Bakı: 1-ci sinfə qəbul başlanır - yeni qaydalarla

məktəb

Martın 15-dən Bakıda 2017/2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılır.

Elektron qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə ediləcək.

Saytda qeydiyyat barədə videotəlimat hazırlanıb, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bildirib.

15 martdan başlayaraq 15 sentyabradək davam edəcək qeydiyyat prosesində valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Onlayn qeydiyyatdan keçmək üçün 50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzləri də yaradılıb.

Həmçinin qəbul prosesində mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyaları təşkil olunub, APA yazır.

Bu il onlayn yolla qeydiyyatdan keçmiş valideynlər müəllimi də özləri seçə biləcəklər.

Kimlər birinci sinfə qəbul ediləcək?

Bu il birinci sinfə 2017-ci il 15 sentyabradək 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsabiqədən uğurla keçmiş və 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə doğulmuş uşaqlar da birinci sinfə sənəd verə bilərlər.

Bu dövrdə doğulan uşaqlar əgər ödənişsiz məktəbəhazırlıq qrupunu bitiribsə, məktəblərə qəbulu müsabiqədənkənar olacaq.

Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər isə iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak etməlidirlər.

Lisey və gimnaziyalara qəbul

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəblər və BŞTİ-nin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyi, 160 nömrəli Klassik Gimnaziya üçün, ilk növbədə, həmin lisey və gimnaziyanın müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır.

Bu lisey və gimnaziyalar üçün onlayn qeydiyyatın son günü 31 maydır.

Digər ərazilərdə yaşayanlar isə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

"Mikroərazidə yaşamayan şagirdin valideyni elektron sənəd verəndən sonra "müsabiqəyə yazıl" bölməsində qeydiyyatdan keçməlidir. Sonradan şagird iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək."

Bura 3 məktəb - Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət gimnaziyası daxil deyil. Bu məktəblərdə qəbul yalnız müsabiqə əsasında aparılacaq.

Yaşı 8-dən çox olan uşağın birinci sinfə qəbulu üçün valideyn onlayn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əsli ilə birgə bazar ertəsi və cümə axşamı günləri BŞTİ-də yaradılmış komissiyaya müraciət etməlidir.

Sağlamlıq imkanı məhdud olan uşaqların birinci sinfə qəbulu üçün qeydiyyat bu sistemlə həyata keçirilməlidir.

"Bu halda valideyn övladının evdə təhsil alması üçün çərşənbə və cümə günləri 368 saylı məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər."

Hansı sənədlər təqdim edilməlidir?

Qeydiyyatdan keçdikdən sonra məktəblərdə uşaqların əlavə müsahibəsi olmayacaq. BTŞİ deyir ki, buna görə də valideynlərin övladlarını özləri ilə məktəbə aparmasına ehtiyac yoxdur.

Qeydiyyatdan keçəndən sonra aşağıdakı sənədlər məktəbə təqdim edilməlidir. Məktəb valideynə qəbz verməlidir. Qəbzin verilməsi uşağın birinci sinfə qəbul edilməsi deməkdir.

  • Məktəbə qəbul üçün elektron formada doldurulan sənəd
  • Valideynin və övladının şəxsiyyətini təsdiq edən sənədin əsli
  • Məktəbəhazırlıq qrupunda təhsilə dair arayış
  • Sağlamlıq haqqında arayış

BŞTİ rəsmi Facebook səhifəsində 15-17 mart birinci sinfə qəbulla bağlı suallara cavab verəcəyini deyir.

Bu barədə daha geniş