Azərbaycanın EİTİ-nin tərkibində qalması müzakirə edilir

Bakı Fotonun müəllifi GIUSEPPE CACACE

EITI-ın (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) kollegiya iclasında Azərbaycanın öhdəliklərinin müzakirəsi cümə axşamı davam etməlidir.

EITI-ın Siyasət və Region üzrə Direktoru Dyveke Roganın sözlərinə görə, çərşənbə günü aparılan müzakirələrdə hələlik nəticə əldə edilməyib.

Xanım Roganın sözlərinə görə, indidən müzakirələrin necə nəticələnəcəyini demək "çətindir".

Rəsmi onu da qeyd edib ki, Azərbaycandan o təşkilata son həftə ərzində çox məktub göndərilib və "məktublar kollegiya ilə bölüşülüb".

EITI dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan və Britaniyada yaradılmış qurumdur. Azərbaycan ona qoşulmuş ilk ölkələrdən biridir və bu qurumda fəaliyyətilə bağlı BMT mükafatına layiq görülüb.

Lakin vətəndaş cəmiyyətinə basqılar barədə məlumatlardan sonra onun qurumda üzvlüyünün səviyyəsi aşağı salınıb.

Ötən il oktyabrın 26-da EITI Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt vermişdi.

Dyveke Rogan bundan əvvəl BBC Azərbaycancaya deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşmasa, EITI Azərbaycanın təşəbbüsdəki statusunu dayandıra bilər.

Bundan əvvəl EITI 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

Qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, "EITI Attestasiyası" adlanır.

Azərbaycan bu attestasiyadan keçməli olan ilk ölkədir.

EİTİ-ın iclası Kolumbiyanın paytaxtı Baqotada keçirilir.

Bu barədə daha geniş