Azərbaycan diaspora təşkilatının məhkəməyə verilməsi narahatlıq doğurub

BAK Fotonun müəllifi Azərtac

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, qurumun ləğv edilməsi üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ali Məhkəməyə müraciət edilməsindən narahatlıq ifadə edib.

İlqar Hacıyev BBC Azərbaycancaya müsahibəsində deyib ki, qurumun ləğv edilməsi üçün heç bir əsas yoxdur.

"16 ildir fəaliyyət göstəririk. Bizə aid olmayan məsələ toxunmamaq şərtilə ancaq sosial proqramlarda olmuşuq, mədəniyyətimizi təqdim etmişik. Rusiyanın indiki durumunu dəstəkləyən təşkilatıq. Bizə qarşı həm Azərbaycanda, həm Rusiyada müsbət rəy var", deyib İlqar Hacıyev.

Onun sözlərinə görə, Konqres hər 5 ildən bir qurultay keçirməlidir və belə bir qurultay ötən ilin dekabrında baş tutub və burada Konqresin 70-dən çox regional bölməsindən 64-ü iştirak edib.

Ədliyyə Nazirliyinin tərkibindəki ictimai təkilatlarla işləyən şöbə qurumdan yeni qanun çərçivəsində nizamnamədə dəyişiklik tələb edib.

İlqar Hacıyev deyir ki, bu dəyişiklər qurultay zamanı qəbul edilib və sənədlər nazirliyə təqdim edilib və hazırda onların cavabını gözləyirlər.

Amma Konqres sözçüsü bildirir ki, onlardan bu sənədlərlə bağlı düzəliş edilməsi istənib və onlar yeni sənədləri bu il martın 23-də yenidən Nazirliyə təqdim edib.

"Fəaliyyətimizdə heç vaxt qanun pozuntusuna yol verməmişik. Bəlkə də hesabatımızdan narazıdırlar, amma o bu cür münasibətə əsas vermir".

Qurum sözçüsü onlara 3 dəfə xəbərdarlıq edildiyini də deyir. Xəbərdarlıqların əsası olmadığını vurğulayan cənab Hacıyev təşkilatın bağlanma təhlükəsi ilə üz-üzə qalmasından narahat olduqlarını deyir.

"70-dən çox region bölməmiz var. Qurultaydan əvvəl yerli iclaslar keçirilir, deleqasiya seçilib qurultaya göndərilir. Sual yaranıb ki, filan yerdə iclas keçib, forum olmayıb. Regionlara sorğu ediblər. Kimlərisə tapıb ərizə yazdırıblar ki, iştirak etməmişəm", deyən cənab Hacıyev iclasların baş tutduğuna əmin olduqlarını deyib.

"Bizim təşkilata bu cür münasibət narahat edir," o deyir.

Bundan əvvəl Azərbaycan Rus icması Konqresinin bağlanması ilə əlaqədar etiraz bildirib və bunu "siyasi təxribat" adlandırıb.

"... bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, rus və Azərbaycan xalqları arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinə nifaq salmaq istəyən müəyyən qüvvələr dayanır", onlar bildirib.

İlqar Hacıyev məsələnin siyasi olub -olmamasilə bağlı məhkəmə qərarı olmadan qəti bir fikir söyləməyəcəyini qeyd edib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır.

Rusiya Ali Məhkəməsinin Konqres barədə qərarı yaxın həftələrdə verəcəyi gözlənilir.

Bu barədə daha geniş