəvi preparatlar güşətli şərtlərlə, yəni dəyərinin 70 %-i dövlət tərəfindən ödənilməklə satılır", deyir qurum.

İcra Hakimiyyəti məhsulun alış qiymətlərini də artırdığını deyir.

"İstehsal olunub satılan quru tütünün 1 kq-na, yaş tütünün isə 10 kq-na 5 qəpik məbləğındə əlavə subsidiya verilir", Şəki Şəhər İcra Hakimiyyəti BBC Azərbaycancaya deyib.

Oğuz Şəhər İcra Hakimiyyətinin nümayəndəsi BBC Azərbaycancaya deyib ki, əvvəlki dövrə baxanda tütünçülük sadələşib.

"Əvvəl dərib qurudurdular, amma indi yarpaqları satırlar. Qiymət də yaxşıdır".

Qurum, onu da qeyd edib ki, rayonda baramaçılıq üçün 32 min ədəd tut tingi əkilib. Gələcəkdə isə, 300 hektar tütün sahəsinin əkilməsi planlaşdırılıb.

"Kampaniya xarakterli addımlar"

Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmovun bildirdiyinə görə, ölkədə 2015-ci ildə 236 kiloqram barama istehsal edilib. Əvvəl isə bu rəqəm 5 min 200 ton olub.

Tütünçülüklə bağlı təhlilçi deyir ki, "əvvəllər çox böyük həcmdə tütün istehsal olunub". İndi isə bu rəqəm 3 min 500 kq-a düşüb.

Cənab Məhərrəmovun sözlərinə görə, Azərbaycanda istehsal olunan tütün aşağı keyfiyyətlidir və bəzi ölkələr bu tütünü alıb əhalinin kasıb təbəqəsi üçün siqaret istehsal edir.

O, belə ölkələrə misal olaraq Belarusun adını çəkir.

Adı çəkilən hər iki kənd təsərrüfatı sahəsinin son illərdə maraq göstərilməsilə bağlı təhlilçi deyir ki, bu addımlar "kampaniya xarakterli"-dir.

Təhlilçi dövlət orqanlarının bu sahələrin inkişafında maraqlı olmadığını deyir.

"Emal müəssisəsini öz əllərində saxladıqları üçün xammal istehsalına fikir verirlər. Kəndlilərin istehsal etdikləri xammalı alıb, istehsal edib ixracı ilə məşğul olmaq istəyirlər", o deyir.

Onun sözlərinə görə, xammal istehsalını artırmaqda məqsəd daha ucuz məhsul əldə etməkdir.

Cənab Məhərrəmov emal müəssisələrinin də daimi fəaliyyət göstərməli olduğunu deyir. O, Şəkidə yerləşən İpək kombinatının yalnız yaz aylarında qısa müddətlik fəaliyyət göstərdiyini və sonra dayandığını qeyd edir.

Təhlilçi bu addımların gələcəkdə davamlı olub-olmayacağını da sorğulayır.

Kənd Təsərrüfatı nazirliyi nə deyir?

Nazirliyin bitkiçilik şöbəsinin müdüri İmran Cümşüdov deyir ki, ölkə başçısının 2016-cı ildə imzaladığı sərəncama əsasən, tut tinglərinin alınması və barama toxumunun istehsalçılara əvəzsiz verilməsi üçün vəsait ayrılıb.

Vəsait hesabına Çindən 1, 5 milyon ədəd tut tingi gətirilib və Prezident Administrasiyası tərəfindən aparılmış bölgü əsasında 37 rayona paylanıb, o deyir.

Nazirlik sözçüsü, 150 hektara yaxın tut bağlarının salındığını da qeyd edir.

"Proseslər davam etdirilir. 2017-ci ildə 5 min qutu tut ipəkqurdu toxumu gəitirilməsi nəzərdə tutulub və tender elan edilib", deyir cənab Cümşüdov.

Şöbə müdirinin sözlərinə görə, ölkədə bir ipəkçilik kombinatı var, onun da "potensialı kifayət qədərdir."

Kombinatın daimi işləməməsilə bağlı isə o bildirir ki, bunun üçün əvvəlcə yaş barama istehsalı artırılmalıdır.

Cənab Cümşüdov gələcəkdə tut ipəkqurdu toxumlarının ölkədə istehsalı ilə bağlı tədbirlər həyata keçirildiyini və bunun üçün Çindən mütəxəssislər dəvət olunduğunu deyir.

"Qax Damazlıq İpəkçilik Stansiyasının infrostrukturu müasir səviyyədə bərpa olunmalıdır ki, yerli istehsal hesabına toxumla təmin edə bilək".

İmran Cümşüdov tütünçülüyün də inkişf etdiriləcəyini deyir. Onun sözlərinə görə, bu sahənin inkişafı Şəki-Zaqatala ərazisində əhalinin məşğulluq problemlərinin həll edilməsində vacibdir.

O deyir ki, ölkədə 2400 hektar sahədə tütün əkilib və 3 min 600 ton məhsul istehsal olunub. "Proses davam edir", o sonda vurğulayır.

Bu barədə daha geniş