Mətbuat icmalı: İşsizlərin sayı və onlara verilən müavinət məlum oldu

Fotonun müəllifi Getty Images

fins.az: İşsizlərin sayı və onlara verilən müavinət məlum oldu

Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, 2017 - ci il yanvarın 1-i vəziyyətinə görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsizlik statusu verilmiş şəxslərin sayı 32972 nəfər olub.

Hesabatda həmçinin qeyd olunub ki, onların 38,1 faizini qadınlar təşkil edir. İşsizliyə görə müavinətlərin orta məbləği isə 249,1 manat təşkil edib.

"Azadlıq": Azərbaycandakı repressiya BMT-də müzakirə olundu: "Ölkə avtoritarizmə sürüklənir"

Martın 7-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub.

"Tədbirdə BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst, dinc toplaşmaq azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi Mayna May, Azərbaycandan gənc fəal Nəcmin Kamil, hüquq müdafiəçisi Emin Hüseynov, jurnalist Xədicə İsmayılova (skayp vasitəsilə) və Azərbaycanın bu qurumdakı nümayəndəsi Vaqif Sadıqov çıxış ediblər.

M. Forst deyib ki, ötən ilin sentyabrında Azərbaycanda olub və fundamental azadlıqların vəziyyətinin pisləşdiyinin, ölkənin avtoritarizmə doğru sürükləndiyinin şahidi olub. O, özü fikirləri ilə əlaqədar hökumətin hücumlarına məruz qaldığını qeyd edib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, vətəndaşların siyasi motivlərlə təqib edilməsi, siyasi məhbus sayılan şəxslərin sayının 150-ni keçməsi haqqında danışıblar", - xəbərdə deyilir.

Müzakirə zamanı Azərbaycanda bloqçu Mehman Hüseynovun bu günlərdə polisə böhtan atmaq ittihamı ilə 2 il həbs edilməsinə də diqqət yetirilib.

Vaqif Sadıqov tənqidi çıxışlarda səslənən fikirləri təkzib etməyə çalışıb, işgəncələr haqqında verilən məlumatı "nağıl" adlandırıb.

"Azadlıq": Avropa İttifaqı Mehman Hüseynov barəsində hökmü pisləyib

"Mehman Hüseynov korrupsiyanı ifşa etmək səyləri ilə məşhurdur. Bu fonda onun iki il müddətinə azadlıqdan məhrum edilməsi ittiham olunduğu cinayətlə tamamilə qeyri-proporsional görünür.

Onun qanunsuz həbsi, qeyri-insani rəftar və azadlıqdan məhrumetmə haqqında hökmlə yekunlaşan məhkəmə prosesinin gedişatında pozuntular ciddi narahatlıq doğurur və dərhal araşdırılmalıdır", deyə - Avropa İttifaqının bəyanatında qeyd edilir.

Image caption Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov martın 3-də iki il müddətinə həbs edilib.

Avropa İttifaqı xatırladır ki, Azərbaycanın beynəlxalq öhdəliklərinə və fundamental azadlıqlara hörmət etməsini gözləyir.

"Azadlıq": Şəffaflıq Koalisiyasında baş verənlər: Bakıdan Boqotaya 2 məktub

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin martın 8-9-da Boqota şəhərində keçiriləcək növbəti iclasında Azərbaycanın bu beynəlxalq qurumda üzvlüyü dayandırıla bilər. Bu, hakimiyyəti ciddi narahat edir.

Belə ki, bu qurumda üzvlük məsələsi hər şeydən əvvəl beynəlxalq maliyyə təşkilatlarından kredit almaq üçün mühüm şərtdir.

Belə bir vəziyyətdə MSŞA Koalisiyasının 94 üzvü adından Beynəlxalq İdarə Heyətinə ikinci müraciət göndərilib və bu müraciətdə hakimiyyətə möhlət verilməsi, Azərbaycanın üzvlükdə saxlanması istənilir", - xəbərdə deyilir.

MSŞA Koalisiyasının üzvü Oqtay Gülalıyev qurumun daxilində yaranmış bu ikitirəliyə, ikinci müraciətin necə meydana çıxmasına özünün Facebook səhifəsində belə aydınlıq gətirib:

"Qurumun Dəyərələndirmə Komitəsi İdarə Heyətinə tövsiyyə edib ki, İslahedici Planı yerinə yetirmədiyinə görə Azərbaycanın Təşəbbüsdə fəaliyyəti dayandırılsın. Bu xəbərdən əl-ayağa düşən hakimiyyət bütün cəbhə boyu hücuma keçib. Həm İdarə Heyətinin bütün üzvləri ilə intensiv danışıqlara və görüşlərə başlayıblar, həm də onları təhdid edirlər ki, belə bir qərar olsa Azərbaycan ümumiyyətlə bu Təşəbbüsdən çıxacaq.

Məsələ ilə əlaqədar bizim mövqeyimiz - Koalisiya Şurasının Beynəlxalq İdarə Heyətinə göndərdiyi rəsmi müraciətdə qeyd olunur ki, ...Astana toplantısı zamanı ölkəmizə qarşı irəli sürülmüş 3 tələbin heç biri yerinə yetirilmədi. Vətəndaş cəmiyyətinin durumunun yaxşılaşması baş vermədi.

Əksinə vəziyyət pisləşməyə doğru davam edir. Təbii ki, bu mövqe hökümətə sərf etmədiyinə görə hakimiyyət mətbəxində hökümətə sərf edən başqa bir müraciət hazırlandı. Bu müraciət imzalanmaq üçün Koalisiya şəbəkəsinə təqdim olundu və 164 Koalisiya üzvündən 29 nəfər sənədi imzaladığını bildirdi. Amma bir gün sonra 94 nəfərin adının yer aldığı, heç bir imza olmayan müraciət yayıldı.

Məlum oldu ki, bu müraciət saxtadır və əksər adlar Koalisiyanın saytından götürülüb müraciətə əlavə olunub. Məktuba "hə"- sini almaq üçün bəzi şəxslərin gün ərzində dəfələrlə zəhləsini töküb, bəzilərinə təzyiq edib, bəzilərinə QHT Şurasından layihə vədi verilib. O şəxslərin böyük əksəriyyəti bu müraciəti oxumayıblar. Eyni zamanda müraciətə özünün razılığı olmadan Koalisiya üzvlərinin və dünyasını dəyişən şəxsin də adını yazıblar...

...Bu yanaşma vətəndaş cəmiyyətini təmsil edənlərin hansı miskin durumda olduğunu açıq-aydın göstərir. ...Niyə sizlər ölkəmizlə bağlı beynəlxalq qurumlara yalan məlumatlar verirsiniz? Bu məlumatlarla siz onları yox, özünüzü aldadırsınız. Siz fərqindəsinizmi bu məlumatlarla və "mübarək" imzanızla hakimiyyətin mövqeyinin güclənməsinə, repressiyaların şiddətlənməsinə, məhbus analarınnı gözü yaşlı qalmasına, onların sayının artmasına dəstək verirsiniz..."

"Azərbaycan": Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinada Təcili Tibbi Yardım Mərkəzi tikilir

Martın 7-də Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunacaq Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməlqoyma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunu icraçı direktoru Anar Ələkbərov iştirakçılara Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb.

Heydər Əliyev Fondu bu günədək Bosniya və Herseqovinada bir sıra layihələr həyata keçirib.

"Sarayevoda Fondun təşəbbüsü ilə "Dostluq parkı" yaradılıb və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Bosniya və Herseqovinada bir sıra tədbirlər, o cümlədən beynəlxalq konfrans təşkil olunub.

Həmçinin Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən qurulub. 2013-cü ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə mərkəzin açılışı olub", - xəbərdə deyilir.

Azərbaycan": Los-Ancelesdə Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

"ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks olunub, "Azərbaycan-ABŞ. 25 illik dostluq. 1992-2017" sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır", deyə xəbərdə qeyd edilir.

"Yeni Müsavat": Elmar Məmmədyarov: Azərbaycan prezidentinin Moskvaya səfəri gözlənilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündə bildirib ki, bu il Rusiya və Azərbaycan rəsmiləri qarşılıqlı səfərlər edəcəklər.

Nazirin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri gözlənilir: "Rusiya baş naziri Dmitri Medvedevin Bakıya səfəri olacaq. Çox güman ki, bizim prezidentin də Moskvaya səfəri gözlənilir", deyə o bildirib.

E. Məmmədyarov prezident İlham Əliyevin Moskvaya səfərinin təşkili məsələsinin rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə olunduğunu da deyib:

"Lakin bu səfərin dəqiq tarixi məlum deyil. Biz Sergey Lavrovla iki prezidentin qrafiklərinə uyğun müddəti müzakirə etdik. Lakin səfərin tarixini əvvəlcədən sizə deyə bilmərəm".