Ermənistan mətbuatı: Azərbaycan "erməni hərbi bölmələrini atəşə tutub"

Qarabağ Fotonun müəllifi Brendan Hoffman/ Getty
Image caption Foto arxiv

Ermənistan informasiya vasitələri Azərbaycan tərəfindən Dağlıq Qarabağda təmas xəttində erməni hərbi bölmələrinin mövqelərinin atəşə tutulduğunu bildirirlər.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri martın 1-i saat 11:25-dən "Dağlıq Qarabağ Respublikası müdafiə ordusunun mövqelərini 60 və 82 millimetr çaplı minaatan və qumbaraatanlardan atəşə tutublar".

Atəş nəticəsində saat 16:50 radələrində Martuni (Xocəvənd) istiqamətində müqavilə əsasında xidmət edən 37 yaşlı hərbçi Nver Babacnyan qəlpə yarasından həlak olub, "DQR MN" məlumatında deyilir.

Ötən həftəsonundan Ermənistan və Azərbaycan bir-birini atəşkəsi pozmaqda və kəşfiyyat diversiya məqsədilə qarşı tərəfin nəzarəti altında olan əraziyə soxulmaqda günahlandırır.

"Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", nazirlik bildirib.

Fevralın 24-dən 25-ə keçən gecə Dağlıq Qadabağ ərazisində cəbhə xəttində döyüşlər baş verib və tərəflər "itkilər" barədə məlumat yayıb.

Bazar ertəsi Azərbaycanın Müdafiə Nazirliyi fevralın 24-dən 25-ə keçən gecə cəbhədə atəşkəsin pozulması nəticəsində həlak olmuş beş hərbi qulluqçunun nəşlərinin döyüş meydanından çıxarıldığını bildirib.

Bu barədə daha geniş