Mətbuat icmalı: Neftin qiyməti dekabrın ortasından ilk dəfə 50 dollardan aşağı düşdü

Fotonun müəllifi Getty Images

oxu.az: Neftin qiyməti dekabrın ortasından ilk dəfə 50 dollardan aşağı düşdü

WTI neftinin bir bareli 2016-cı ilin dekabrın ortalarından etibarən ilk dəfə 50 dollardan aşağı düşüb.

Bunu ICE qitələrarası birjanın nəticələri göstərir.

Bakı vaxtı ilə saat 11:18 olan məlumata görə, WTI nefti üçün aprel fyuçersləri bir barel üçün 49,58 dollardan ibarət olub.

Ticarət sessiyasının əvvəlindən qiymətin enməsi 1,4%-dən ibarət olub.

Brent markalı neftin may fyuçersləri, eyni zamanda 52,03 dollar səviyyəsində satılır.

Bakı vaxtı ilə 14:01-də Brent neftinin bir barelinin qiyməti 53,32 dollardan ibarət olub.

Bazar ABŞ-da neft ehtiyatları barədə məlumatlara reaksiya verib.

ABŞ-da neft ehtiyatları bir həftə ərzində 8,2 milyon barel artaraq 528,4 milyon bareldən ibarət olub, bunu Energetik informasiya idarəsi bildirib.

Fotonun müəllifi Getty Images
Image caption ABŞ-da neft ehtiyatları bir həftə ərzində 8,2 milyon barel artaraq 528,4 milyon bareldən ibarət olub, bunu Energetik informasiya idarəsi bildirib.

"Azadlıq": Azərbaycan dövlət büdcəsindən kredit faizlərinə 150 milyon dollar ödəyib

"Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2017-ci il yanvarın 1-nə dövlət zəmanəti əsasında bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 11 049,9 mln. ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.

...Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 719,2 mln. dollar ödəniş həyata keçirilib. Bu ödənişlərin 569,3 mln. dolları əsas borc kimi, 149,9 mln. dolları isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilib", deyə hökumətin illik hesabatına istinadən bildirilir", - məlumatda deyilir.

Hesabat ilində Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə yardımların və humanitar yardımların ümumi məbləğinin 2 380 250 dollar məbləğində olduğu bildirilir.

Hesabatda qeyd edilir ki, bu məbləğin 274,6 min dolları humanitar, 2,106 milyon dolları isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.

oxu.az: Azərbaycan vətəndaşlarının qənaət rejimi 4 dəfəni üstələyir

2014-cü ildə ölkədə dövriyyədə olan pul bazasının həcmi 11-12 milyard manat təşkil edirdi ki, bu həcmi həmin dövrdə dolların məzənnəsi (0,78) ilə ifadə etsək, 13-14 milyard dollar təşkil edirdi.

"Hazırda inflyasiya və manatın məzənnəsini qorumaq uğrunda çarpışan Mərkəzi Bank dövriyyədəki pulu yığmağa davam edir.

Artıq pul kütləsinin həcmi 6 milyard 987 milyon manata düşüb. Bu isə hazırki məzənnə ilə 3 milyard 900 milyon dollar deməkdir. Yəni dövriyyədə cəmi bu qədər dollara ehtiyacı olan manat hərəkət edir.

... Belə çıxır ki, iki il əvvəl 13-14 milyard dollarlıq mal və xidmətdən istifadə edən ...Azərbaycan vətəndaşları artıq ciddi qənaət rejiminə keçib. Hətta bu qənaət rejimi 4 dəfəni belə üstələyir", deyə sayt fins.az-a istinadən yazır.

Ekspert Samir Əliyevin sözlərinə görə, həmin dövrdə dövriyyədə böyük pul kütləsi vardı. Mərkəzi Bank bazardan dolları almağa çalışır və dövriyyəyə manat buraxırdı. Hazırda isə Mərkəzi Bank demək olar ki, bazardan dollar almır.

"Digər tərəfdən, əhalinin gəlirləri azaldığından ümumilikdə iqtisadiyyat da zəifləyir. Qiymətlər 2 dəfədən 40 faizə qədər artıb. İnflayisiyanın etiraf olunan səviyyəsi ikirəqəmlidir. İndikator kimi götürsək, sahibkarlar pul tapmır", - sayt Samir Əliyevə istinadən yazır.

"Azadlıq": Azərbaycanda daha iki intihar hadisəsi baş verib

Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.

Rayon sakini, 1984-cü il təvəllüdlü Həmidov Ramin Rəhim oğlu rayon məhkəməsinin binası qarşısında üzərinə benzin tökərək özünə od vurub.

"Otuz üç yaşlı kişi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisəyə səbəb məhkəmənin həyat yoldaşından ayrılan R.Həmidov barəsində aliment ödənişi qərarının cıxarması olub. O, məhkəmənin qərarına etiraz edərək özünü yandırıb", - xəbərdə deyilir.

Cəlilabad rayonunun Alar kəndində isə 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib. Şəkər xəstəsi olan T.Quliyevin bir müddət əvvəl bir ayağı amputasiya olunubmuş.