Bakı-Sumqayıt yolunda qəza: sürücü "saxlanılıb"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Mənzərə çox dəhşətli idi" - Bakı-Sumqayıt yolundakı qəzanın şahidi

Bakı-Sumqayıt yolunda baş vermiş qəzadan sonra yaralıların aparıldığı xəstəxana qarşısında olan BBC Azərbaycanca müxbiri Günel Səfər deyir ki, Sumqayıt Dövlət Universitetinin bəzi tələbələri binanın qarşısına toplaşıb.

"Çənəsindən xəsarət almış Azadə adlı tələbənin qrup yoldaşları buradadır", müxbirimiz deyir.

Adlarının çəkilməsini istəməyən xəstəxana işçiləri müxbirimizə deyib ki, bu günə qədər "N qədər Ford qəzası baş verib".

Daşıma xidməti olsaydı..

Bakıdan gələn tələbələr müxbirimizlə söhbətdə qəza törətmiş həmin mikroavtobusun sürücüsünün "bundan əvvəl də çox sürətli sürdüyünü və dəfələrlə qəza şəraiti yaratdığını bildiriblər:

"Keçən il də yüngül qəza edib, iki ay əvvəl də. Neçə dəfə sürücülük vəsiqəsi alınıb, xəbərdarlıq edilib, amma xeyri olmayıb, ona görə indi belə problem yaranıb" deyə tələbələr qeyd ediblər.

"17 nəfərlik avtobusa 35 nəfər sığışdırırdı sürücü", tələbələr əlavə edib.

Həmin mikroavtobusdan daimi istifadə edən bir tələbə söyləyib ki, "bir dəfə qabaqdakı 2 nəfərlik oturacaqlara 7 nəfər sığışdırmışdı sürücü. Ya ayaqüstə, ya da bir-birinin qucağında gedib-gəlir adamlar".

Tələbələr müxbirimizə Bakıdan gələnlər üçün universitetin xüsusi daşıma xidmətinin olmamasından şikayətlənib.

Onların sözlərinə görə, SDU-da heç vaxt belə xidmət olmayıb:

"Birinci kursda rektorla görüşdə məsələni qaldırdıq, amma üstüörtülü şəkildə bildirdilər ki, belə şey olmayacaq."

"Daşıma xidməti olsaydı belə olmazdı. İnanmırıq ki, bu, sonuncu qəzadır", deyə tələbələr qeyd edib.

Universitetdən məsələ ilə bağlı şərh almaq hələlik mümkün olmayıb.

Tələbələr bildirib ki, qəza törətmiş Ford markalı mikroavtobus adambaşı 60 qəpiyə sərnişin daşıyıb.

Image caption Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası qarşısına tələbələr toplanıb

Bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

"Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib."

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində "yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Bundan əvvəl, Report agentliyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə istinadən yazıb ki, hər iki sürücü dindirilib, onların sərxoş olub-olmadığı da araşdırılıb.

Yaralı və ölülərin sayı

Martın 9-da səhər saatlarında baş verən qəzada azı 5 nəfər ölüb və 21 nəfər xəsarət alıb, Səhiyyə Nazirliyi bildirir.

Nazirlikdən BBC Azərbaycancaya verilən məlumata görə, hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 4 nəfər isə Kliniki xəstəxanada yerləşdirilib.

"Kiliniki xəstəxanada yerləşdirilənlərin ikisinin vəziyyəti ağırdır", nazirlik bildirib.

Sumqayıt Dövlət Universiteti rəsmi saytında həyatını itirmiş tələbələrin adlarını çəkib: Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il) və Caniyev Rəşad Füzüli oğlu (1997-cı il).

Fotonun müəllifi apa.az
Image caption Qəzaya uğramış mikroavtobusun fotosunu APA yayıb

Hadisə necə baş verib?

Report-un yazdığına görə, mikroavtobusun sürücüsü sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

"ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb, məlumatda bildirilir.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.

Yazı yenilənir.