Ərəb ölkələrindən Azərbaycana gələnlərin hekayətləri

Son illər ərəb ölkələrindən Azərbaycanı seçənlər də az deyil. Fotonun müəllifi Gülər Abbas

Son illər ərəb ölkələrindən turist kimi gələnlərlə yanaşı təhsil almaq, yaşamaq və işləmək üçün Azərbaycanı seçənlər də az deyil. Gülər Abbasova Azərbaycan xeyrinə seçim edənlərlə görüşüb.

Statistikaya görə 2015-2016-cı illərdə Azərbaycana təhsil almaq məqsədi ilə gələn ərəb ölkələrinin vətəndaşların sayı daha çoxdur.

2015-ci ilin göstəricilərinə görə onlardan 264, 2016-cı ildə 589 nəfəri təhsil üçün müraciət edib. Ərəb ölkələri arasında ən çox İraq, Suriya, Fələstinli ərəblər təhsilə maraqlı olublar. İşləmək üçün gələn miqrantların sayında Misir, Livan və İraq öndədir.

Beləki, 2015-ci ildə ümumi olaraq 138, 2016-cı ildə isə 115 nəfər miqrant qeydə alınıb.

Daimi yaşamaq üçün müraciət edənlərin sayı digər iki səbəblərlə müqayisədə isə çox azdır. 2015-ci ildə 16, 2016-cı ildə 13 nəfər ərəb Azərbaycanda yaşamağa önəm verib.

26 yaşlı Mayman Salehi İraqın Bağdad şəhərindəndir. O 2014-cü ildə Bakıya təhsilini davam etdirmək, magistr dərəcəsini almaq üçün gəlib. Mayman deyir ki çox ölkələri səyahət edib, Qafqaz isə ona xüsusi ilə maraqlıdır.

Təhsil üçün Azərbaycanı seçməsi tam təsadüfidir. O Xəzər universitetində "Kompüter elmləri və mühəndislik" ixtisası üzrə oxuyur və İraq dövləti yetərincə onun yaşayışı üçün təqaüd ayırır.

"İndi müdafiə işi üzərində çalışıram, magistraturamı bitirdikdən sonra PHD-ə müraciət etməyi düşünürəm. Hansı ölkə olacağını hələ dəqiqləşdirməmişəm. Amma istənilən halda təhsilimi bitirəndən sonra vətənimə, İraqa dönəcəm. Öz ölkəmdə işləmək üçün kifayət qədər məvacib təklif olunur", - Mayman bildirir.

Fotonun müəllifi Gülər Abbas

Müharibə şəraitinə gəlincə Salehi deyir ki, İraqda vəziyyət heç də ağır deyil. Müharibə bir-neçə şəhərdə gedirsə bu tam ölkəyə aid deyil. İraqda həyat şəraiti hətta bəzi ölkələrlə müqayisədə çox yaxşıdır.

"İnsanların İraqla bağlı təsəvvürləri real deyil. Media bizi elə təqdim edir ki, elə bil bütün ölkə müharibə içindədir. Müharibə ən çox Mosulda baş verir. Amma ölkənin digər şəhərlərində həyat davam edir və çox yaxşıdır. " -Salehi əlavə edir.

Maymanın fikrincə Azərbaycanda yaşayış xərclərinin aşağı olması bəzi ərəblərin diqqətini çəkir. Elə bu məqsədlə də bura işləməyə və yaşamağa gəlirlər. Amma əmək haqqının yüksək olmadığını görəndən sonra geri qayıdırlar.

"İraqda universitetə yeni işə qəbul olmuş pedaqoqun aylıq məvacibi 1700 dollardır və bu büdcə ilə normal dolanmaq olur. Amma Azərbaycanda bu qədər pulu qazanmaq üçün azı dörd-beş ay çalışmaq lazımdır. Biz Körfəz ölkələri daha yaxşı məvaciblə yaşayırıq. Ona görə də burada qalmağa heç bir səbəb yoxdur. Təkcə yay aylarında istirahət üçün gəlmək olar."- Salehi deyir.

Fotonun müəllifi Gülər Abbas

Mohanad Abuhaşişin 32 yaşı var. Fələstinin Qəza bölgəsindədir. Bakıya 2016-cı ildə təqaüdlə magistr təhsilini davam etmək üçün gəlib.

Hazırda Xəzər Universitetində Biznes idarəçiliyi üzrə magistr təhsili alır. Eyni zamanda Bakı İslam Oyunlarının təşkilat komitəsində çalışır.

Mohanad Azərbaycanda özünü rahat və təhlükəsiz hesab edir. Dediyinə görə, qazandığı məvacib də onu qane edir.

Təhsilini başa vurduqdan sonra Azərbaycanda iş təklifləri olsa məmnuniyyətlə bunu dəyərləndirəcəyini bildirir.

"Fələstində böyük iqtisadi böhran var. İş tapmaq olmur. Qərb ölkələrinə o qədər maraqlı deyiləm. Azərbaycanla mentalitetimiz oxşardı, özümü yad yerdə hiss etmirəm. Burada qalmaq və işləmək mənə daha uyğundur."- o əlavə edir.

Fotonun müəllifi Gülər Abbas

Mohanadın ailəsi və qohumları Qəza bölgəsində yaşayır. Mohanad deyir İsrail- Fələstin konfliktləri hər bir sahədə onların həyatına mənfi təsir göstərib.

Müharibənin mərkəzi Qəza bölgəsi olsa da Mohanadın sözlərinə görə, ölkəsinin hər yerində yaşayış səviyyəsi çox aşağıdır. Ərazi təhlükəli olduğu üçün əhali rahatlıqla səyahət edə, əylənə bilmir.

Gün ərzində şəhərə 6-7 saat elektrik enerjisi verilir ki bu da əhalini bir çox şeylərdən məhrum edir.

"Mövcud səbəblərə görə ölkəmə qayıdıb öz binesimi qura bilmirəm. Buna cəhd etmişəm, amma alınmayıb. Əlbəttə ki, müqayisədə Azərbaycanda yaşayış standartları yüksəkdi. Burada zəngin insanlar çoxdur, həm də ölkə təhlükəsizdir.."-Mohanad deyir.

Fotonun müəllifi Gülər Abbas

Nada və Qəzəl Abazid bacıları valideynləri ilə birgə 2015-ci ildə Azərbaycana sığınacaq almaq üçün köçüblər.

BMT-nin qaçqınlarla işlər üzrə ali komissarlığının maliyyə dəstəyi ilə əcnəbi miqrantlar üçün azərbaycan dili kurslarına qatılıblar.

Bir il sonra, 2016-ci ildə Bakıda yerləşən orta məktəblərin birində təhsil almağa başlayıblar. İndi Qəzəl orta məktəbin birinci, Nada isə beşinci sinfində oxuyur.

Fotonun müəllifi Gülər Abbas

Qəzəl Daranı 3 yaşında tərk etdiyi üçün şəhəri ilə bağlı heç bir şeyi xatırlamır. Amma oranı görmək istədiyini deyir.

"Mən Suriyada olanda Azərbaycanı tanımırdım. Beş yaşım vardı. Biz Dara şəhərində yaşayırdıq. Müharibəyə görə Bakıya köçdük. " - doqquz yaşlı Nada danışır.

Abazid ailəsi Suriyanı 2013-cü ildə müharibənin yaratdığı dözülməz şəraitə görə tərk edib. Bir müddət İordaniyada yaşadıqdan sonra ailə Azərbaycana gəlməyi qərara alıb. Abazidlərin bütün qohumları hələ də müharibə şəraitində Dara şəhərində yaşayır.

Fotonun müəllifi GFA

Nada qohum və dostları üçün darıxdığını, Daraya getmək istədiyini bildirir.

"İndi çoxlu dostlarım var. Əvvəllər isə mənə çətin idi,heç kimlə danışa bilmirdim. Anam və müəllimlərim kömək etdi, azərbaycan dilini öyrəndim. Artıq dərslərimi tək hazırlaya bilirəm. Balaca bacıma da kömək edirəm."- Nada əlavə edir.

Abazidlər heç bir yerdən sosial yardım almır.

Qəzəl və Nadanın anası evdar xanımdır, ailənin maddi vəziyyəti isə atalarının öhdəliyinə düşür, o şəhər restoranlarının birində aşbaz kimi çalışır. Ailənin aylıq gəliri təxminən 600-700 manat təşkil edir ki, bunun da yarıdan çox hissəsi evin kirayə haqqına xərclənir.

Bu barədə daha geniş