Müşfiqin büstü indi haradadır?

Müşfiqin büstü

Azərbaycanın klassik şairi Mikayıl Müşfiqin büstü hazırda Azəravtoyolun anbarındadır.

Stalin repressiyasının qurbanı olmuş şairin büstü 10-15 gün ərzində yerinə qaytarılacaq, büstün götürülməsinə cavabdeh və yolların bərpasına məsul Azəravtoyolun rəsmisi bildirib.

BBC Azərbaycanca depoda büstün torpaq üzərinə yerləşdirilmiş iki taxta materialının üzərində saxlanılmasının şahidi olub.

Qurumun sözçüsü Anar Nəcəfli müxbirimizə deyib ki, büst əvvəl yerləşdiyi yerdən "2-3 metr mərkəzə doğru daşınacaq".

Büst niyə götürülüb?

Bazar ertəsi İnşaatçılar prospektində yerləşən büstün sökülməsi ilə bağlı geniş müzakirələr olub və prezident İlham Əliyev də daxil olmaqla, bir neçə dövlət rəsmisi bu vəziyyətdən narahatlıq ifadə edib.

Anar Nəcəfli çərşənbə axşamı BBC Azərbaycancaya heykəlin sökülmədiyini, sadəcə ərazidən götürüldüyünü bildirib.

Azəravtoyol şirkəti məqsədin "Mikayıl Müşfiqin adına layiq parkın salınması" olduğunu deyib.

Anar Nəcəfli qeyd edib ki, park Mikayıl Müşfiqin büstünün yaxınlığında salınacaq.

Çərşənbə axşamı prezident İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Azəravtoyol-un sözçüsü Anar Nəcəfli daha öncə ərazidə gedən işlərdən "hamının xəbərinin olduğunu" desə də, çərşənbə günü verilmiş açıqlamasında hadisə zamanı "anlaşılmazlıq" baş verdiyini qeyd edib.

Qurum sözçüsünün BBC Azərbaycancaya bildirdiyinə əsasən, "büstün heç kimə məlumat verilmədən götürülməsi və özbaşınalığa görə 3 nəfər cəzalandırılıb".

"Bir nəfər işdən çıxarılıb, 2 nəfər cəzalandırılıb, töhmət və xəbərdarlıq edilib", cənab Nəcəfli bildirib.

İşdən çıxarılanın yol istismarı üzrə iş içrasıcısı olduğu, baş mühəndis və direktorun isə töhmət aldığı bildirilir.

Şair Mikayıl Müşfiq Azərbaycan sovet romantik poeziyasının əsasını qoyanlardan biri sayılır. O, 1937-ci ildə, pantürkizm və millətçilik ittihamı ilə həbs olunub və "xalq düşməni" elan olunaraq 12 mart 1938-ci ildə 29 yaşında güllələnib.

Onun heykəltəraş Münəvvər Rzayeva trəfindən hazırlanmış büstü 1968-ci ildə İnşaatçılar prospektindəki bağda qoyulub.

Bu barədə daha geniş