Mətbuat icmalı: "Azərbaycan pasportu 199 ölkə arasında 133-cü yeri tutur"

Fotonun müəllifi Getty Images

"Azadlıq": MHŞT Azərbaycanın qurumda fəaliyyətini dayandırdı

Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) Beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında Azərbaycanla bağlı iki gün ərzində davam edən müzakirələrə martın 9-da Bakı vaxtı ilə axşam saat 21.00 radələrində yekun vurulub.

Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb.

"Koalisiyanın Beynəlxalq İdarə Heyəti belə nəticəyə gəlib ki, Azərbaycan hökuməti islahatlar həyata keçirmir.

...MHŞT Beynəlxalq İdarə Heyəti bu qərara gəlib ki, Azərbaycanın fəaliyyəti (statusu) iyulun 26-na qədər dayandırılsın. Əgər irəli sürülən islahat planı o zamana qədər icra edilsə, Azərbaycanın statusu bərpa olunar.

...Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumlarından kredit ala bilməsi üçün bu qurumun rəyi çox əhəmiyyətlidir. Bu baxımdan, Azərbaycan hökuməti bugünkü qərarın qəbul olunmaması üçün müxtəlif vasitələrdən istifadə etmişdi", - yazıda deyilir.

"Azadlıq": Azərbaycan pasportu 199 ölkə arasında 133-cü yeri tutur

"İnsanları müxtəlif ölkələrdə vətəndaşlıq, daha doğrusu, fərqli ölkələrin pasportlarının üstünlükləri haqda bilgiləndirən «Nomad Capitalist» şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb. "Nomad Pasport İndeksi 2017" adlı sənəddə 199 ölkənin pasportları qiymətləndirilib," - qəzet yazır.

Qeyd edilir ki, pasportların əhəmiyyəti 5 əsas amilə - pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, vizadan azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa, həmin pasportlara münasibətə görə müəyyən edilir.

"2017-ci ilin 10 ən yaxşı pasportu aşağıdakı ölkələrin pasportlarıdır: İsveç, Belçika, İtaliya, İspaniya, İrlandiya, Finlandiya, Almaniya, Danimarka, İsveçrə, Lüksemburq.

Azərbaycanınsa bu siyahıda da Qafqazdakı qonşularından geridə olduğu bildirilir. Azərbaycan pasportu 199 ölkə pasportu arasında 133-cü yeri tutub.

Müqayisə üçün qeyd edilir ki, Rusiyanın pasportu 82, Gürcüstanınkı 83, Türkiyəninki 88, Ermənistanınkı 132, İranın pasportu isə 191-ci yerdədir".

"Azərbaycan": Yeni vergi sisteminin inzibatçılığı əsasən fərdi yanaşma və vergi partnyorluğu prinsiplərinə söykənir

Martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədov bildirib ki, Vergilər Nazirliyi ölkədə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətləri qurub.

F.Məmmədovun sözlərinə görə, nazirliyin strukturlarında köklü islahatlar aparılıb, Strateji Yol Xəritəsi ilə bağlı qurum qarşısında qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər planı hazırlanır.

Nazir qeyd edib ki, yeni vergi sisteminin inzibatçılığı əsasən fərdi yanaşma və vergi partnyorluğu prinsiplərinə, bu münasibətlərin daha da dərinləşdirilməsi və müasir, innovativ xidmətlərin təqdim edilməsinə söykənir.

Fins.az: Siyavuş Novruzov: "Şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyat tələb olunmalıdır"

"Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır.

Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Xaricdə hər hansı bir portal yaradıb, Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar, oradan xəbərləri götürüb verənlər olur.

Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir".

Bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

"Yeni Müsavat": Qəzanın şahidi: "Yarışırdılar, qaçırda bilməyib "Zil"ə dəydi"

Bakı-Sumqayıt yolundakı tələbələrin ölümü ilə nəticələnmiş qəza ilə bağlı 2 sürücü, "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 41 yaşlı Namiq Hüseyinov və "Zil" markalı yük maşınının sürücüsü Elvin Şəmistanlı saxlanıb.

Sürücü İkram Səfərov deyib: "Axşam maşını saxlamışıq burda. Maşın nazas olduğuna, xarab olduğuna görə. Yəni bütün ehtiyat tədbirlərini görmüşük, "znak"dı, daşdı, lentdi. İki dənə "Ford" yarış eləyərkən biri qaçırda bilməyib girib "Zil"in arxasına".