AXCP fəalının həbs müddəti 1 il azaldılıb

Asif Yusifli Fotonun müəllifi Aziz Karimov

Dələduzluqda ittiham edilərək həbs edilmiş müxalifət fəalı Asif Yusiflinin həbs müddəti bir il azaldılıb, müdafiə tərəfi BBC Azərbaycancaya bildirib.

Qərarı "ədalətsiz" hesab edən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, çərşənbə günü Ali Məhkəmədə keçirilən məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvünün bəraəti istənilib.

Asif Yusifli 2014-cü il 25 noyabrında bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunub.

Hərçənd sonradan sənədlərin saxtalaşdırılması maddəsi sübuta yetirilməyib. Yusifli dələduzluq ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ilin iyulunda Ali Məhkəmənin iclasında onun cəza müddəti 6 ilə endirilib.

Vəkil deyir ki, kassasiya şikayəti - fəalın ittiham edildiyi maddənin bəndlərinin tövsif edilməsi nəticəsində azadlığa buraxılması barədə olub.

"Təqsirləndirilən barədə yüngülləşdirici amillərin - maddi ziyanın olmaması, zərərçəkmişin olmaması, onun I qrup Qarabağ müharibəsi əlili olması, ailəli olması, ictimai-siyasi fəal olması, xəstəliyinin olması, cəzasının 2 il 5 ayını çəkməsi onun azad edilməsinə şərait yaradırdı", deyə vəkil izah edib.

Bundan başqa, cənab Mehdiyev dələduzluq maddəsinin tövsifi nəticəsində Asif Yusifli barəsində alternativ cəza kimi 5000 manat cərimənin seçilmə imkanının olduğunu qeyd edib.

"Biz hesab edirik ki, bu qərəzli və simvolik qərardır. Biz bəraət istəyirdik", deyən vəkil fəalın özünü təqsirləndirilən maddə ilə günahkar hesab etmədiyini deyir.

"Asif Yusifli həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu düşünür."

Əlaqəli mövzular