Sual-Cavab: Maliyyə sektoru necə müasirləşdirilir?

Fotonun müəllifi Getty Images
Image caption İqtisadi çətinlik dövründə maliyyə sektorunun müasirləşdirilməsi sadə vətəndaşa dolayı yolla təsir edib

Azərbaycanda maliyyə sektoru necə müasirləşdirilir?

Mütəxəssislərə görə, Azərbaycanda maliyyə sektorunu müasirləşdirmək üçün bəzi yeni qanunların qəbulu, eləcə də vahid sistemlərin yaradılması vacibdir. Bu sahədə qəbul edilmiş ən son qanunvericilik Fond bazarı haqqında Qanun 2015-ci ilin mayında qəbul edilib. Dünya Bankı (DB), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin(SECO) maliyyə dəstəyi və Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) buna birgə həyata keçirdikləri "Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi" çərçivəsində müvəffəq olub.

Bu həftə DB-nin Azərbaycana yenicə ziyarətini bitirmiş missiyasının iştirakı ilə təqdim edilən bu layihənin yeni fazasının da məqsədi eynidir - əməliyyat və təşkilatı yardım etmək. Hədəf isə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdir. Konkret olaraq, bank nəzarətinin gücləndirilməsi üçün hüquqi və tənzimləmə bazasının təkmilləşdirilməsi, Palatanın potensialının gücləndirilməsi, sığorta bazarı üzrə hüquqi bazanın təkmilləşdirilməsi və bu yolla maliyyə sahəsində istehlakçıların hüquqlarının qorunmasıdır.

Layihənin 2017-2020-ci illəri əhatə edən II fazasının həyata keçirilməsinə İsveçrə höküməti 3 milyon dollar ayırıb. Layihənin 2011-ci ildə başlamış ilk fazası ötən ilin noyabrında bitib.

Layihəyə təşəbbüs Azərbaycan hökümətindən gəlib, DB layihəni texniki yardım, məsləhət, ekspertlər və bilgi mübadiləsi ilə təmin edir.

Maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ilk fazasında konkret nələr əldə edilib?

Layihənin ən böyük uğuru ötən ilin may ayında "Fond bazarı haqqında" qanunvericiliyin işlənib hazırlanması və qəbul edilməsi olub. Mütəxəssislərə görə, qanun bazara dəyişiklik gətirib. Bu qanun hazırlanarkən - Rusiya, Türkiyə və Avropa təcrübəsi öyrənilib.

Qanunda kapital bazarında fəaliyyət göstərən fond birjası, milli depozit mərkəzi, investisiya şirkətləri və onların işləmə mexanizmləri, qiymətli kağızların emissiyası, emitetlərlə bağlı yeni tələblər öz əksini tapıb. Sənədin qəbulundan sonra bu sektora aid qurumlar da daxili qayda və standartlarını qanuna uyğunlaşdırıb.

Bundan başqa, yeni bir ticarət sektoru - Azərbaycan bazarına məxsus elektron ticarət sistemi hazırlanıb. Qiymətli kağızlar bazarında olan şirkətlər gündəlik həyatda işlərini bu sistemlə qurur.

Bu sistem nəticəsində kağız və sənəd dövriyyəsi azalıb, maliyyə əməliyyatları və yazışmaların elektron yolla aparılır, fond birjasının ticarət sistemi ilə milli depozit sisteminin müştəri kodları eyniləşdirilib. Bir sözlə, maliyyə sektorunda işlərin aparılması üçün əsaslı dəyişiklik edilib.

İqtisadi çətinlik dövründə maliyyə sektorunun müasirləşdirilməsindən sadə vətəndaş necə faydalanır?

İqtisadi çətinlik dövründə sadə vətəndaşa bu layihə dolayı yolla təsir edib. Mütəxəssislərə görə, devalvasiyaların olması sadəcə prosesi sürətləndirib.

Konkret nəticəyə gəlsək, gündəlik həyatda bu layihənin nəticəsini əsasən kommunal ödənişlər edərkən hiss edib. Layihənin ilk fazası zamanı milli poçt operatoru - Azərpoçt vasitəsilə baza maliyyə xidmətlərinin göstərilməyə başlanıb.

Bunun üçün isə kompüter şəbəkəsi yaradılıb və vahid mərkəzdə birləşdirilib, əməkdaşlara təlim verilib. Nəticədə mindən çox məntəqəsi olan Azərpoçtun milli ödəniş sisteminə qoşulması yolu ilə istənilən bölgədə real vaxt rejimində istənilən poçt şöbəsində kommunal ödənişləri həyata keçirmək mümkün olub.

Bundan başqa, maliyyə savadlılığının artırılması üçün bəzi məktəblərdə uşaqlara pul, əmanət, kredit və başqa maliyyə terminlərinin izah edilməsi üzrə təlimlər təşkil edilib. Ümumi ictimaiyət isə Bizimpullar.az saytı kimi savadlılığın artırılması üçün xüsusi portaldan istifadə edə bilər.

Layihə çərçivəsində hansı çətinliklər ortaya çıxıb?

Bank sektorunu çıxmaq şərtilə Azərbaycanda maliyyə bazarlarının digər sahələri inkişafın ilkin mərhələsində hesab olunur. Elə bu səbəbdən müasirləşdirmənin nəticələrində nəzərə çarpacaq yeniliklər gözə dəymir.

Hələlik isə Dünya Bankı ümid edir ki, yaxşı baza qurulub, amma real bazarın həcmi və dərinliyi kimi nəticələri görmək üçün vaxt lazımdır.

Bu sual-cavab Dünya Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatları və iqtisadçıların rəyləri əsasında hazırlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş