Azərbaycan EİTİ-a bənzər komissiya yaradıb

İlham Əliyev Fotonun müəllifi Getty Images

Prezident İlham Əliyev Hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması barədə göstəriş verib.

Bu ilin mart ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (The Extractive Industries Transparency Initiative - EITI) Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycan "islah tədbirlərini tam yerinə yetirməmiş kimi" qiymətləndirilib.

Bundan sonra Azərbaycan qurumdan çıxması barədə bəyanat verib.

Bəzi təhlilçilərə görə, yeni komissiya Azərbaycanın EİTİ-dən çıxdıqdan sonra "yaranan boşluğu doldurmaq cəhdidir".

Müsbət, yoxsa formal addım?

İqtisadçı Natiq Cəfərli Azərbaycanın EİTİ-də üzvlüyünün dayandırılmasından sonra təşkilata bənzər komissiyanın yaradılmasını "vəziyyətdən çıxış yolu" kimi dəyərləndirir.

Onun sözlərinə görə, EİTİ ilə Azərbaycan arasında ciddi münasibətlər olub və bu münasibətin üstündən xətt çəkmək "nə Azərbaycan, nə də beynəlxlaq qurumlara sərf etmir".

Cənab Cəfərli deyir ki, əgər bu qərarın verilməsində məqsəd vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şəraitin yaradılmasını xaricdən gələn təklif və ya tələblə deyil, daxildə yaranmış proses nəticəsində həll etməkdirsə, onda addım müsbətdir.

"Yox əgər gözdən pərdə asmaq və xariclə kəsilən əlaqələrin gələcəkdə bərpa olunması üçün formal addımdırsa, bunun nə vətəndaş cəmiyyətinə, nə də hökumətə heç bir xeyri olmayacaq. Formal quruma çevriləcək", iqtisadçı deyir.

"Təki daxili problemlərin daxildə həll edilməsi üçün önəmli rol oynasın", o əlavə edir.

Natiq Cəfərli onu da deyir ki, nəticənin necə olması niyyətdən asılıdır.

"Formadan çox məzmun önəmlidir. Forma dünən elan olundu, məzmunu necə olacaq komissiyanın fəaliyyətində görəcəyik", o bildirir.

Əsas məsələ "güclü iqtisadiyyatdır"

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyir ki, Azərbaycan EİTİ-ni tərk etdikdən sonra "bir boşluq yaranıb".

Onun sözlərinə görə EİTİ- kimi təşkilata üzvlüyün məqsədi şirkətlərin gəlirlərində şəffaflığı təmin etmək və etimadsızlıq olmaması üçün cəmiyyətlə və hökumət arasında körpü yaratmaq olub.

"Ora ona görə daxil olmuşduq ki, geri qalmış ölkələrdəki kimi vətəndaşlar dövləti pulu oğurlmaqda ittiham etməsinlər. EİTİ də məhz buna görə yaranmışdı. Şirkətlərə deyirdi hökumətə verdiyini, hökumətə deyirdi ki şirkətdən aldığını açıqla", o bildirir.

Cənab Şaban EİTİ-nin tərkibində qalaraq birgə addımlamağın yaxşı olacağını deyir.

"Geridə qalmış hökumətlərdə hakimiyyət güclü, cəmiyyət zəif olur. Cəmiyyəti gücləndirmək üçün vətəndaş cəmiyyətindən istifadə edilir ki, hökumət özünü "burda mənəm Bağdadda kor xəlifə" tipli aparmasın", o deyir.

Amma bununla yanaşı təhlilçi EİTİ üzv olmağın əsas məsələ olmadığını, "əsas məsələ iqtisadiyyatı necə idarə etməkdən aslıdır" deyir.

"Bir ölkənin ki, bir şirkətinin London və ya İstanbul birjasında səhmləri yoxdur… Əsas o yola çatmaqdır".

İlham Şaban EİTİ-yə qayıdıb-qayıtmamağın "prinsipial əhəmiyyətinin olmamasından da danışır".

"Əsas məsələ hökumətin iqtisadiyyata olan münasibətidir. Bu fərmanla hökumət öz qaydasını oynayır, cəmiyyət də öz qaydasilə oynamalıdır".

O, fərmanı müsbət adlandırır, lakin nəticəsinin necə olacağını deməyin çətin olduğunu deyir.

"Bunu demək üçün zaman lazımdır", o qeyd edir.

Fərman nə deyir?

Ölkə prezidentinin imzaladığı fərmanın məqsədi hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulamaq, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi olaraq göstərilir.

Fərman hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə "Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasını nəzərdə tutur.

Bu komissiyaya Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov sədrlik edəcək.

Komissiyanın üzvləri energetika nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovdur.

Komissiyaya tapşırılıb ki, Azərbaycanda hasilat sənayesi ilə bağlı beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət edilsin.

Həmçinin, Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirsin.

Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər versin və s.

EİTİ və Azərbaycan

Bu ilin martında Azərbaycanın EİTİ-də fəaliyyəti müvəqqəti olaraq dondurulub.

EİTİ-nin Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycan "islah tədbirlərini tam yerinə yetirməmiş kimi" qiymətləndirilib.

Ötən il oktyabrında təşkilat Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi.

2015-ci ilin aprelində EİTİ-ın 14 illik üzvü olan Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

EİTİ-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan qurumdan çıxdığı barədə bəyanat verib.

Bu barədə daha geniş