Azərbaycan: əhalinin cibə münasib idman zalları ilə təminatı necədir?

İdman zalında məşq edən qadın Fotonun müəllifi Chris Hondros/Getty

Azərbaycanda hər ilin mart ayının 5-i "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd olunur.

2005-ci ildə prezident sərəncamı ilə bərqərar edilmiş bu gün xalqın sağlamlığının qorunması və möhkəmlənməsi, gənclərin fiziki inkişafı məqsədi daşıyır.

Bəs ölkədə insanların sağlam həyat üçün cibə münasib idmanla təminatı necədir?

Qadınların sayı "artıb"

5 ildir məşqçi kimi çalışan və yalnız qadınları məşq etdirən Mariya Aydarova BBC Azərbaycancaya deyir ki, son iki-üç ildə əvvəlki dövrə nisbətən insanların gündəlik idmana marağı artıb.

"Fitneslə məşğul olmaq dəbdədir. Çox insanlar yaxşı görünüşə malik olmaq üçün fitneslə məşğul olur".

O deyir ki, "əvvəllər zallarda daha çox kişilərin gəldiyini müşahidə edirdimsə, indi qadınların çox gəldiyini görürəm. Hamı arıqlamaq, yaxşı bədən görünüşünə sahib olmaq istəyir."

Həmçinin oxu:

Bundan başqa, qadınlar doğuş sonrası arıqlamaq, artıq çəkidən azad olmaq və ya bel sütunu problemlərini həll etmək üçün də idman zallarına üz tuturlar.

Mariya Aydarova deyir ki, hazırda qadınlar ümumi zallardan istifadə etməkdən çəkinmirlər.

Qiymətlər qane edirmi?

Marina Aydarovanın çalışdığı idman kompleksində limitsiz abunənin aylıq qiyməti 105 manatdır.

"Bu pulun içinə başqa dərslər və şərtlər də aid olduğundan bu qiymət o qədər də baha deyil," xanım Aydarova əlavə edir.

Fotonun müəllifi David Ramos/Getty Images for BEGOC
Image caption Trenajor alətlərindən pulsuz yalnız Bakı şəhər bulvarında və bəzi bina evlərinin həyətlərində istifadə etmək mümkündür

Bakı şəhərində apardığımız müşahidələrə əsasən, idman zallarının aylıq qiymətləri 400 manatdan 30 manat arasında dəyişir.

"Tanınmış otellərin və biznes mərkəzlərinin binalarında yerləşən idman zalları daha bahadır. Ən yüksək qiyməti 400 manat və ən aşağı qiyməti isə endirimlə 150 manat civarında olur".

Bu qiymət standart aylıq gəliri 500 manat olan şəxs üçün heç də əlverişli deyil. Bu səbəbdən əksəriyyət daha ucuz, 100 manatdan aşağı idman zallarına gedir.

"Həftədə 3 dəfə fitnes zalından istifadə 60-80 manat arasındadır. Bu pula hər dəfə cəmi 1 saat trenajor alətlərindən istifadə etmək mümkün olur".

Müşahidələrimizə görə Bakıda 1-2 yeri çıxmaq şərtilə idman zalları bazar günləri fəaliyyət göstərmir.

Trenajor alətlərindən pulsuz istifadəni isə yalnız Bakı şəhər bulvarında və bəzi bina evlərinin həyətlərində etmək mümkündür.

Fiziki sağlamlığın qiyməti

10 ilə yaxındır idman müəllimi kimi çalışan Turan Babaxanova isə deyir ki, pulsuz idman zallarına çatımlılıq təkcə dərs-tədris müəssisələrində məktəblilər üçün mümkündür.

Ümumi əhaliyə gəlincə isə onlar fiziki sağlamlıq üçün maddi xərcə düşməlidirlər, məşqçi əlavə edir.

"Məkanından asılı olaraq qiymətlər dəyişir. Şəhərin mərkəzindəki zalların aylığı kənardakılara nisbətən bahadır. Orta təbəqə üçün şəhərin mərkəzindəki zalların qiymətləri əlçatan deyil. Hər bir ailə bu xərci qarşılaya bilmir".

Turan Babaxanova deyir ki, zallardakı şərait də yerindən və qiymətindən asılı olaraq dəyişir.

"Ucuzlularda duş sistemi olmur, zalların havalandırma sistemində problem yaşanır. Zallar standartlara uyğun olmur. Məşqdən sonrakı istirahət üçün şərait tam təmin edilmir."

Hər iki məşqçi daha çox 17-25 yaşlı gənclərin və 30-dan yuxarı cavanların idmana maraqlı olduqlarını deyir.

"Daha yaşlılar da məşğul olmağa başlayıb. Günün istənilən zamanında bulvarda yaşlıların sürətlə gəzməyinin, yüngül qaçışla məşğul olduğunu görürəm. Bu məni çox sevindirir".

Turan Babaxanova onu da əlavə edir ki, poliklinikalarda illik müayinə zamanı həkimlər artıq çəkidən əziyyət çəkənlərə və ya sümük problem olanlara idmanla məşğul olmağı məsləhət görür.

Hərçənd idmanın sağlam həyat üçün kütləvi surətdə təbliği o qədər də yayğın deyil.

Müsahiblərimiz qeyd edir ki, sağlam həyat tərzi üçün həftədə 3 dəfə və hər dəfə 60-90 dəqiqə məşğul olmaq lazımdır.

Yeni idman rejiminə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

Əlaqəli mövzular

Bu barədə daha geniş