Neft Fondu: Azərbaycan EİTİ-ı tərk etdi

Şahmar Mövsümov
Image caption Şahmar Mövsümov EİTİ-ın Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını "ədalətsiz" hesab edir

"Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm", Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun bəyanatında deyilir.

"Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm."

"Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşmışdır. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər", Fondun məlumatında deyilir.

Bəyanatda cənab Mövsümovun "cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycanın İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olduğuna inandığı" ifadə olunub.

İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını "ədalətsiz" hesab edən cənab Mövsümov əlavə edib ki, Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcəkdir.

Martın 8-9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (The Extractive Industries Transparency Initiative - EITI) Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycan "islah tədbirlərini tam yerinə yetirməmiş kimi" qiymətləndirilib.

Vətəndaş cəmiyyəti nə deyir?

EİTİ QHT koalisiyasının sabiq koordinatoru və şura üzvü Zöhrab İsmayıl Azərbaycanın bu qərarından təəssüfləndiyini bildirib.

"Əvvəlcədən də qeyri-rəsmi şəkildə belə mesaj var idi. Bu qərar yalnız Azərbaycana problem yaradacaq. Beynəlxalq neft şirkətlərinin ölkədə fəaliyyətinə, Azərbaycanın enerji layihələrinə kredit cəlbinə problem yarana bilər."

Cənab İsmayıl onu da qeyd edir ki, bu qərardan dolayı yolla Azərbaycan xalqı da təsirlənəcək:

"2013-cü ildə EİTİ öz standartlarını yenilədi, indiki iclasda da qəbul olundu ki, ölkələr həm də layihələr üzrə hesabat verməlidir. Hesabatlılıq, şəffaflıq, korrupsiyanın azalması, ictimai iştirakçılıq vətəndaşların maraqlarına xidmət edir."

Zöhrab İsmayıl düşünür ki, EİTİ-ın Azərbaycana verdiyi zaman ərzində, hökümət "bir günə" Milli Məclisi toplayaraq həmin məsələlərin azı qanunvericilik zəminini həll edə bilərdi.

"Əslində çox da çətin çıxılmaz məsələlər deyildi. Vətəndaş cəmiyyətinə şəraitin yaradılması - qanunvericilik, təcrübədə süni maneələrin aradan qaldırılması, qeydiyyat problemləri, reyestrdən çıxarış həll olunmalı idi."

Onun sözlərinə görə, bu yolla ən azından Azərbaycanın namizəd statusu saxlanıla bilərdi və hansısa mərhələrə bərpa olunmaqdan söhbət gedə bilərdi:

"Amma hökümət özünün köhnə ənənəvi qaydaları ilə buna yanaşdı."

Fotonun müəllifi EITI

İslah tədbirləri "tam yerinə yetirilməyib"

"Bu o deməkdir ki, ölkə bu mərhələdə tələbləri yerinə yetirməyib. Bu o deməkdir ki, onlar tələbləri yerinə yetirməlidir", qurumun Orta Şərq və Africa üzrə regional direktor və direktor müavini Eddie Rich BBC Azərbaycancaya bildirib.

"İdarə Heyəti onu qeyd etmək istəyir ki, bəzi sahələrdə inkişaf olsa da, vətəndaş cəmiyyəti məkanı ilə bağlı tələblərdə əhəmiyyətli irəliləyiş əldə olunmayıb", o əlavə edib.

O rəsmi Bakının, Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırılması kimi izah edilən bu addıma şərhinin nə olduğunu xəbərdar olmadığını qeyd edib.

Təşkilatın saytında bildirilir ki, 26 iyul 2017-ci ildə ölkənin islah tələblərini yerinə yetirib-yetirmədiyi məsələsinə üçüncü tərəf qiymətləndirmə çərçivəsində baxılacaq.

Cənab Rich izah edir ki, Azərbaycan bütün qoyulmuş standartlara çata bilsə, o zaman "standartlara uyğun" kimi qiymətləndirilə bilər.

Hadisə necə başladı?

EITI dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan və Britaniyada yaradılmış qurumdur.

Azərbaycan ona qoşulmuş ilk ölkələrdən biridir və bu qurumda fəaliyyətilə bağlı BMT mükafatına layiq görülüb.

Lakin vətəndaş cəmiyyətinə basqılar barədə məlumatlardan sonra onun qurumda üzvlüyünün səviyyəsi aşağı salınıb.

Ötən ilin oktyabrın 26-da təşkilat, Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt vermişdi.

2015-ci ilin aprelində EİTİ-ın 14 illik üzvü olan Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

Qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, "EITI Attestasiyası" adlanır.

Azərbaycan bu attestasiyadan keçməli olmuş ilk ölkədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş