Mətbuat icmalı: "Biz türk deyilik, axı niyə üzr istəməliyəm?"

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Arif Rəhimzadə: "Biz türk deyilik, axı niyə üzr istəməliyəm?"

"Vaxtilə "Azərbaycan dili" əvəzinə "Türk dili" tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində "Azərbaycan dili" dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk?

Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var", - deputat Arif Rəhimzadə jurnalistlərə deyib.

O vurğulayıb ki, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Çexiya və digər ölkələrin əhalisi slavyan mənşəlidir: "Ancaq hər birinin öz milləti və xalqının adı var. Xalqın adı da əraziyə görə müəyyənləşir".

"Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var.

Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir", - Arif Rəhimzadə deyib.

"Azadlıq": Vəkil: "Mehman Hüseynova bəraət istəmişik"

M. Hüseynovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu gün, martın 6-da bloqqer Mehman Hüseynovun həbsindən apellyasiya şikayəti verilib.

E. Sadıqovun sözlərinə görə, apellyasiya şikayətində M. Hüseynova bəraət verilməsi istənilir.

Vəkil martın 6-sı M. Hüseynovla görüşdüyünü də deyib:

"Bu gün görüşdük. M. Hüseynov digər vəkillərin müdafiəyə qatılmasına etiraz etmədi. Amma müdafiə ilə bağlı bütün hüquqi sənədləri mənim hazırlamağımı istədi",- deyə E. Sadıqov qeyd edib.

"Vəkillərdən Yalçın İmanov və Fəxrəddin Mehdiyev də Mehman Hüseynovun müdafiəsinə qoşulmaq niyyətindədirlər. Ancaq bir müddət öncə vəkil Elçin Sadıqov buna ehtiyac olmadığını bildirmişdi", - xəbərdə deyilir.

Əli Həsənov Mehman Hüseynovun həbsindən danışıb

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirib.

O deyib ki, Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb.

"Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanunauyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir.

Hesab edirəm ki, bu məsələ bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirilir. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil", deyə o bildirib.

"Azadlıq": İlham Əliyev İranda nələri müzakirə etdi?

Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə martın 5-də İrana rəsmi səfərə gedib.

Səfər gedişində Azərbaycanla İran arasında iki sənəd imzalanıb: Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu; "Azərbaycan Dəmir Yolları" QSC ilə İran Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair anlaşma memorandumu.

Fotonun müəllifi PRESİDENT.AZ
Image caption lham Əliyev və Həsən Ruhani İran-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ münaqişəsi haqqında danışıblar

Daha sonra iki ölkənin prezidenti birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında İ. Əliyev deyib: "Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İran Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir".

"H.Ruhani isə deyib ki, görüşdə ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması, Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələləri müzakirə olunub", deyə xəbərdə qeyd edilir.

fins.az: Hökumət hesabata hazırlaşır

Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatı Milli Məclisdə daxil olub.

Parlamentdən verilən məlumata görə, hesabat yaxın günlərdə deputatlara paylanacaq.

Hesabatı martın 17-də keçiriləcək plenar iclasda baş nazir Artur Rəsizadə təqdim edəcək.

"Xalq qəzeti": BVF-nin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi artımın bərpa edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

"BVF-nin Azərbaycan üzrə missiyası fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumatlandırılıb.

...Görüşdə, həmçinin BVF tərəfindən pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər BVF ilə Azərbaycan hökuməti arasında BVF-nin Əsasnaməsinin IV maddə üzrə məsləhətləşmələr missiyasının növbəti səfərinin cari ilin noyabr ayında həyata keçirilməsini razılaşdırıb", - Maliyyə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi məlumatda deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş