Mətbuat icmalı: Vitse-prezidentliklə Nazirlər Kabineti paralel qurumdur?

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": "Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq"

"Azərbaycanda birinci vitse-prezident təyinatından sonra Nazirlər Kabinetinin və baş nazir Artur Rasi-Zadənin taleyi müzakirə edilir.

Çoxları vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurum olduğunu deyərək, büdcəyə qənaət etmək üçün Rasi-Zadənin rəhbərlik etdiyi kabinet üzvlərinin sayının azaldılacağını deyirlər.

Ekspertlərə görə, Nazirlər Kabinetinin ləğvi üçün referenduma ehtiyac olduğundan iqtidar ilk növbədə 21 ildir baş nazir olan, 82 yaşlı Artur Rasi-Zadəni təqaüdə göndərməli olacaq. Yeni baş nazirin kimliyi hər kəsə həm maraqlı, həm də müəmmalıdır", - qəzet yazır.

Deputat Fəzail Ağamalı vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurumlar olduğu barədə deyilənlərlə də razı deyil:

"Kiminsə istəyi, arzusu ilə məsələlər gündəmə gətirilmir. Konstitusiyamızda Nazirlər Kabinetinin olması nəzərdə tutulub və hazırda buna uyğun da qurum vəzifəsini icra edir. Bundan sonra Nazirlər Kabinetinin qalacağına əminəm. Əgər konstitusiyada dediklərim varsa, bu, artıq müzakirə mövzusu deyil".

"Azadlıq": "Azərbaycan hökuməti islahat tələbinə məhəl qoymur, üzvlükdən çıxarılsın"

21 beynəlxalq təşkilat Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiyasına müraciət edib

"Azərbaycanda islahatlar aparılmır, proqres yoxdur və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) beynəlxalq koalisiyası Azərbaycanı quruma üzvlükdən kənarlaşdırmalıdır".

21 beynəlxalq təşkilatın, o cümlədən, "Human Rights Watch", "ARTICLE 19", "International Media Support"un birgə bəyanatında belə deyilir.

Qeyd edilir ki, bu ay - martın 8-i və 9-da EITI-nin İdarə Heyətinin Kolumbiyada keçiriləcək toplantısında Azərbaycanın məsələsinə baxılmalıdır. Toplantıda Azərbaycanın qurumun tələblərinə hansı səviyyədə əməl etdiyi - vətəndaş cəmiyyətinə basqıları azaltmaq yönündə cəhdləri müzakirə ediləcək.

Amma "Azərbaycan hökuməti EITI-nin islahat tələblərinə məhəl qoymur, vətəndaş cəmiyyəti ardıcıl şəkildə məhv edilməkdədir.

EITI bütün hesabatları və xəbərdarlıqları nəzərə alaraq, Azərbaycanın koalisiyada iştirakını dayandırmalı, hökumət ciddi və davamlı addımlar atana kimi, qeyri-hökumət təşkilatlarının azad fəaliyyətini təmin edənə qədər bərpa etməməlidir", deyə "Human Rights Watch"un Qafqaz üzrə direktoru Giorgi Gogia bildirib.

Koalisiya yanvarda Azərbaycanın Nazirlər Kabinetinin donor təşkilatları və qrantların qeydiyyatına dəyişikliklərə dair qəbul etdiyi iki qərara da toxunub:

"Bu qərarlar səthi xarakter daşıyır, qanunun yaratdığı əngəlləri aradan qaldırmır və EITI-nin tələblərini yerinə yetirmir".

"Human Rights Watch EITI-də iştirak edən yerli vətəndaş koalisiyasının 2 üzvünün Azərbaycanda qondarma ittihamlarla həbsdə saxlandığını, çoxlarının ya ölkəni tərk etməyə, ya da fəaliyyətini dayandırmağa məcbur olduğunu qeyd edib", - Azadlıq Radiosuna istinadən dərc edilmiş yazıda deyilir.

fins.az: "İslam Oyunları" iştirakçıları Azərbaycana vizasız gələ biləcəklər

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları Azərbaycana vizasız səfər edəcəklər haqda bənd də var.

Qeyd edilir ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər;

Fotonun müəllifi KIRILL KUDRYAVTSEV/ GETTY
Image caption May ayında keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 3000-3500 atletin iştirak edəcəyi gözlənilir.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

fins.az: Tütün emalı ilə məşğul olanlara subsidiya veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.

Xəbərdə deyilir ki, bu sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

"Azərbaycan": Məcburi köçkünlərin fevral və mart ayları üçün müavinətləri Novruz bayramından əvvəl birlikdə veriləcək

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib ki, məcburi köçkünlərin adlı siyahıları artıq toplanıb və martın 4-də Dövlət Komitəsində keçiriləcək müşavirədə siyahılara baxılacaq.

Əli Həsənovun sözlərinə görə, məcburi köçkünlərin fevral və mart ayları üçün müavinətləri Novruz bayramından əvvəl bir yerdə veriləcək:

"Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi, yəni hər ay aparılacaq. Ola bilər ki, bəzi yanlışlıqlar olub, bunlar da nəzərə alınacaq.

Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, yəni Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb özləri ödəniş edəcəklər".

"Xalq qəzeti": "Fitch": AİF-in portfeli bu il 30-40 faiz böyüyəcək

"2016-cı ildə iqtisadiyyatın zəifləməsi və davamlı geriləmə Azərbaycan İpoteka Fondu ASC-yə (İMF) mənfi təsir göstərib", - "Fitch" beynəlxalq reytinq agentliyinin fond barədə yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, bank sektorunun zəifləməsi AİF-in fəaliyyətinə təsir edib.

"Hökumətin makro mühitdəki dəyişikliklərə cavab siyasəti davam edir, bu isə orta müddətdə AİF-ə təsirini göstərəcək. AİF təsis edildiyi gündən hər il hökumətdən maliyyə dəstəyi alır. 2016-cı ilin sonuna ümumi maliyyələşmənin həcmi 316 milyon manat təşkil edib.

Eyni zamanda, hökumət 2017-ci ildə fonda əlavə olaraq 50 milyon manat həcmində kapital ayrılmasını təsdiq edib. Proqnozlarımıza əsasən, əlavə kapitalın ayrılması və 200 milyon manatlıq istiqraz buraxılışından sonra AİF-in ipoteka portfeli bu il 30-40 faiz böyüyəcək", - məlumatda deyilir.

Ancaq agentliyin ekspertləri hesab edirlər ki, AİF-in 2016-cı ildən vergi ödəyicisinə çevrilməsi onun kapitalının gəlirliliyini 1,65 faizə endirə bilər, halbuki bu göstərici 2014-2016-cı illərdə 1,97 faiz təşkil edib.

Bu barədə daha geniş