Peterburqda partlayış, "kimyəvi hücum", 111 yaşlı Molla... həftə 5 fotoda

Həftə 5 fotoda - keçdiyimiz həftə baş vermiş mühüm hadisələr fotoların diliylə.

Fotonun müəllifi AFP
Image caption ABŞ Hərbi Donanması raketlərin buraxıldığı anın fotolarını paylaşıb

1. ABŞ Suriyada üsyançıların olduğu ərazilərə şübhəli kimyəvi silah hücumundan sonra hökümətin hərbi hava bazasına raket hücumları həyata keçirib.

Suriya vaxtilə saat 04:40-da Aralıq dənizinin şərqindən 59 ədəd Tomahawk qanadlı raket atılıb, Pentaqon bildirib.

Fotonun müəllifi Getty Images

2. Suriyada üsyançıların nəzarət etdiyi şəhərə "kimyəvi hücum" dünyada qəzəbə səbəb olub.

Üsyançılara görə, dinc sakinlərə qarşı kimyəvi hücumu prezident Əsədin hava qüvvələri təşkil edib. ABŞ prezidenti Donald Trump da hücuma görə prezident Əsədi tənqid edib.

Rusiya isə kimyəvi qazların üsyançıların əlində olduğunu bildirib.

Fotonun müəllifi AFP/GETTY IMAGES

3. Rusiyanın Sankt-Peterburq şəhərində iki metro stansiyası arasında baş vermiş partlayışda 11 nəfər ölüb, azı 51 nəfərin xəsarət aldığı bildirilir.

Partlayış nəticəsində bir azərbaycanlı da həlak olub, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan BBC Azərbaycancaya bildirilib.

Fotonun müəllifi Getty Images

4. Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, Ermənistanın yeni Milli Məclisində dörd siyasi qüvvə təmsil olunacaq.

Seçkilərdə hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) səslərin 49,15 faizini toplayaraq birinci olub.

5. Molla Nəsrəddin jurnalının dərcindən 111 il keçir. 1906-cı ildə yaranmış və Rusiya imperiyasının müsəlman əhalisi arasında yayılan satirik Molla Nəsrəddin jurnalı mollaları lağa qoyur, siyasi elitanı tənqid edir və qərbləşməni təbliğ edirdi.

Jurnalın ilk buraxılışının üz qabığında "Şərqin yatan millətlərini" oyatmağa gəlmiş Molla Nəsrəddin təsvir olunur.