Azərbaycan: "hər 7 məhbusdan biri narkotikə görə həbsdədir"

həbs qapısı Fotonun müəllifi Joern Haufe

Azərbaycanda hər 7 məhbusdan biri qanunsuz olaraq narkotik vasitə əldə etmə maddəsi ilə ittiham olunur, APA bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifova istinadən yazır.

Məlumata görə, bu maddəni "ən bəlalı" adlandıran cənab Yusifov hakimlərə bu cür hallarda "diqqətli" olmağı məsləhət verib.

"Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur."

"Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldurlar. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə "kalpak" altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Nəyə lazımdır bu?", agentlik rəsmiyə istinadən yazır.

O hakimlərdən "diqqətli olmağı və qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməməsini" xahiş edib.

Cənab Yusifov əlavə edib ki, əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş olub, "bəraət hökmləri var və biz bunu alqışlayırıq".

"Lakin hakimlər hər zaman cəsarətli olmurlar. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz. Əsaslı hökmlərin çıxarılmasına nail olun", agentlik Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağından xəbər verib.

"Bəzi nöqsanlar"

Məlumata görə, kollegiya sədri həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı da bəzi nöqsanların olduğunu və bu məsələlərin Ali Məhkəmənin plenum iclasında müzakirə ediləcəyini deyib.

"Maddələri yazmaqla, hakim kifayətlənir ki, bu adam qaça bilər və yaxud istintaqa təsir edə bilər. Əgər istintaq sübutları toplanılıbsa, hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər?"

O həmçinin qeyd edib ki, "həbsdə saxlama müddətinin artırılmasında da problem var. Müstəntiq təqdimat yazır, məhkəmə təmin edir. Müstəntiq də gedib istintaq hərəkəti aparmır. Arxayın olur ki, hələ müddətin bitməsinə var."

Başqa qeyd edilən məsələ "Cinayət Məcəlləsinin hökmə köçürülməsi" olub.

"Həbsə alternativ cəza varsa, onu tətbiq etmək lazımdır."