Qazaxın işsizlikdən şikayətlənən sakinləri: "əhalinin dolanışığı sıfırdır"

Qazax

Qazaxa səfərimiz mart ayının ortalarına təsadüf edir.

Novruz bayramından bir həftə əvvəl Qazaxda günəşli hava var. Deyəsən elə bu səbəbdən çayxanalar, müxtəlif tikililərin önündəki boş sahələrə stol və stullar düzüblər.

Şəhərin mərkəzi hissəsində, Mütəfəkkirlər parkı adlandırılan ərazidə bir neçə çayxana var və bu çayxanalarda oturub çay içməyə yer tapmaq da çətindir.

Müxtəlif yaş qruplarına aid olan kişilər toplaşıb ya domino oynayırlar, ya da nərd. Sadəcə çay içib söhbətləşənlər də var.

Sakinlərdən biri bu görüntünün səbəbini belə açıqlayır: "Çayxanalarda çay 50 qəpikdir. 1 paçka çay 80 qəpik olanda da bu qiymət belə idi, 2 manat olanda da. Çayçılar qiyməti ona görə artırmır ki, 4 nəfər toplaşır, hərəsi 20-30 qəpik qoyur, bir çaynik çay alıb içirlər. Çayxanaya insanların toplanması işsizliyin ən yaxşı göstəricisidir", deyir sakin.

O, Qazaxda işsizliyin olmasından, son vaxtlar istehlak mallarının qiymətinin artmasından gileylənir.

"Ömür qısalıb..."

Fəzail Əliyev müharibə veteranı olduğu üçün təqaüd alır. Amma yaşadığı rayonda əhalini güzəranının yaxşı olmadığını deyir.

Deyir, müəyyən ərzaqların qiyməti 100 faizdən də çox bahalanıb.

"Hakimiyyət gündə televizorda xalqı aldatmaqla məşğuldur. İş yeri fabrik açılması barədə danışırlar. Bu addımları nəinki Qazaxda, Qazax Gəncə arasındakı ərazidə görmürəm", deyir Fəzail bəy.

Onun sözlərinə görə, bu ərazilərdə müəyyən fabriklər tikilsə də, əksəriyyəti fəaliyyətsizdir.

"Qazaxda konserv zavodu var. Dedilər 800 nəfər işləyəcək. Amma heç 20 nəfər işləmir. Özü də ildə 2-3 ay işləyir", deyir müsahibim.

O, "əhalinin dolanışığı sıfırdır" deyir. Sonra isə təqaüdə çıxma yaşının artırılmasına münasibət bildirir.

"İnsanın üzünə baxan kimi bilinir ki, bu heç 60 il yaşamayacaq. Üzlərində yaşam yox, ölüm xətləri var".

Deyir ki, son illər artıq ölüm yaşı da azalıb. Qəbiristanlığı misal gətirərək "ora əhalinin dolanşığının səviyyəsini üzə çıxaran ən yaxşı yerdir" deyir.

"Gedin-görün nə qədər erkən yaşda ölənlər var. 80 yaşında ölənlər sovet dövründə yaşayanlardır. İndi 50-60 yaşında ölür insanlar", o deyir.

7 kəndi işğal altında olan Qazax

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qazaxın məcburi köçkünləri necə yaşayır?

Qazax rayonunun mərkəzi ilə Bakı şəhəri arasında olan məsafə 470 km-dir. Qazax həm Ermənistan, həm də Gürcüstanla sərhəddir.

Bu rayonun 7 kəndi Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal olunub.

Rayon icra Hakimiyyətinin rəsmi saytı yazır ki, hazırda rayonun 13 sərhəd kəndindən 5-i atəş altındadır.

Rayonda 2005 məcburi köçkün, 178 qaçqın ailə məskunlaşıb.

Rayonun Bağanis Ayrım, Xeyrımlı, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızıl Hacılı, Yuxarı Əskipara kəndləri işğal olunub.

İcra Hakimiyyəti deyir ki, hazırda məcburi köçkünlər müvəqqəti olaraq ictimai binalarda, təhsil müəssisələrində və uşaq bağçalarında, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, Dövlətqaçqınkomun xətti ilə tikilən evlərdə, kəndlərdə və digər obyektlərdə məskunlaşıblar.

Qazaxbəyli kəndində dövlət hesabına tikilmiş evlərə köçürülmüş Yuxarı Əskipara sakini, təqaüddə olan müəllim Nüsrəddin Hacıyev burdakı şəraitindən razıdır.

"Avtobus işləyir. Dolanışığımız yaxşıdır," deyir müsahibim. Sonra isə işsizliyin varlığını qeyd edir.

Amma o, bu vəziyyətdən də narazı deyil.

"İş hər yerdə problemdir. Ən inkişaf etmiş dövlət Amerikadır, orda da var", o deyir .

Xeyrımlı kəndi sakini Zirəddin Yusibov də işsizliyin çətilik olmasından danışır. Amma o, yeni iş yerlərinin açıldığını da deyir.

"İcra hakimi söz verib ki, işlə təmin ediləcək", o deyir.

İşləməyə meylsizlik?

Qazaxın ən böyük kəndlərindən biri sayılan Daş Salahlı kənd sakinləri isə dolanşıqlarını ortabab kimi dəyərləndirirlər.

Kənddə daş karxanası var. Amma insanların əsas məşğuliyyəti kənd təsərrüfatı, əsasən də maldarlıqdır.

Kənd sakini deyir ki, burada gənclərin əksəriyyəti bənnalıq, ustalıq kimi peşələr öyrənir.

"Cavan uşaqlar ustadı. Türkiyəyə gedirlər, daş düzürlər, ev tikirlər. Çətinlik çəkənlər də var, amma bu kəndin vəziyyəti yaxşıdır", o deyir.

Digər sakin də bu fikirlə razıdır. Onun sözlərinə görə Daş Salahlıya 30-40 kilometr uzaq olan kəndlərdən insanlar daş karielində işləmək üçün gəlirlər.

"Ac qalırlar ki, gəlirlər", o deyir.

Sakinlərdən biri deyir ki, rayon əhalisinin qonşu Şəmkir və Tovuza nisbətən torpaqla işləməyə həvəsi yoxdur. O, zarafatyana insanların tənbəlləşdiyini və həyatyanı sahələrdə belə tərəvəz əkmədiklərini, məhsulları pulla aldıqlarını deyir.

"Həyət var, amma arvadlar hamısı göy satanın nömrəsini alıblar ki, göyərti gətirsin. Gürcüstan kəndlərindən gəlin gətirirlər. Onlar işə öyrəşiblər, gəlib görürlər ki, bu cammat işləyən deyil, onlar da işləmir", o gülərək əlavə edir.

Sakinin sözlərinə görə, kənddə payız aylarında suvarma problemi yaranır. Ancaq o, bu problemin əsas olmadığı fikrindədir.

"Su da olsa cammat əkinə meyilli deyil. Parnik işini sevmirlər, amma pul ordadı", deyir sakin. O əlavə edir ki, kənddə heyvandarlıq inkişaf edib.

Ərzaq məhsullarının qiymətinin artmasını ailəsinin dolanışığına təsir etdiyini deyən müsahibim müəllim olduğunu deyir.

"Gəlirim sabitdir, 300 manat maaş alıram. Əvvəl ətin 2 kilosunu alırdım 12 manata, indi alıram 20 manata. Çətinləşib vəziyyət", o deyir.

İcra hakimiyyəti nə deyir?

Qazax Rayon icra Hakimiyyətinin rəsmi saytında yazılanlara görə, bura kənd təsərrüfatı rayonudur və rayon iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülk və meyvəçilik əsas yer tutur.

Bildirilir ki, rayon ərazisinin 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır və bunun 21180 hektarını əkin sahələri təşkil edir.

İcra Hakimiyyətinə görə, 2003-2015-ci illərdə rayonda 290 müəssisə yaradılıb, 10130-u daimi olmaqla 12498 yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonda 2015-ci ildə 337 nəfər işsiz statusu alıb. 2014-cü ildə bu rəqəm 449, 2013-cü ildə isə 729 olub.

Sakinlər nə deyir?

Şəhər sakinlərindən biri söhbət zamanı mərkəzdə baş verən abadlıq işlərindən danışır və bunu yeni yerli icra hakiminin gəlməsilə əlaqələndirir.

Onun sözlərinə görə, bu abadlıq işlərinin başlaması bir çox insan üçün iş yeri deməkdir.

O, həm də yerli camaatın əkinçiliyə meylinin olmamasından da danışır və deyir ki, "burada insanlar övladlarının təhsil almasına daha çox önəm verir".

Uzun müddətdir iş axtaran bir gənc isə deyir ki, axtarışları nəticəsizdir.

O, bu rayonda təhsilli olmağın da yarasız olduğu qənaətindədir.

"İşə düzəlmək üçün oxuyandan da pul istəyirlər, oxumayandan da", o deyir.

Necə yaşayırsınız sualına isə başqa bir sakin belə cavab verir:

"Bu gün bir buxanka çörək ala bilirsənsə, Allaha şükür edirsən. Çörəyə zəlilik".

Onun yanında olan digər sakin çətin dolanşığın fərqində olsa da, "pensiya alıram, ona da şükür" deyir.

Ərzaq dalınca Gürcüstana

Qazax səfərimiz zamanı burada keçirilən kənd təsərrüfatı yarmarkasına baş çəkirik.

Sakinlər buradakı qiymətlərin bazardan fərqləndiyini deyir. Məsələn ətin kilosunun qiymətində 1, 1,50 manat fərq far.

Ərzaqların baha olması Gürcüstanla sərhəd olan bu rayonun əhalisinin bir hissəsini qonşu ölkəyə bazarlıq üçün getməyə vadar edir.

Bir neçə gənc kişi ilə söhbət zamanı onlar deyir ki, "Qazaxda insanlar "krastnıy mostla" dolanırlar".

"Krastnıy Most" , yəni Sınıq və ya Qırmızı körpü memarlıq abidəsidir. O, Azərbaycan və Gürcüstan sərhədində yerləşir və bu sərhəddəki keçid məntəqəsinə həm də Qırmızı körpü deyirlər.

Həmçinin bax: Quba sakinləri bahalığın öhdəsindən necə gəlir?

Gənclər deyir ki, Gürcüstandan siqaret və ya digər istehlak məhsulları gətirib sataraq qazanc əldə edirlər. Onlar bunun səbəbini rayonda iş imkanlarının olmamasilə əlaqələndirirlər.

"İş imkanları yoxdur, ya taksi sürməlisən, ya bekarçılıq", deyir müsahiblərim.

Deyirlər ki, siqaretin bir blokunun qiymətində iki ölkə arasındakı fərq 2-3 manatdır.

"Bununla dolanşıq təmin etmək olmur, ancaq benzin, siqaret pulumuzu çıxarırıq", gənclərdən biri gülərək deyir.

Onlar keçid məntəqəsində gömrük işçiləri tərəfindən limitlər təyin edildiyini deyirlər.

"Ayda bir dəfə 3 blok siqaret, 3 litr araq palojnadı. Əlavə gətirsən atırlar anbara. 150 kilo palojna var, buraxmırlar. 10 kilodan çox gətirsən rüsum yazırlar", onlar deyir.

Gənclər evləri üçün də ərzaq bazarlığına Gürcüstana getməyi üstün tuturlar. Ancaq qoyulan limitlərə görə, bunu da etməyin çətin olmasından şikayət edirlər.

"Məhsulu əlimizdən alırlar," onlar deyir.

Bu haldan narazı olsalar da onlar heç bir dövlət qurumuna şikayət etmədiklərini deyirlər.

"Kimə şikayət edək?! Hökumətdən hökumətə?! Şikayət etsən tutub apartacaqlar", onlar deyir.

Dövlət Gömrük Komitəsinin sözçüsü BBC Azərbaycancaya deyir ki, bu hallar Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabrda təsdiqlədiyi "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları" ilə tənzimlənir.

Bu qaydalara görə, 18 yaşına çatmış hər bir fiziki şəxs şəxsi istifadə üçün ayda bir dəfə 3 litr alkoqollu içki və 600 ədəd siqaret gətirə bilər.

Ayda bir dəfə ölkəyə nərə cinsli balıq istisna olmaqla 10 kiloqrama qədər ərzaq məhsulları gətirməyə icazə verilir.

Sakinlər şəxsi istifadə və istehlak məqsədilə eyni məhsuldan 2 ədəd gətirə bilərlər.

Hər bir qaydanın pozulması, yəni daha artıq məhsulun gətirlməsi təqdirdə şəxslər müəyyən rüsum ödəməlidirlər.

Bu barədə daha geniş