Mətbuat icmalı: "Mal ətini kim və niyə bahalaşdırır?"

Fotonun müəllifi Getty Images

"Yeni Müsavat": Mal ətini kim və niyə bahalaşdırır?

Qəzet əməkdaşları mal ətinin bahalaşma səbəbini öyrənmək üçün Bakının Nizami rayonunda satış həyata keçirən qəssablar arasında sorğu keçiriblər.

Qəssablar səbəblər arasında ölkədə heyvan azlığını, Gürcüstan və Dağıstandan idxalın azalmasını, əldə olan heyvanları restoranların almasını göstəriblər. Başqa bir səbəb kimi yemin bahalığı göstərilib.

"Ot presinin qiyməti 4 manatdır. Görün bir heyvanı saxlamağın xərci nə qədər çıxır", - bir qəssab deyib.

İqtisadçı ekspert Natiq Cəfərli yaranmış vəziyyətə münasibət bildirərkən belə deyib:

"Bu, həm də hökumətin atdığı səhv addımların nəticəsidir. Biz bu barədə öncədən xəbərdarlıq etmişdik ki, xaricdən gələn quş ətinin rüsumları qaldırılarkən, yerli istehsal artmayıbsa, tələbatı ödəmək qabiliyyətində deyilsə, bu, sadəcə, yerli istehsalçılara bir imkan yaradacaq ki, heç nə etmədən, sadəcə, xaricdən gətirilən quş ətinin bahalaşmasından istifadə edərək öz məhsullarını bahalaşdırsınlar.

İkincisi, təbii, ki, bayramlarla əlaqəlidir.

Bayram öncəsi ət məhsullarına tələbat artır, yerli istehsalın da yetərincə zəif olması səbəbindən tələbat tam ödənilmir. Bu da qiymət artımına səbəb olur. Bayram öncəsi qiymətlərin qalxması Azərbaycanda çox pis bir ənənədir. Xaricdə isə bunun tam əksidir, bayramda qiymət endirimləri olur".

İqtisadçı vurğulayıb ki, mal və qoyun ətinin bahalaşmasının səbəblərindən biri də Azərbaycan hökumətinin ötən il pambıq sevdasına düşməsi olub:

"Pambıq əkinləri əsasən heyvan yemi üçün nəzərdə tutulan örüş sahələrində pambıq əkilməsi yemin qiymətini bahalaşdırdı. Yemin qiymətinin qalxması isə mal və qoyun ətinin qiymətini də artırdı".

Natiq Cəfərli səbəblər arasında ölkədə ümumi inflyasiyanın artması və qiymət artımın da göstərib.

"Bu, istehsalçıları məcbur edir ki, öz gəlirlərinin artması üçün qiyməti qaldırsınlar", - o deyib.

"Azadlıq": Azərbaycanın fəaliyyətinin dayandırılması nəzərdə tutulur

Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu qurumun martın 8-9-da Boqotada keçiriləcək toplantısından Amerikanın Səsinə müsahibə verib.

Qubad İbadoğlu qeyd edib ki, Azərbaycandan müzakirələrə onun özü və hökumət nümayəndə heyəti qatılacaq:

"Mən vətəndaş cəmiyyətinin təmsilçisi olaraq Azərbaycanın deyil, bütövlükdə Avrasiya regionunun vətəndaş cəmiyyətinin təmsilçisi olaraq beynəlxalq idarə heyətinin işində iştirak edəcəm. Beynəlxalq idarə heyətinə Avrasiya regionundan seçilmişəm.

Amma, Azərbaycan məsələsi gündəlikdə olduğuna görə, həm də beynəlxalq katiblik Azərbaycan hökumətini bu tədbirə dəvət edib. ...Toplantıda Azərbaycan nümayəndə heyətini hökumətin əsas iştirakçıları təmsil edəcək", deyə o bildirib.

Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycan üçün bütün toplantılar çətin olub. "İndiyə qədər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyətinin elə bir iclası olmayıb ki, orada Azərbaycan üçün asanlıqla müzakirələr keçsin. Hesab edirəm ki, bu toplantıda artıq Azərbaycan məsələsi pik həddinə çatıb.

Çünki, Azərbaycanla bağlı məsələnin müzakirəsində görsənən odur ki, çox müxtəlif maraqlar olacaq. Bu müxtəlif maraqların uzlaşdırılması o qədər də asan olmayacaq.

...Bu o deməkdir ki. beynəlxalq idarə heyətinə üzv olan hər üç tərəf, - həm vətəndaş cəmiyyəti, həm hökumət, həm də şirkətlər Azərbaycanla bağlı məsələdə vahid mövqeyə, ortaq məxrəcə gəlməlidirlər. ...Azərbaycan məsələsində verilmiş qərar digər ölkələrlə bağlı qərarlara da təsir göstərmək gücünə malik olacaq", deyə o bildirib.

Qubad İbadoğlu vurğulayıb ki, Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyəti daha çox vətəndaş cəmiyyətinin vəziyyətinə diqqət yetirəcək.

"Növbəti dəyərləndirməmizdə əsasən Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini götürəcəyik və onun əsasında da qərar qəbul edəcəyik", deyə o qeyd edib.

"Azadlıq": Qiymətlər keçən Novruzla müqayisədə 80 faiz artıb

Qəzet yazır ki, ölkədə bayramın ilk carçısı artan qiymətlərdir.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov hesab edir ki, bayram yarmarkalarında qiymət və keyfiyyət qənaətbəxş deyil. AİB sədri keçən illə müqayisədə qiymətlərdə 80 faiz artım olduğunu deyir:

"İstehlakçılar quru ləpələrin acılığından şikayət edir. Onların tərkibində aprotoksin göbələkləri aşkar olunub. Bu səbəbdən külli miqdarda ləpə məhsulu üç il öncə Avropa bazarlarına buraxılmadı.

Image caption AİB keçən illə müqayisədə qiymətlərdə 80 faiz artım olduğunu deyir.

Çünki orada məhsulun tərkibini yoxlayırlar. Bizdə isə məhsullar yoxlanılmır və tərkibinin insana hansı zərəri verəcəyi bilinmir. Nəticədə ləpələrin tərkibindəki həmin göbələklər tədricən kütləvi şəkildə zəhərlənməyə səbəb olur", deyə o bildirib.

"Azadlıq": CHP-li deputat: "Azərbaycana alqış deyək, bizə gələcəyimizi göstərdi"

Türkiyədə CHP-dən olan millət vəkili Məhərrəm İncə Konstitusiya dəyişikliyi referendumu ilə bağlı Balıkəsirdə keçirdiyi görüşdə vətəndaşlardan "xeyr" səsi istəyib. O, Azərbaycana da Türkiyədə gələcəkdə olacaqları göstərdiyi üçün təşəkkür edib.

"Sandığa getdiyinizdə ağlınıza nə gəlsin, bilirsinizmi? Azərbaycan gəlsin. Azərbaycanda nə oldu? Söz vermiş gəlinbacıya, yazdı sərəncamı, "prezidentin birinci müavini etdim səni" dedi.

Qısqananlar çatlasın. Eynisi Türkiyədə bizim başımıza da gələ bilər. Azərbaycan bizim gerçək dostumuz, nə zaman başımız dara düşsə, bizə yardımçı olur. Qurtuluş savaşında da elə idi, indi də bizə gələcəyimizi göstərdi. Azərbaycana böyük bir alqış göndərək", - Məhərrəm İncə deyib.

fins.az: Novruz bayramı münasibətilə hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

"Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir", deyə xəbərdə qeyd edilir.

"Azərbaycan": Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib

Mərkəzi Seçki Komissiyası ötən gün Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqda qərar qəbul edib.

Qeyd edilir ki, "M.A.Əliyeva 2017-ci il martın 3-də yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək" həmin maddənin tələblərinə müvafiq olaraq deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib.

"Xalq qəzeti": 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik

Prezident İlham Əliyev martın 6-da Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli xanımlar!

Bu ilin respublikamızda "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar.

Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır...