MN: Azərbaycan əsgəri həlak olub

Əsgər Fotonun müəllifi APA.AZ

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhə xəttində döyüş toqquşmasında yaralanan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri ölüb.

"Əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub", nazirlik bildirir.

Bundan başqa Müdafiə Nazirliyinin çərşənbə axşamı yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub.

"Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", nazirlik bildirib.

Fevralın 24-dən 25-ə keçən gecə Dağlıq Qadabağ ərazisində cəbhə xəttində döyüşlər baş verib və tərəflər "itkilər" barədə məlumat yayıb.

Bazar ertəsi Azərbaycanın Müdafiə Nazirliyi fevralın 24-dən 25-ə keçən gecə cəbhədə atəşkəsin pozulması nəticəsində həlak olmuş beş hərbi qulluqçunun nəşlərinin döyüş meydanından çıxarıldığını bildirib.

Fevralın 26-da ATƏT Minsk Qrupunun həmsədrləri tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə çağırıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən martın 1-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə daha geniş