Novruz - qədim imperiyadan qalan milli bayram

  • 14 Mart 2017
Bakı

Əslində Azərbaycanda, eləcə də digər müsəlman sovet respublikalarında Novruz heç vaxt qadağan edilməyib. Daha doğrusu məxsusi olaraq Novruz üzərində tam qadağan olmayıb.

Azərbaycan və Mərkəzi Asiya ölkələrində insanlar bu bayramı həmişə öz evlərində, ailələrində qeyd ediblər, paxlava hazırlayıblar, şam yandırıblar, səməni cücərdiblər, yumurta boyayıblar, tonqal üstündən atılıblar...

Bir sözlə qədim İran imperiyasından qalma bu bayramı öz milli bayramları hesab ediblər. Bəli, Novruz ənənəsi İran imperiyasına daxil olan xalqların milli bayramına çevrilib.

Novruz Yeni il bayramıdır. Farsca adı da Yeni gün deməkdir. Bu gün hər il eyni vaxtda - martın 20-də və ya 21-də - Yaz Günəş qarşıdurması günündə qeyd edilir.

Azərbaycanda, xüsusən də Bakı və onun kəndlərində dəbdəbə ilə keçirilən bu bayrama, uzaq Şərqdən gəlmə başqa ənənə də qarışıb.

12 illik heyvan təqviminə əsaslanan bu ənənəyə görə hər il bir heyvanın üstündə "qeyd" olur. Bu təqvim tsikli demək olar ki, olduğu kimi Çindən götürülüb.

Əslində Azərbaycana və Mərkəzi Asiyanın keçmiş respublikalarına başqa bir imperiyadan başqa bir "Yeni il" də miras qalıb.

Novruzu qeyd edən region və ölkələr

Bu xalqlar keçmiş SSRİ-də olduğu kimi dekabrın 31-ni Yeni il bayramı kimi qeyd edir, xristianlar kimi Milad ağacı bəzəyirlər. Amma bu bayram milli bayrama çevrilməyib.

Ola bilsin ki, bu sözü gedən xalqların xristian yox, müsəlman olması ilə bağlıdır. Hərçənd Novruzun da İslamla heç bir əlaqəsi yoxdur.

Hətta İranın özündə qədimlərdən qeyd olunan Novruz 1979-cu il İran İslam İnqilabından sonra bir neçə il qadağan edilib. Yazılmamış qadağanla...

Çünki iranlılar bu bayramı heç bir qadağana baxmayaraq həmişə qeyd ediblər. Axırda İran mühafizəkarları və din xadimləri ortalığa belə bir müddəa atıblar ki, Novruz guya imam Əlinin taxta oturan günüdür... Bir növ kompromis əldə olunub...

Hər il böyük təntənə ilə keçirilməsinə baxmayaraq Novruz bayramı və onun Azərbaycanda keçirilməsi tarixi o qədər də yaxşı araşdırlmayıb.

Bu mənada jurnalist və kinorejissor Füzuli Sabiroğlunun ötən il dərc olunmuş məqaləsi istisna təşkil edir.

Məqalədə qeyd olunur ki, azərbaycanlılar 1920-ci illərədək, yəni Azərbaycan Qırmızı ordu tərəfindən işğal edilənədək Novruzu böyük dəbdəbə və ruh yüksəkliyi ilə qeyd ediblər.

Ömrü cəmi 17 ay olmuş Azərbaycan Respublikasında bu bayram iki dəfə - 1919 və 1920-ci ildə rəsmən təntənə ilə qeyd olunub.

1920-ci ilin Novruz bayramından bir ay sonra Azərbaycan sovetlər tərəfindən işğal edilib.

Sovetlər və Novruz

Bakı

Lakin bəzi yanlış məlumatlara baxmayaraq Novruz bolşeviklər tərəfindən dərhal qadağan edilməyib və onu əvvəlki illərdə olduğu kimi açıq keçiriblər.

1921-ci ildə Azərbaycan bolşeviklərinin "Kommunist" qəzeti yazırdı ki, Novruz münasibətilə məktəblilərə bayram sovqatları paylanıb. Həmin il teatr və klublarda konsert və tamaşalar verilib.

Əslində, Azərbaycan milli teatrının kökləri Novruz bayramında oynanan "xalq tamaşalarına" gedib çıxır.

1925-ci ildə Sovet hökuməti Novruzla əlaqədar xüsusi qərar qəbul edib. Bu qərara görə Novruzun da başqa 6 milli və dini bayramlar kimi dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulurdu.

Lakin Sovet hakimiyyətinin ayağı möhkəm yer tutduqca başqa milli-dini bayramlar kimi Novruz da mühafizəkar bolşeviklərin hücumlarına məruz qalıb. Onlar Sovet ölkəsində yalnız inqilabi bayramların keçirilməsini istəyirdilər.

Sovet Rusiyası və ruslar başqa xalqların da milli bayramları qeyd etməməsi xətrinə öz milli-dini bayramlarından imtina etməli olublar.

1929-cu ildə Novruz dövlət bayramlarının siyahısından çıxarılıb. Bundan sonra "Mübariz allahsızlar ittifaqı" deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar.

Cəza isə əsasən ictimai qınaqdan ibarət olurdu.

Nəhayət 1937-ci ildə, SSRİ Konstitusiyasının qəbulu ilə bütün dini və milli bayramlar qadağan edilib. Amma hətta o ağır repressiya illərində də adamlar Novruzu əziz bayram kimi qeyd etməkdə davam edirdilər.

Bu rəsmi qadağan 20 il qüvvədə olub. Lakin 1953-cü ildə Stalinin ölümündən sonra bütün milli bayramlara "qeyri-rəsmi" icazə verilib. Daha doğrusu həmin vaxtdan bəri adamlar Novruzu ailə çevrəsində keçirə bilərdilər.

SSRİ-də Nikita Xruşşovun hakimiyyətə gəlməsi ilə Stalin repressiyaları pislənib və bu müddətdə sovet xalqlarının bir növ milli dirçəlişi başlanıb.

Başqa xalqlarla yanaşı rus xalqı da milli oyanış yaşayırdı və rus xalqı özünün ənənələrini dirçəltmək üçün "qardaş xalqlara" da öz bayramlarını qeyd etmək icazəsi verirdi.

1966-cı ilin 6 martında Rusiya çarının devrilməsindən bəri xristianların Maslennitsa - Qışın yola salınması bayramı ilk dəfə olaraq qeyd olunub.

Elə həmin ilin martında Moskva Novruzun da qeyd olunmasına icazə verib, hərçənd adının çəkilməməsi şərti ilə. Bu bayram sovet mətbuatında "Bahar bayramı" kimi rəsmiləşdirilib.

Adı Novruz olmasa da, Bahar bayramında Novruzun bütün ayinləri yer alıb.

Novruz konspirasiyası

Amma Novruzun dövlət səviyyəsində qeyd olunması müəyyən səbəblərlə bir il, 1967-ci ilədək ləngidilib.

Məhz bu məqam Azərbaycanın tarixində ən böyük konspirativ nəzəriyyə ilə qalıb.

Novruzun rəsmi keçirilməsi üçün Moskvaya Azərbaycanla yanaşı, Özbəkistan da müraciət etmişdi.

Bayramın keçirilməsi üçün təşəbbüsü Azərbaycan və Özbəkistan Kommunist Partiyaları qaldırmışdılar.

Bu, 1928-ci ildən bəri Bakıda Novruzun ilk rəsmi bayram edilməsi idi.

1967-ci il martın 20-də Bakının qədim Qız qalası yaxınlığında el şənlikləri başlanıb. Gəlin kimi bəzədilmiş Bahar qız da elə bu şənliyə at belində gəlib.

Bakı

Azərbaycan rəsmiləri Bahar qız obrazı ilə rusların Qar qızı (Snequroçka) arasında bir növ parallel yaratmışdılar ki, "ruslar inciməsin".

Novruzun keçirilməsi üçün Moskvaya rəsmi müraciəti Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov etsə də, bayramın təşkilatçılıq işləri mərkəzi komitənin gənc və ambisiyalı ideoloji katibi Şıxəli Qurbanova tapşırılmışdı.

Maraqlıdır ki, bu rəsmilərin hər iksi Bakıda doğulmuşdular və Novruz ənənəvi olaraq bakılıların bayramı kimi tanınırdı. Qurbanov həm də istedadlı yazıçı və dramaturq idi.

Lakin Novruz bayramından bir qədər sonra Şıxəli Qurbanov gözlənilmədən stomatoloqun kreslosunda öldü.

Rəsmi versiyaya görə onun dişinə vurulmuş anesteziya iynəsi qəfil ağrı şoku vermişdi.

Lakin rəsmi versiya adamlar arasında yayılmış konspirativ nəzəriyyəni daha da gücləndirirdi. Sonralar hökumətin bütün təkziblərinə baxmayaraq Azərbaycanda bu gün də bir çoxları Qurbanovun KQB tərəfindən qətlə yetirildiyinə inanırlar.

Digər ironiya isə bundan ibarət idi iki, həmin gün Şıxəli Qurbanovun "Sənsiz" adlı pyesinin teatr premyerası keçirilirdi. O elə bu tədbirdə rahat iştirak etmək üçün onu artıq bir müddətdir ki, incidən diş ağrısından xilas olmaq istəmişdi. "Sənsiz" pyesinin premyerası onsuz keçirilmişdi.

Lakin rusların Maslennitsasından fərqli olaraq Novruz bayramı 1968, 1969-cu və 1970-ci illərin əvvəllərində də daha böyük ruh yüksəkliyi ilə keçirilirdi.

Çox siyasi bayram

Bəzi politoloqlar 1967-ci ildə Novruzun rəsmi keçirilməsinə icazə verilməsini Moskvanın xarici siyasəti ilə bağlayırdılar.

Bu dövrdə SSRİ Yaxın Şərq ölkələri, o cümlədən İran və Türkiyə ilə yaxınlaşmağa çalışırdı.

1966-cı ildə İran şahı ilə SSRİ arasında bir çox mədəniyyət, iqtisadiyyat və ticarət müqavilələri imzalanmışdı.

Elə həmin il İranın azərbaycanlı şairi Şəhriyar millətçi ruhlu "Heydərbabaya salam" şeirini yazmış, bu şeir Sovet Azərbaycanında dərc olunmuşdu.

1968-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnevin İrana rəsmi səfəri hazırlanırdı.

Bütün hallarda SSRİ-də idarə olunan milli dirçəliş gedirdi. Bu istiqamətdə Sovet İttifaqı Azərbaycan və Mərkəzi Asiya xalqları ilə İran arasındakı mədəni əlaqələrə müsbər yanaşırdı.

Bu həm də bir növ NATO üzvü olan Türkiyənin türkdilli Sovet Asiyasına təsirini bloklamaq məqsədi güdürdü.

SSRİ rəhbərliyi pantürkizmdən fərqli olaraq, paniranizmdən çox da qorxmurdu.

1970-ci illərdə SSRİ-də vətəndaş azadlıqlarının yenidən daraldığı vaxtlarda Novruz dövlət səviyyəsində 1960-larda olduğu kimi səs-küylü keçirilmirdi.

Bu vəziyyət Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə dəyişdi.

Bayram xonçası və səməni (20 mart 1989) Fotonun müəllifi AR DKFSA
Image caption Bayram xonçası və səməni (20 mart 1989)

Qlastnost və perestroyka Novruzun Azərbaycan və Mərkəzi Asiyada dövlət səviyyəsində keçirilməsinə yol açdı.

1985-ci ildən sonra hətta kommunist və sovet qəzetləri də martın 21-də rəngli çıxır, ən başlıcası daha "bahar bayramından" yox, Novruzdan söz açılırdı.

1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.

2000-ci illərin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır.

Rusiyada Yeni il bayramı da 10 gün qeyd olunur. İmperiyalar dağılır, paralellər, ənənələr yaşayır...

Bu barədə daha geniş