Bakı-Gəncə "Ekspress" qatarı niyə ləğv edilib?

Qatar Fotonun müəllifi ady.az

Cümə günündən etibarən Bakıdan Gəncəyə daha "Ekspress" qatarı hərəkət etməyəcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti BBC Azərbaycancaya deyib ki, 1999-cu ildə yaranmış bu marşrut artıq iqtisadi cəhətdən səmərəli sayılmır.

Bakı-Gəncə-Bakı "Ekspress" qatarı tək günlərdə Bakıdan, cüt günlərdə Gəncədən yola düşüb.

Qatarın yoladüşmə vaxtı səhər saat 09 olub. Son məntəqəyə isə saat 15:55-də çatıb. Qatara biletin qiyməti 6 AZN olub.

Gəncə sakinləri vaxtın və yolun çox uzun çəkməsini səbəb gətirərək bu qatar xəttindən çox istifadə etmədiklərini deyirlər.

İqtisadçılar deyirlər ki, rentabelliyi olmayan bir xəttin bağlanılması yaxşı addımdır. Bununla yanaşı onlar sərnişin azlığının səbəblərini də sorğulayırlar.

"8 saat qatarla getməkdənsə.."

Gəncə sakini İlqar Adgözəlov deyir ki, bu qatar xəttindən cəmi bir dəfə istifadə edib. Bunun səbəbini isə o belə izah edir:

"Gəncə və Bakı arasında çox gedib-gəlirəm. Bakı -Ağstafa, ya da Bakı-Tbilisi qatarından istifadəyə üstünlük verirəm. Onlar daha rahatdır. Bakı Gəncə qatarının yola düşmə vaxtı uyğun deyil, sərf etmir".

Cənab Adgözəlovun sözlərinə görə, adı çəkilən qatar xətti insanların istirahəti üçün rahatdır və qiyməti də digərlərinə nisbətən ucuzdur.

Ancaq qatarın gündüz vaxtı yola düşməsi və 7 saata yaxın yol gəlməsi "iş üçün tələsən adamlar üçün əlverişli deyil", o deyir.

"Ondansa avtobusla gedərəm. Daha az vaxtın gedər yola", o qeyd edir.

O deyir ki, Bakı- Ağstafa və Bakı-Tbilisi qatarları ilə Gəncəyə getmək üçün 11 manat pul ödəyir. Lakin qatarlar gecə saatlarında yola düşdüyü üçün bu ona "sərf edir".

"Qatardan istifadə edən yoxdursa, bağlanmağı normaldı. Düzdür avtobusdan təhlükəsizdir, amma bir gününü yolda keçirirsən", o deyir.

Gəncə Sakini Baba Nəbili isə heç vaxt bu qatardan istifadə etməyib. O deyir ki, səbəb qatarın səhər saatlarında yola düşməsidir.

"Bütün günün qatarda ölür", deyən müsahibimiz qatarda oturaraq getməyin də çətin olduğunu qeyd edir.

"8 saat qatarla getməkdənsə, avtobusla 4-5 saata çatmaq daha yaxşıdır", o əlavə edir.

"Avtomobil daha əlverişlidir"

2015-ci ildə AZAL da Bakı-Zaqatala-Bakı və Bakı-Lənkəran-Bakı aviareyslərini dayandırıb. Bəs daxili nəqliyyat xətlərinin bağlanmasının səbəbi nədir?

İqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycan kimi kiçik əraziyə malik olan ölkələrdə sərnişindaşıma üçün alternativ nəqliyyat vasitələrinin qurulması o qədər də effektli olmur.

Çünki insanların avtomobil ilə təminatı imkan verir ki, uzaq məsafələri məhz avtomobil ilə qət etsinlər.

Onun sözlərinə görə, bölgələrə təyyarə ilə getmək "bəzən avtomobil ilə getməkdən daha çox vaxt aparır".

"Məsələn Bakıdan Gəncəyə avtomobillə 4 saata getmək olar. Amma Bakıdan Gəncəyə uçuş üçün bir neçə saat əvvəlcədən hava limanına getmək lazımdır. Evdən hava limanına olan məsəfəni və Gəncədə hava limanından qayıtmaq üçün qət edilən məsafəni də nəzərə almaq lazımdır", o deyir.

Cənab İbadoğlunun sözlərinə görə, bu həm vaxt, həm də qiymət cəhətdən özünü doğruldan sərnişindaşıma deyil.

O, eyni sözlərin qatarlara da aid olduğunu bildirir. Çünki Bakı-Gəncə-Bakı qatarının yolu ilə Bakı-Tbilisi, Bakı -Ağstafa qatarları gedir.

"Bütövlükdə nəqliyyat sisteminin rentabelliyini təmin etmək üçün belə bir qərarın verilməsi iqtisadi cəhəddən məqsədəuyğundur. Özünü doğrultmayan reyslər sıradan çıxmalıdır", iqtisadçı qeyd edir.

Bundan başqa cənab İbadoğlu onu da qeyd edir ki, ötən ilin sonlarından enerji tariflərinin qiymətinin qaldırılması da bu xəttin bağlanmasına səbəb ola bilər.

Onun sözlərinə görə, Bakı-Gəncə istiqamətində qatarlar əsasən elektrovozlardan ibarətdir və onların enerji tutumu kifayət qədər yüksəkdir. Bu da xərclərin artmasına gətirib çıxarır.

Sərnişinlərin sayı niyə azdır?

İqtisadçı Natiq Cəfərli deyir ki, belə marşrut xəttləri yaradılmadan öncə ölkənin paytaxtı ilə bölgələr arasındakı iqtisadi və sosial münasibətlərin hansı səviyyədə olduğu haqqında ciddi bir araşdırma aparılmalı idi.

Onun sözlərinə görə, belə qərarlar ilk olaraq görüntü xarakterli olur və uyğulamada problemlər yaşandıqca əvvəl verilən qərarlar ləğv edilir.

"Çox pis haldır ki, ölkənin iki böyük şəhəri arasında ciddi iqtisadi-sosial münasibətlər yoxdur və qatarlarda gedib gələnlərin sayı azdır", deyən iqtisadçı bunun səbəbinin dövlət orqanları tərəfindən araşdırılmasını istəyir.

"Əsas güc Bakı və Abşeronda toplanıb. Ölkə büdcəsinin 95 faizə yaxınını buralar verirsə və ümumi daxili məhsulun formalaşmasında regionların payı 3 faizdirsə, deməli regionalar arası münasibətlər natamam və natarazdır", o deyir.

İqtisadçının sözlərinə görə, bu səbəbə görə bu daxili marşrutların rentabelliyi yoxdur.

Niyə ləğv edilib?

Aprelin 7-də Bakıdan olan, 8-də isə Gəncədən olan "Ekspress" qatarı ləğv edilib.

Bildirilir ki, qatar xəttinin ləğv edilməsi, həmçinin, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı "Ekspress" qatarının hərəkət cədvəlindən çıxma halları baş verməsi ilə əlaqəlidir.

Bu zaman qatarın mənzil başına çatmasında gecikmələr yaranır, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Sevinc Qədirova deyib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi xanım Qədirova gecikmələr yarandığına görə həm də qatar xəttində sərnişin sıxlığının çox aşağı olduğunu bildirir.

Bu barədə daha geniş