Sofar Baku: gənclərin yeni məkanı

Sofar (Songs from a Room/Otaqdan mahnılar) yeni və istedadlı musiqiçilərin və musiqi qruplarının konsertini keçirən qlobal musiqi hərəkatıdır.

Gülər Abbasovanın BBC Azərbaycanca üçün foto reportajı.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Dinləyiciləri təsadüfi seçilən Sofar tədbirləri ofislərdə, evlərin qonaq otağı və ya çardaqlarında təşkil olunur.

Ənənəvi konsertlərdən fərqli olaraq bu konsertlərdə çıxış edəcək musiqiçi və məkanın adı yalnız bir gün öncə dinləyicilərə açıqlanır.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Musiqi hərəkatı 2009-cu ildə Londonda bir neçə gəncin təşəbbüsü ilə yaranıb. Hərəkatın məqsədi yeni fəaliyyətə başlayan istedadlı musiqiçilərə dəstək olmaq, onları tanıtmaqdır.

Sofar hazırda dünyanın 60-dan çox ölkəsində, müxtəlif şəhərlərdə mövcuddur. 2016-cı ilin iyun ayından isə rəsmi icazə ilə Bakıda fəaliyyət göstərir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

"Sofarla çoxdan tanış idim. Azərbaycanda da musiqiyə dəstək üçün belə hərəkat olmasını istəyirdim.

Müxtəlif ölkələrdəki lokal Sofar rəhbərlərinə məktub yazıb, marağımı bildirdim.

Nəhayət danışıqlardan bir neçə ay sonra isə Bakıda keçirilməsinə icazə verildi", - "Sofar"ın Bakı üzrə rəhbəri, 20 yaşlı Rəşad Nəzərli artıq üçüncü konserti gerçəkləşdirib.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Sofar qaydalarına görə ayda minimum bir konsert proqramı təşkil olunmalıdır.

Konsertlərin video çəkilişi YouTube kanalında yayımlanır və beləliklə musiqiçilərə tanınmaq, məşhurlaşmaq imkanı yaradılır.

Sofarın tanınmış simalarından Türkiyənin "No Land" qrupunu misal çəkmək olar.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Sofar qeyri-kommersiya hərəkatı olduğundan qazanılan gəlir tədbirlərin təşkilinə sərf olunur.

Tamaşaçılar ya onlayn, yaxud da tədbir zamanı ianə edirlər. London, Chicago kimi şəhərlərdə isə böyük şirkətlər bu hərəkata dəstək olduğundan onların ianəyə ehtiyacı olmur.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Qafqazda Bakıdan sonra ikinci Sofar hərəkatı Tbilisidə başlasa da Rəşad Nəzərli qonşu ölkədə bu hərəkatın daha çox dəstəkləndiyini deyir.

"Bizdə bir konsertdə 2-3 musiqiçi olursa, onlarda 5 musiqiçinin çıxış etmək imkanı var. Maraq və diqqət çoxdur.

Türkiyədə isə musiqiyə dəstək üçün böyük şirkətlər də hərəkata qoşulur. İstərdik Bakıda da bizə hansısa tanınmış şirkətlər, simalar dəstək olsunlar. Mediada bizə diqqətin ayrılması önəmlidir"- Rəşad deyir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Sofar musiqi gecələri üçün məkanlar ev şəraiti tərzində dizayn edilir. Hər tədbir fərqli məkanlarda keçirilir.

Musiqiçilərə dəstək olmaq üçün pulsuz məkan təklif edənlər də tapılır.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Dinləyicilərin hamısı eyni hüquqa malikdir.

Xüsusi dəvət olunmuş tanınmış simalar da eyni şəkildə digər dinləyicilər kimi konsertdən zövq ala bilərlər.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Tamaşaçılar özləri ilə birgə yeyəcək və içəcəklər gətirməkdə sərbəstdirlər. Burda antrakt zamanı hər kəs özünə xidmət edir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Antraktdan sonra hər kəs istədiyi yerdə, döşəmə ya oturacaqlarda öz yerini tutur, səssiz-səmirsiz gecənin musiqi proqramını izləyir.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Hər ay dünyanın müxtəlif şəhərlərində 400-dən çox Sofar musiqi gecələri təşkil olunur.

Bütün musiqiçilərə eyni şəkildə dəstək olmaq üçün ifaçıların adı gizli saxlanır.

Sofar tamaşaçıları yalnız dəvət aldıqdan sonra gecənin musiqili qonaqları haqda məlumatlanırlar.

Fotonun müəllifi GÜLƏR ABBASOVA

Bu barədə daha geniş