Mətbuat icmalı: Video paylaşan şəxsi zorla "polisə aparmaq istəyiblər"

Fotonun müəllifi Getty Images

"Azadlıq": Feysbukda video paylaşan şəxsi zorla polisə aparmaq istəyiblər

Yasamal rayon polisinin xeyli əməkdaşı Bakıda yaşayan Səbuhi Hacıyevin yaşadığı evinə gəlib, onu polis bölməsinə aparmaq istədiklərini bildirib, Azadlıq qəzeti yazır.

Məqalədə deyilir ki, gənc ötən ilin sentyabrında feysbukda paylaşdığı videoya görə onu polisə aparıb 30 sutka həbs verilməsindən qorxaraq bu dəfə polisə getmək istəmədiyini deyib.

Həmin vaxt ona açıq deyilibmiş ki, birdə belə hərəkət etsə uzunmüddətli həbslə üzləşəcək.

Məqalədə deyilir ki, Səbuhi polis evə daxil olarkən ikinci mərtəbədən tullanaraq qaçıb.

Azadlıq əməkdaşı hadisə yerindən canlı yayımla hadisələri yayımlaya bilib.

Daha sonra 27-ci polis bölməsinin yüksək rütbəli əməkdaşı Səbuhinin evinə gəlib anası Yaqut Mizəyeva ilə danışıqlar aparib. Həmin şəxs məsələnin araşdırılaraq müsbət nəticə veriləcəyinə söz verib, Azadlıq qəzeti yazır.

"Xalq qəzeti": Azərbaycanla Qətər arasında sənədlər imzalanıb

Fotonun müəllifi president.az
Image caption Doha şəhərinin hava limanında İlham Əliyevin şərəfinə fəxri qarovul düzülmüşdü.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında "Mədəniyyət sahəsində əməkdaşlıq haqqında", "Gənclər və idman sahələrində əməkdaşlıq haqqında" anlaşma memorandumları, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Qətər Limanları İdarəetmə Şirkəti "MWANİ Qatar" arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumu, "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair" Sazişə əlavə Protokol, "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumu imzalanıb.

"Azərbaycan": Prezidentin Sərəncamından bu il təxminən 70 min gənc faydalanacaq

"Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir dəfə deyil, I-IV qruplarda iki dəfə imtahan vermək imkanı yaratmışıq. Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanları keçirək."

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də keçirdiyi mətbuat konfransında belə deyib.

M. Abbaszadə "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin Sərəncamından bu il təxminən 70 min gəncin faydalanacağını deyib.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, sərəncamın əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq, bütün şəxslərin təhsillərini davam etdirmələrini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır.

O deyib ki, sərəncamdan ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları faydalanacaqlar.

M. Abbaszadənin sözlərinə görə,cari ildə qəbul imtahanlarında iştirak üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent özü ödəyəcək.

"Azərbaycan": Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib

Bu gün Ordubaddan 37 kilometr şimal-şərqdə, Azərbaycan-Ermənistan sərhədində 3.5 bal gücündə zəlzələ olub.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:28:14-də qeydə alınıb.

Episentri 11 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubadda üç bala qədər hiss olunub", - xəbərdə deyilir.

Əlaqəli mövzular