Britaniya mətbuatı: "Dəbdəbəli mülk və mallara ağır beynəlxalq vergilər qoyulmalıdır"

Fotonun müəllifi Thinkstock

Dəbdəbəli mülk və mallara ağır beynəlxalq vergilər qoyulmalıdır

"The İndependent" qəzetində Kozo Yomomura yazır ki, ABŞ, Britaniya, Yaponiya və Avropa İttifaqı və ya "inkişaf etmiş ölkələr" kimi tanınan dövlətlər son üç onillik ərizində fəlakətli istiqamətdə hərəkət ediblər.

Məqalədə deyilir ki, asan maliyyə siyasətlərinin hamıya firavanlıq gətirəcəyi barədə gözləntilər doğrulmayıb.

Bu dövr ərzində hamı inanırdı ki, aşağı vergilər və canlanmış iqtisadiyyat cəmiyyətin bütün üzvlərini mənfəətləndirə bilər.

Lakin reallıq başqa şey deyir, Yomomura yazır.

1980-ci illərdə ABŞ-ın ÜDM-i 2, 62 faiz civarında dövr edib. 2007-2008-ci illərin iqtisadi böhranından sonra orta ÜDM 1, 42 faizə düşüb.

Yaponiyada bu rəqəm müvafiq olaraq 2, 61 və 1, 09 faiz olub.

Avropanın aparıcı iqtisadiyyatları - Fransa, Almaniya, Birləşmiş Krallıq, İtaliya və İspaniyada 1980-ci illərdə ÜDM 2, 42 faiz idi, lakin maliyyə böhranından sonra bu rəqəm mənfi 0, 65 faizə enib.

Eyni zamanda sosial ehtiyacların ödənilməsi üçün edilən investisiyalar kafi olmayıb.

Məqalədə deyilir ki, hazırda qəribə paradoks yaranıb. Varlıllarla yoxsullar arasındakı uçurum genişləndikcə, işsizlik artdqıca adamların əksəriyyəti nisbətən yüksək həyat səviyyəsində yaşayır.

Lakin 21-ci əsrdə kapitalizmin dinamik dəyişmələrə ehtiyacı var. Bunu etmək çətin olacaq, lakin etməmək fəlakətə səbəb ola bilər, müəllif yazır.

Cəmiyyətdə lüks və bahalı əşyalara iri pulların xərclənməsinə ehtiyac olub-olmaması məsələsi bir müddətdir ki, müzakirə olunur.

İndi daha çox minimalizm çağırışları eşidilir. Bir vaxtlar "kapitalizmin ölümünü" elan edən Occupy hərəkatı bildirir ki, dəyişikliyə kəskin ehtiyac var.

Yomomura yazır ki, bu barədə müzakirələr vergilərin ÜDM-in 5 faizinə çatdırılması məsələsindən başlanmalıdır.

ABŞ-da vergilərin ÜDM-in 5 faizinə çatdırılması əlavə olaraq 1 trilyon dollar vəsait verərdi ki, bu da ictimai ehtiyacların ödənilməsi üçün tamamilə kafi olardı.

Məqalədə deyilir ki, yüksək gəlirlərə malik adamların zirvə qrupuna daxil 1 faizindən tutulan vergilərin 45 faizə qaldırılması isə 276 milyard dollar büdcə gəliri verə bilərdi.

Bu, tələb olunan 1 trilyon dolların dörddə birindən çoxdur.

Korporativ vergilərin 10 faiz artırılması daha 350 milyard dollar vəsait yaradardı.

Eynilə Yaponiyada vergilərin ÜDM-in 5 faizinə çatdırılması əlavə olaraq 250 milyard dollar, Almaniyada isə 190 milyard dollar vəsait yaradardı.

Zənginliyə qoyulacaq beynəlxalq vergi barədə ciddi düşünmək lazımdır, Yomomura yazır.

Heç şübhəsiz belə ağır vergilərə zənginlərin müqaviməti olacaq, lakin zaman belə vergiləri dəstəkləyənlərin xeyrinə işləyir.

"Biz ətraf mühitin təmizliyini qorumaq üçün lüks əşyaların üzərinə böyük vergilər qoymalıyıq" - deyilir məqalədə.

Müəllifin fikrincə, ətraf mühitə ziyan üzərinə də ciddi vergilər qoyulmalıdır.

Bu da qeyd olunur ki, Ümumi Daxili Məhsulun hesablanması qaydası da dəyişdirilməlidir. Bu qaydalar 1930-cu illərdən qalır və artıq köhnəlib.

Kozo Yomomuro məqalənin yekununda yazır ki, cəmiyyətdə zənginlik və yoxsulluq arasındakı uçurumun aradan qaldırılması üçün ilk növbədə elektoratlar ayıq olmalı və lazımi dəyişiklikləri gətirə biləcək namizədlərə səs verməlidirlər.

Fotonun müəllifi AFP

Amerikada yəhudilərin hədələnməsi halları artıb

"The Guardian" yazır ki, Birləşmiş Ştatlarda yəhudi mərkəz və məktəblərinə bomba təhdidlərinin sayı artıb.

Bu arada Philadelphia-da hakimiyyət orqanları həftəsonu vandalizmə məruz qalmış yəhudi qəbristanlığında baş və sinə daşlarının bərpasına və təmizlənməsinə başlayıblar.

Amerika yəhudilərinin JCC Assosiasiyası bildirib ki, yəhudi icma mərkəzlərinə və yəhudi məktəblərinə 11 ştatda bomba hədəli telefon zəngləri daxil olub.

Buna baxmayaraq heç bir obyektdə bomba partalayışları baş verməyib və sözü gedən müəssisələr normal iş vəziyyətinə qayıdıb. Bu hadisələri FTB araşdırır.

Məqalədə deyilir ki, bu, yanvar ayından bəri beşinci bomba hədəsi dalğasıdır.

Philadelphia-da polis Mount Carmel qəbristanlığında 100-dək başdaşının aşırılması ilə bağlı araşdırma aparır.

Philadelphia meri Jim Kenney deyib ki, hakimiyyət orqanları vandalizm aktını törədənlərin tapılması üçün əlindən gələni əsirgəmir.

Vandalizmi törədənlərin tapılmasına kömək edəcək informasiyaların hər biri üçün 13 min dollar mükafat təyin edilib. Bundan başqa xeyriyyə cəmiyyətləri dağıdılmış yəhudi qəbirlərinin bərpası fonduna pul toplamaqla məşğuldur.

Yəhudi qrupları və siyasi opponentlər prezident Donald Trump-ı bu hadisələrə reaksiya göstərmədiyinə görə tənqid edirlər.

Ümumiyyətlə, Trump-ın və onun administrasiya üzvlərinin antisemitizmi barədə söz-söhbətlər milyarder tikinti maqnatı Ağ Evə gələndən bəri dövr edir.

Seçki kampaniyası dövründə Trump antisemit xarakterli şəkli tvit etdikdən sonra kəskin tənqid olunmuş, lakin bunu qərəzlə etdiyini danmış, həm də həmin şəkli öz hesabından silmişdi.

Bəzi təhlilçilər qeyd edirlər ki, Trump anisemitizmi ilə tanınan bir sıra müşavirlərinin, əsas etibarilə ifrat sağ təmayüllü Breitbart saytının keçmiş redaktoru, hazırda isə prezidentin baş müşaviri Steve Bannon-un təsiri altına düşüb.

Lakin burası da var ki, Trump-ın kürəkəni və müşaviri Jared Kushner yəhudidir və qızı İvanka ona ərə gedərkən iudaizmi qəbul edib.

Fotonun müəllifi Thinkstock

Adamlar adlarına bənzəyirlərmi?

"The Telegraph" yazır ki, uşağa ad qoymaq valideynlər üçün adətən başağrısı olur, lakin son elmi araşdırmaya görə uşağın adı onun təkcə taleyinə yox, həm də sifət cizgilərinə təsir edə bilər.

Alimlər bunu "Dorian Grey effekti" adlandırıblar. Yazıçı Oscar Wilde-ın qəhrəmanı Dorian Grey də həyatda etdiyi bütün pislikləri özü də bilmədən portretindəki sifət cizgilərinə "köçürürdü".

Yeni araşdırmaya görə, məsələn adı Bob olan şəxslər girdəsifət və gülərüz təsəvvür edilirlər. Tim adlı kişilərin, əksinə daha qaraqabaq və qapalı adamlar olduğu düşünülür.

Məqalədə deyilir ki, bunu "buba-kiki" effekti də hesab etmək olar. Buba kimi səslənən adlar daha çox girdəlik və yumruluğa, kiki kimi səslənən adlar isə daha çox uzun, nazik və iti predmetlərə aid olur.

Məqalədə deyilir ki, 'Winston' adını daşıyanlar daha təmkinli və zəhmli, Mary adını daşıyanlar isə daha təmiz, iffətli və namuslu hesab edilirlər.

Alimlər düşünürlər ki, məsələn, 'Katherine' adlı qızlar "Bonnie" adlılarla müqayisədə daha ciddi olurlar. Bu ondan irəli gəlir ki, adların səslənişi insan yaşa dolduqca üz cizgilərinə təsir göstərir, qəzet yazır.

Yerusəlimdəki Hebrew Universitetindən professor Yonat Zwebner deyir ki, araşdırmalar adlarla bağlı stereotiplərin zahiri görünüşlə əlaqədar olduğunu göstərib.

Alim deyir ki, biz üzünü görmədiyimiz adamları adların stereotipindən çıxış edərək təsəvvür edirik. Məsələn bizim təsəvvürümüzdə Bob adlı adamlar tosqun və gülərüz, Tim adlı şəxslər isə arıq və qaradinməzdirlər.

Üz formasının adla əlaqəsini aşkar etmək üçün alimlər 8 eksperiment aparıblar.

Məqalədə deyilir ki, hər yeni təcrübədə iştirakçılar adla sifət arasındakı əlaqəni daha yaxşı duyurdular.

Eksperiment iştirakçıları hətta müxtəlif etnik mənşəli adamların adları ilə onların sifət quruluşu arasındakı əlaqəni 20-25 faiz hallarda düzgün müəyyən edirdilər.

Sonuncu eksperimentdə uğur faizi artıq 40 idi.

Doktor Zwebner deyib ki, bizə verilən adlar cəmiyyətdəki stereotiplər və gözləntilərlə bağlıdır və zaman ötdükcə bizim zahiri görünüşümüzə, daha doğrusu necə görünməli olduğumuza təsir edir.

"Qısası biz sonunda cəmiyyətin bizi görmək istədiyi kimi oluruq, - deyib alim, - Biz doğulduğumuz andan təkcə cinsiyyətimiz, milliyyətimiz və sosial-iqtisadi statusumuzun yox, həm də bizə verilmiş sadə bir adın təsiri altında strukturlaşırıq".

Bu araşdırmadan həm də bəlli olub ki, adla sifət quruluşu arasındakı əlaqəni müəyyənləşdirən kompüter alqoritmi yaratmaq mümkündür.

Əlaqəli mövzular