Mehriban Əliyevanın deputatlıq hesabatı: amnistiya, məcburi tibbi müayinə və Xəzər rayonu

Mehriban Əliyeva Fotonun müəllifi Dan Mullan

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I vitse-prezident təyin edildikdən sonra deputatlıq fəaliyyətini dayandırdığını açıqlayıb.

10 ildən artıq Milli Məclis üzvü olan Əliyeva bu barədə məlumat verdiyi çıxışında deputatlıq fəaliyyəti ilə bağlı hesabat verib, APA yazır.

O söyləyib ki, "humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi ilə bağlı təşəbbüsüm həmkarlarım tərəfindən daim dəstəklənib. Bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib."

"Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim."

O əlavə edib ki, həmkarları ilə ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişiklərin edilməsi haqqında qanun qəbul edilib.

Xəzər rayonundan deputat olan Əliyeva bildirib ki, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində qaz və elektrik enerjisi təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib və rayon ərazisində ümumi uzunluğu 190 kilometr olan yollar salınıb.

"Fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal deyil, hər zaman səmimi olub."

Onun sözlərinə görə, rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunub.

Bundan başqa, bu rayonda 17 sənaye müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti , 7 məscid və ziyarətgah istifadəyə verilib.

"Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük ömür məktəbi kimi qiymətləndirirəm", vitse prezident qeyd edib.

Prezident İlham Əliyev fevralın 21-də verdiyi sərəncamla həyat yoldaşını vitse-prezident vəzifəsinə təyin edib.

Bu barədə daha geniş