Novruz Göygöl rayonunda: "Süfrəmizin şahı qovurğadır"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Novruz Göygöl rayonunda: "Süfrəmizin şahı qovurğadır"

Azərbaycanda milli bayram kimi qeyd edilən Novruz üçün qurulan süfrənin əvəzolunmaz nemətlərindən biri də qovurğadır.

Qovurğa qovrulmuş buğdadır. Buğda artlanıb təmizlənir, daha sonra ya sacda, ya da tavada qovrulur. İstəyə görə qovurğanın hazırlanması zamanı şərbət də əlavə edilə bilər. Bu, buğdaya şirinlik qatır.

Novruz üçün qurulan və üzərinə səməni, həmçinin, şəkərbura, paxlava və qoğal kimi milli şirniyyatlar düzülən bayram xonçasına qovurğa tökülür.

Bir çox hallarda hazır qovurğanın tərkibinə quru meyvələr, qoz, fındıq, badam qatılır.

Müsahibimiz Göygöl rayon sakini Nuridə Misirova da bu il martın 14-də baş tutacaq bayramdan öncəki son çərşənbədə süfrəyə qoymaq üçün qovurğa hazırlayır.

O deyir ki, bayram süfrəsini qovurğasız təsəvvür etmir. 6 kilo buğdanı özü qaladığı ocaqda qovuran Nuridə xanım ailə üzvlərinin bu neməti çox sevdiyini də qeyd edir.

Elə bunu ocaq başında həvəslə qovurğa gözləyən nəvələri də təsdiqləyir.

Videonu Göygoldən BBC Azərbaycanca müxbiri Günel Səfər göndərib.

Əlaqəli mövzular