Hökümət hesabat verir: yoxsulluq 1 faiz artıb, ÜDM istehsalı azalıb

  • 17 Mart 2017
Baş nazir Artur Rəsizadə Fotonun müəllifi APA
Image caption Baş nazir Artur Rəsizadə Milli Məclisdə çıxış edib

Baş nazir Artur Rasizadə Milli Məclisdəki çıxışında 2016-cı ili maliyyə-bank sektorunda mövcud olan çətinliklər baxımından "mürəkkəb", eyni zamanda, "dərin iqtisadi islahatlar ili" kimi xarakterizə edib.

Hökümətin həmin il üçün hesabatını təqdim edən cənab Rasizadə bildirib ki, dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb.

O həmçinin əlavə edib ki, bir sıra bankların "qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının rəhbərliyinin cinayətkar fəaliyyəti" durumu daha da ağırlaşdırıb:

"Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradıb", Trend agentliyi baş nazirdən sitat gətirib.

Report agentliyi yazır ki, hesabatda ötən il ÜDM-in real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi nəticəsində yoxsulluq səviyyəsinə düşən əhalinin sayının 1% artaraq 5,9 faizə çatdığı deyilir.

Bundan başqa, ölkə rezidentləri tərəfindən 60 393,6 mln. manat və ya əhalinin hər nəfərinə 6266,3 manat dəyərində ÜDM istehsal edildiyi bildirilir.

"Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3,1 faiz azalıb. Azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22,9 faiz azalması olub", baş nazir deyib.

2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 526,6 mln. manat və ya əvvəlki illə müqayisədə 22,2 faiz az vəsait yönəldilib, məlumatlarda deyilir.

Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 69,9 faizi infrastruktur layihələrinə ayrılıb.

Ümumi dövlət əsaslı vəsait qoyuluşlarında vəziyyət belədir:

  • infrastruktur layihələri - 2096,3 mln. manat
  • nəqliyyat layihələri - 751,4 mln. manat
  • kommunal infrastruktur layihələri - 325,4 mln. manat
  • energetika və sənaye layihələri - 778,7 mln. manat
  • ekologiya layihələri - 15,6 mln. manat
  • kənd təsərrüfatı layihələri - 98,5 mln. manat
  • sosial yönümlü layihələr - 303,9 mln. manat

2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1514,0 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1479,9 min nəfər çalışıb, sənəddə deyilib.

Deputatların rəyləri

Hesabata öz münasibətini bildirərək deputat Əli Məsimli "rayonlarda yeni iş yerlərinin açılması istiqamətində" işlərin görülməsinin vacib olduğunu bildirib, APA xəbər verib.

Millət vəkili Yevda Abramov valyuta alış-satış məzənnəsindəki fərqlə narazılığını bildirərək hökumətin bu problemi çözməyə çağırıb.

"Bütün bunlara son qoymaq lazımdır! Belə olmazsa, gələcək hesabatımız daha da pis olacaq", deputat vurğulayıb.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə Tarif Şurasının enerjidaşıyıcıların qiymətlərinin artması ilə bağlı verdiyi qərarı tənqid edib.

Deputat qiymət artımının Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic etdiyini bildirib. O deyir ki, bu vəziyyət davam etdiyi təqdirdə "zavod fəaliyyətini dayandıra" bilər.

Əlaqəli mövzular