24 beynəlxalq təşkilat Mehman Hüseynovu azad etməyə çağırır

Mehman

24 beynəlxalq insan haqları təşkilatı Azərbaycanlı jurnalist və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun həbsini qınayıb.

Təşkilatlar bildirib ki, Mehman Hüseynovun ardıcıl hədəflənməsindən narahatdırlar və onlar Azərbaycan hakimiyyətini onu və başqa məhbusları dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.

Bu çağırışı imzalayanlar arasında Article 19, Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi, Freedom Now, İnsan haqları üzrə Helsinki Fondu kimi tanınmış təşkilatlar var.

Nə baş verdi?

Cümə günü Suraxanı rayon məhkəməsi bloqçu və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Mehman Hüseynov barəsində iki il həbs qərarı verib.

Vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, o böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

"Mehman həbsdən qorxmur və həbsinin bloqçuluq, jurnalistika fəaliyyəti ilə məşğul olması və RATİ sədri olması ilə əlaqələndirir", vəkil bildirib.

Məhkəmədə həbs edilən bloqçu barədə bu qərardan apellyasiya şikayəti veriləcək.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Mehman Hüseynov: Nəfəs ala bilmirdim... ağzımı bağlamışdılar

Mehman Hüseynov niyə həbs edildi?

Mehman Hüseynov 9 yanvarda axşam saatlarında həbs edilmişdi. Bir gün sonra məhkəmə onun barəsində "Polisin qanuni əmrinə tabe olmamaq" ittihamı ilə 200 manat cərimə qərarı çıxarıb və o azad buraxılıb.

Azad edildikdən sonra jurnalistlərə müsahibə verən bloqçu deyib ki, saxlanılarkən ona işgəncə verilib və o qanlı köynəyini jurnalistlərə göstərib.

Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib. Nazirlik Hüseynovu polisi ağır cinayətdə ittiham etməklə böhtan atmaqda günahlandırıb və xüsusi ittiham qaydası ilə məhkəməyə müraciət edib.

Cümə günü məhkəmə qarşısında gözləyən jurnalistlər deyirlər ki, fasilədə Mehman Hüseynova küçəyə çıxmaq izni verilməyib.

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muižnieks Mehman Hüseynovun həbsini qınayan tvit paylaşıb.

"Azərbaycanda Mehman Hüseynovun defemasiya halı ilə 2 illik həbsi dəhşətlidir. Tənqidi səslərin represiyası dayandırılması və o azad edilməlidir."

Bu barədə daha geniş