Gəncənin sərdabələri: "Belə getsə bütün dünyanı qəbristanlıq götürəcək"

Sərdabə

Əhalisinin çoxu müsəlman olan Azərbaycanda insan ölərkən onu basdırmaq və basdırıldığı yerin ətrafına qəbir daşları düzmək adət halını alıb. Amma bir şəhər var ki, orada ölü basdırılma ilə bağlı fərqli adət var.

Gəncədə bir qrup sakin tək adamlıq qəbir əvəzinə bütöv bir ailə və hətta qohumlar üçün birgə qəbirlərin salınmasına daha müsbət yanaşır. Onlar belə qəbirləri sərdabə adlandırırlar.

Bütöv bir ailə və hətta qohumlar üçün birgə salınmış sərdabələrə daha çox Gəncənin Bağman yaşayış ərazisində yerləşən Səbiskar qəbiristanlığında rast gəlmək olar.

Bu qəbiristanlıqda həm yeni tikilmiş sərdabələr, həm də sakinlərin təbirincə desək, Şah Abbasın dövründən qalma türbə şəkilli sərdabələr var.

Sakinlər deyir ki, sərdabə qəbir adəti "dədə-babadan" qalıb.

Qəbiristanlığın işçisi sərdabə qəbirlərin bir qayda olaraq yerdən 80 santimetr aşağı və 1 metr isə yerdən yuxarı olduğunu deyir. Lakin qəbiristanlıqda həm üst hissəsi olmayan həm də 1 metrdən hündür olan sərdabələridə görmək olur.

Qəbirin kənarında xüsusi qapı qoyulur. Ailədə yeni ölüm halı olduqda bu qapı açılaraq cəsəd qəbirə qoyulur.

"Əvvəllər basdırmırdılar, cəsədi qəbirə qoyurdular, amma son vaxtlar qəbirin içində yeri qazıb cəsədi basdırırlar," işçi deyir.

Qəbiristanlıq işçisi deyir ki, Səbiskar qəbiristanlığı çox qədimdir. O iddia edir ki, arxiv sənədlərinə əsasən buranın 1500-dən çox yaşı var.

Qəbiristanlığın ərazisi 7 hektardır. Burada 1800-cü illərin sonlarına və 1900-cü ilin əvvəllərinə aid qəbr sərdabələr də var.

Belə sərdabələrə həm də, Gəncənin digər hissəsində yerləşən İmamzadə, yaxud Göy imam türbəsinin ətrafındakı qəbiristanlıqda da rast gəlmək mümkündür.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli sərdabələrin Azərbaycanda Xristianlıq dövründə daha geniş yayılmış qəbir forması olduğunu deyir.

O, bu adətin daha sonra bir adət kimi müsəlman dövründə, xüsusilə şiələr tərəfindən "tapşırma" gəbir istifadəsində mövcud olduğunu bildirir.

"Tapşırma" gəbirlərin məqsədi ölmüş insanların sümüklərinin daha sonra Məşəd və Kərbala kimi şiələr üçün müqqədəs sayılan yerlərdə basdırılmasına imkan yaratmaqdır, o əlavə edir.

Bu adətin Sovet dövrünə kimi mövcud olduğunu deyən doktor, bu cür sərdabələrin həm də Qarabağda mövcüd olduğunu da vurğulayır.

Qiymətlərə gəldikdə isə, Səbiskar qəbiristanlığında işləyən işçi deyir ki, sərdabənin hazırlanması üçün sadəcə dövlətə 55 manat 70 qəpik rüsum ödəmək lazımdır.

"İşləyən fəhləyə də nə qədər istəsən verirsən", o əlavə edir.

Qəbirlərin içində cəsədləri basdırmağın tərəfdarı olan bir yaşlı qadın isə sərdabələrin "yaman baha" olduğunu deyir. O, bir sərdabənin 2-3 min manata hazırlandığını bildirir.

Sakinlərdən biri bu adəti doğru sayır və insanların qazılmış qəbirdə cəsədlərin basdırılmasının tərəfdarı olmadığını deyir. O hesab edir ki, insanın sümükləri torpaqla qarışmalıdır.

Lakin yaşayış ərazilərinin böyük hissəsinin qəbiristanlığa çevrilməsi bu sakini narahat edir.

"Artıq kəndlərdən torpaq sahələrini alıb qəbiristanlığa çevirirlər. Belə getsə bütün dünyanı qəbristanlıq götürəcək", o deyir.

Bu barədə daha geniş